Qorxu insanın təhlükədən qoruma mexanizmasıdır və təbii hissdir. Beyin real və ya ehtimal olunan təhlükəni hiss etdikdə bizi xəbərdar edir.
Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, qorxu davamlı və nəzarətsiz olduqda insanın gündəlik həyatını məhdudlaşdırmağa başlayır.
"Qorxu hissinin daimi yaşayan insanlarda daim gərginlik və narahatlıq, yuxu pozuntuları, sürətli ürək döyüntüsü, tərləmə, qərar verməkdə çətinlik, aqressiya və ya içə qapanma, davamlı "pis bir şey olacaq" düşüncəsi müşahidə olunur.
Əgər qorxu hissi insanı qərar verməkdən çəkindirirsə, sosial münasibətləri zəiflədirsə, yuxusuzluq, əsəbilik, panik hisslər yaradırsa və özünə inamsızlıq formalaşdırırsa, bu zaman artıq psixoloji problemə çevrilmiş sayılır", - deyə ekspert bildirib.
Əbdül Səlimli deyir ki, uzun müddətli qorxu yaşayan insanlar daimi baş ağrıları, mədə-bağırsaq xəstəlikləri, ürək bulanma və.s problemlərdən əziyyət çəkillər:
"Qorxunu azaltmaq üçün onu qəbul etmək önəmlidir. Qorxudan qaçmaq onu daha da gücləndirir. "Mən qorxuram" demək zəiflik deyil, ilk addımdır.
Qorxunun səbəbini anlamaq və "Bu qorxu haradan gəldi?" sualı insanın özünü dərk etməsinə kömək edir.
Beynimiz bəzən təhlükəni olduğundan böyük göstərir. Reallıqla düşüncəni ayırmaq vacibdir".
Mütəxəssis deyir ki, qorxu ilə tədricən üzləşmək onu aradan qaldıran əsas amillərdəndir:
"Qorxduğumuz vəziyyətlə addım-addım qarşılaşmaq qorxunun təsirini azaldır. Dərin nəfəs, bədəni boşaltma məşqləri qorxu zamanı beyinə "təhlükə yoxdur" siqnalı verir.
Mütəxəssislə danışmaq qorxunun kökünü tapmağa kömək edir. Qorxunun öhtəsindən gəlmək üçün onun kökünü tapıb qəbul etməli və bu qorxunun reallığını sorğulamalıyıq sonra isə onunla üzləşməliyik.
Unutmamalıyıq ki vəzifəsindən, yaşından və cinsindən asılı olmayaraq hər kəs qorxur və qorxa bilər. Qorxu acizlik deyil mübarizə və müdafiə mexanizmidir. Qorxu hiss edən birini ötəkiləşdirmək yerinə ona dəstək olmalı və anlayış göstərməliyik".