Medianews.az
Qurban Qurbanov və “Qarabağ”ın ayağının altını qazan
137 baxış

Qurban Qurbanov və “Qarabağ”ın ayağının altını qazan kim(lər)dir?

“Qarabağ”ın “İmişli”nin Premyer liqa çərçivəsində qarşılaşmasını izlədim. Ağdam təmsilçiləri kimi, rəqibi də ev oyunlarını öz meydançasında – İmişlidə keçirə bilmir. Çempionlar liqasına “məcburi köçkün klubu” olaraq adını yazdırmış Ağdam təmsilçilərinin stadionsuz qalmalarının səbəbi bəllidir, “İmişli” niyə bu vəziyyətlə üz-üzə qalıb, bu, ayrı söhbətdir. 

Azərbaycan futbolunun üzünü ağ edən Qurban Qurbanova və onun yetirmələrinə bu qədər zülüm vermək ideyası kimə məxsusdur, anlamaq olmur...Qubalılar “Qarabağ” klubunu böyük sevgi ilə qarşılayıblar, bu barədə müşahidələr ürək açır. Amma niyə eyni münasibəti futbola aid səlahiyyətlilərdən görmürük? Avropanın başına gələn böyük bir hadisəyə çevrilən “Qarabağ” klubunu o meydançaya dəvət etmək kimlərin ideyası olub? Məqsəd-məram nə imiş? Zədə səbəbindən uzun fasilədən sonra meydanlara qayıtmış Kadinin ayağının sınmasını, Toralın yarımcan olmasını, Medinanın çıxdaş edilməsini, Jankoviçin zədə səbəbindən xəstəxanaya yazılmasınını istəyirdilər? Özü də oyun Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilirdi. Azərbaycan büdcəsindən çox böyük vəsaitlər ayrılıb Olimpiya İdman Komplekslərinə...Əgər üzümüzü ağ edən klubumuzun oyununda da işimizə yaramayacaqdısa...

4d179d08-977a-489c-a13b-de8fcee8ada9.jpg (69 KB)

Avropa Çempionatında ən məhdud büdcə ilə div klublarla yan-yana dayanan, “Çelsi” ilə bərabərliyə nail olaraq, “Benfika” kimi nəhənglərin “kürəyi”ni yerə vuraraq 24-lükdə yer alan, “Qarabağ” elə bir tarix yazıb ki, onu belə bir meydançaya dəvət etmək ən azı ayıbdır! Biz demirik ki, “Qarabağ” klubunun ayağının altına xalça döşənsin. Amma heç olmasa normal ot örtüyü olan meydançada oynamaq imkanı yaradılsın, məsələ bu qədər bəsit! Görün Qurban Qurbanov kimi təmkinli baş məşqçini hansı həddə çatdırdılar ki, hövsələsi daşdı, “Meydança yox kimi idi. Sanki xokkey meydançası idi. Bu sürüşür, o sürüşür, ötürmə verə bilmirlər.

Belə meydançada necə futbol oynamağa icazə verirlər?”, söylədi. Adamın səbrinin həddi-hüdudu bir yerə qədər olur. Bu qədər olmaz axı. “Qarabağ” onsuz da avropalı hakimlərdən az çəkməyib, növbəti mərhələyə çıxmaması üçün hər cür əclaflığa gediblər.

Elə sonuncu halda, “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” üzərində parlaq qələbə qazandıqdan sonra Prezident İlham Əliyev klubumuzun üzləşdiyi ədalətsiz münasibətə açıq şəkildə münasibət bildirdi, “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”, bəyanatı ilə ürəyimizə su səpdi. 

4cec44a7-a09b-476a-879d-ab7c9c11e2de.jpg (23 KB)

Biz UEFA-nın Şvabeyə bənzər qərəzli hakimin ədalətsizliyinə münasibət bildirəcəyini gözlədiyimiz halda, bəs bu, nə ədalətsizlikdir öz ölkəmizdə?! “Qarabağ” – “İmişli” qarşılaşmasının ikinci hissəsində Kadiyə verilən qırmızı vərəqəni hakim nə ilə əsaslandırır, görəsən? İki rəqib oyunçunun adi mübarizəsi idi, uzağı qayda pozuntusu, cərimə zərbəsi təyin edilə bilərdi, ya da hər iki oyunçuya şifahi xəbərdarlıq. Yoxsa qırmızı vərəqə? Özü də Kadiyə qarşı zorakılıq edən, onu hücum vəziyyətində tutub saxlamaq istəyən rəqibə yox, “Qarabağ”ın oyunçusuna... 

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov, VAR: Əliyar Ağayev, AVAR: Vüqar Həsənli, hakim-inspektor: Ramil Diniyev...Doğrudanmı bizim hakimlər hamısı bu qərarı ədalətli saydı? Adam heyrətlənir. Əgər Qurban Qurbanovu da dilə gətirirlərsə, demək çox şeylər yerində deyil və “Qarabağ”a qarşı nələrsə olur... Çox böyük təəssüf doğurur belə vəziyyət. Torpaqlarımız işğalda olarkən “Qarabağ” təkcə futbol oynamayıb, həm də Azərbaycanın Qarabağ davasını aparıb.Bu kluba daim minnətdar olmalıyıq! Yoxsa...  

c0ced3c8-25f1-4e6c-ad79-2795cfd3effe.jpg (122 KB)

Düzdür, İmişli təmsilçisi 19 xalla 9-cu pillədə qərarlaşırdı və hər xala ciddi ehtiyacı var idi. Eynilə 42 xalla ikinci pillədə olan “Qarabağ” “Sabah”ı “taxt”dan salmaq üçün bu qarşılaşmaya xüsusi önəm verirdi. Amma ciddi əsas olmadan Ağdam klubunu bir nəfər azlıqda qoymaq, söz tapmaq mümkün deyil. Yoxsa bizim hakimlər də istəyir dövlət rəhbərliyi onlardan AFFA-ya tədbir görülməsi barədə ismarıcını çatdırsın?.. 

