"Qiyamət təyyarəsi" ləqəbli Rusiyanın İl-86VzPU (hava komanda məntəqəsi) təyyarəsinin yanacaq doldurma prosesini əks etdirən foto yayılıb.
Publika.az xəbər verir ki, nadir görüntü “Fighterbomber” tərəfindən paylaşılıb.
Yanacaqdoldurma təyyarəsindən çəkilmiş fotoda İl-86VzPU təsvir olunub. Müəllif qeyd edib: "İl-86, yəni "qiyamət təyyarəsinin" yanacaq doldurulmasının nadir deyil, çox nadir bir fotosu”.
İl-86VzPU ölkənin ali hərbi rəhbərliyini təxliyə etmək və eyni zamanda nüvə müharibəsi də daxil olmaqla müxtəlif münaqişələrdə Silahlı Qüvvələrə nəzarət etmək üçün nəzərdə tutulub. Təyyarə silahlı qüvvələrin bütün qolları üçün elektron idarəetmə avadanlığı ilə təchiz olunub. "Qiyamət təyyarəsi" potensial nüvə partlayışının təsirlərini azaldan gücləndirilmiş konstruksiyaya malikdir.
