"Ayntraxt" yarımmüdafiəçisi Mario Getse ilə yeni müqavilə imzalamağa çalışır.
Publika.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat verib.
Hazırda tərəflər danışıqları davam etdirir. Bunu komandanın idman direktoru Markus Kroşe təsdiqləyib.
Getsenin Ayntraxtla mövcud müqaviləsi 2026-cı ilin iyun ayında başa çatır. Yanvarın 1-dən etibarən Mario potensial azad agent kimi digər klublarla danışıqlar apara bilər.
2014-cü il Dünya Çempionatı finalında (Almaniya - Argentina 1:0) yeganə qolun müəllifi üçün mümkün seçimlərdən biri MLS-də karyerasını davam etdirməkdir.
Getse 2022-ci ildən bəri "Ayntraxt"da çıxış edir. O, Almaniya klubuna PSV-dən keçib. Cari mövsümdə oyunçu bütün turnirlərdə 18 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Ayntraxt" Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibidir. Bu komandalar 7-ci tur çərçivəsində yanvarın 21-də Bakıda üz-üzə gələcəklər.