Ümumiyyətlə, olmazdımı “İmişli” ilə oyun elə klubun məşqlərə çıxdığı Bakıdakı meydançalardan birində keçirilsin? Qışın bu “oğlan” çağı Quba ideyasını kim irəli sürüb? Bəlkə də arzulayırmışlar ki, dizəcən qar yağsın, Qurban Qurbanov da Şamaxıdakı kimi, əlinə kürək alıb, meydanın qarını təmizləsin, sonra da oyunçuları “Nyukasl”la mühüm qarşılaşma qabağı “xokkey” oynasınlar?  

Qubadan Şamaxıya “gedək”. Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı” “Qarabağ”ı qarşıladı və “dumandan göz-gözü görməyən meydançada 2:1 hesablı qələbə qazandı. Deyək ki, dumandır, təbiət hadisəsidir, olan işdir. Amma ardınca Misli Premyer Liqasının 19-cu turunda “Şamaxı” yenə də “Qarabağ” ı qəbul etdi. Bu dəfə qarlı havada və Qurban hoca qar təmizləməklə nümunəvi baş məşqçi oldu. Bu dəfə “Qarabağ” son anda 2:1 hesablı qələbəsini təmin etdi. Amma diqqət edin: dumanlı meydança, qarlı meydan və Qubadakı acınacaqlı mənzərə...

da50ff11-2762-4d64-b2ef-b292194fe071.jpg (16 KB)

Qurban Qurbanov görün nə deyir: “Mən bu oyunla “Nyukasl”la matça necə hazırlaşacağam? Gəl indi 3-4 gün futbolçulara bərpa məşqi ver. İkiqat yükləndilər oyunçular. Həddindən çox müzakirə olunası mövzudur. Bütün komandalar burdan şikayət edir. Buna nə isə etmək olmaz? Oturub gözləyirik ki, futbolçular nə zaman zədədən qurtaracaqlar? Biri orada ayağın tutur yıxılır, biri burada. Futboldan başqa nə desən, var idi”. Yaxud: “Hakimlər də yəqin ondan sonra ehtiyat edirlər ki, onlara söz gəlməsin. Çox danışmaq istəmirəm bu mövzuda. Amma meydançanı nəzərə almaq lazımdır. Hakimlər federasiyaya deməlidirlər ki, burada oyun oynamaq olmaz. Belə şey olar? Hansı əsrdə yaşayırıq? 25 ildir ki, futbolumuzun inkişaf etməsindən danışırıq. Amma bu cür meydançada yox”.  

“Qarabağ”ın baş məşqçisinin dedikləri xüsusi araşdırma tələb edir. Kimdir “Qarabağ”ın, bütövlükdə Azərbaycanın əl – ayağına dolaşanlar? Azərbaycan Prezidenti “Qarabağ”ın hər qələbəsinə sevinir, pul mükafatı ayırır, şəxsən zəng edib, ürək sözlərini çatdırır, paylaşım edir, milyonlarla azərbaycanlının sevincinə Türk dünyası da qoşulub, hətta əcnəbilər də “Qarabağ” möcüzəsindən bəhs edirlər. Ən bahalı transferimiz Nəriman Axundzadənin səsi ABŞ klubundan gəlir, digər oyunçularımıza təkliflər gəlməkdədir. Bunu Qurban Qurbanov və “Qarabağ” bacardı. Amma onun uğurlarına mane olmaq? Buna nə ad vermək olar? 

Başqa bir detalı da xatırladaq: Ağdam klubunun “Neftçi” ilə qarşılaşmasının tarixini dəyişmək xahişi ilə hətta klubun prezidenti Tahir Gözəl xahiş etməli oldu, geniş ictimai müzakirəyə çıxarıldı bu mövzu. Ən nəhayət, müsbət cavab gəldi. Niyə axı? Məgər “Qarabağ” ancaq özü üçün çalışır? Axı, Azərbaycan klubudur! “Kayrat” klubunun azarkeşləri belə, uğursuz nəticələrinin qarşılığında “Qarabağ” və “Qalatasaray”la təskinlik tapırlar! Bəs bizim içimizdə niyə bu qədər qısqanclıq var? Bu klubu Avroliqanın çox mühüm qarşıdurması ərəfəsində ruhdan salmaqda məqsədiniz nədir?

“Qarabağ” klubunun oyunçularının ayaqlarını qırmağa çalışan milli rəqiblər gərək ağdamlıların “futbolka”larını əldə etmək üçün növbəyə dursunlar. Çünki Qurban Qurbanov və “Qarabağ” həm də Azərbaycandır, Azərbaycan üçün çalışırlar, qaçırlar, onları iki oyunda 4 oyunluq enerji sərf etməyə vadar etmək, “Nyukasl”a açıq dəstək verməkdir. Çox təəssüf! İnanırıq ki, “Qarabağ” bütün bu maneələri yenə də dəf edəcək, toparlanacaq və ingilis klubu ilə 18 fevral qarşıdurmasında qalib gələcək! 

Hamımız “Qarabağ”lıyıq!!!

Elşad PAŞASOY 

Bizə qoşulun