“Arzuların böyük-kiçiyi olmur. Yetər ki, onlar bir-bir həyata keçsin. Xoşbəxtlik də onlar həyata keçdikcə ortaya çıxır. Nə qədər ki, yaşayırıq arzular və həyat həmişə olacaq. Sənətlə bağlı arzularımdan biri də konsert verməkdir. Sponsor tapsınlar, bir ayın içində konsert proqramımı hazır edərəm. Yetər ki, sponsor olsun. Mən hər zaman konsertlərimi öz vəsaitimlə etmişəm. 2016-cı ildə sonuncu konsertimi təqdim etmişəm. Ölkənin ən böyük konsert salonu olan Heydər Əliyev adına sarayda konsert vermək istəyirəm. Bu o qədər çətindir ki.. Əlbəttə ki, söhbət maddiyatdan gedir. Mənə bir balaca dəstək, kömək olan sponsor olsa, inanın ki, konsertdən sonra onun ödədiyi pulu da qaytararam. Konserti başlamaq üçün bəlli vəsaitlər lazımdır. Bu xərcləri qarşılayan bir insan olsa böyük məmnuniyyətlə solo konserti edərəm”
Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib. O daha sonra yola saldığımız ilin onun üçün çox düşərli olduğunu və nüfuzlu dövlət tədbirində iştirak etdiyini bildirib:
“Ötən il mənim sənət həyatımda çox uğurlu bir il oldu. TÜRKSOY-un təşkilatçılığı ilə Qazaxıstanın Aktau şəhərində təşkil olunan türk dövlətlərinin də iştirakı ilə baş tutan gecədə ölkəmizi təmsil etdim. Həmin tədbirə getməyimin ən başlıca səbəbi də “Əsr türkün əsiridir” adlı işlədiyim layihə oldu. Mən həmin layihə üçün bir mahnı ifa etdim və həmin mahnı da nazirlik tərəfindən TÜRKSOY-a təklif olundu. Mədəniyyət nazirliyi məni həmin tədbirə dəvət etdi. Çox böyük sevinclə ora qatıldım. Bu türkdilli dövlətlər arasında birliyin, bərabərliyin rəmzi, simqəsidir. Çox böyük şövqlə orada iştirak etdik. Mahnı və Rəqs ansamblı da həmin tədbirdə iştirak edirdilər. Əməkdar artist Ceyhun Qubadovun rəhbərliyi ilə çox möhtəşəm bir rəqs ərsəyə gətirmişdilər. Çox gözəl, yaradıcı bir tandem var idi. Onlar bizim musiqimizə, biz isə onların musiqilərinə rəqs edirdik. Mən və Ceyhun Qubadov diplomla təltif olunduq. Mən özümü çox xoşbəxt bir sənətkar sayıram ki, Azərbaycanı çox önəmli bir dövlət tədbirində layiqincə təmsil etdim. Mədəniyyət naziri cənab Adil Kərimliyə təşəkkür edirəm ki, məni bu tədbirdə görmək istəyib” deyə o bildirib.
Gülüstan Əliyeva süni intellektin insan həyatına təsirindən də danışıb:
“Bu gün hara baxırsansa süni intellekti görürsən. Hətta bəzi hallarda realla yalanı ayırd etmək çətin olur. Süni intellekt artıq həyatımızın içindədir. Biz çətin ondan yaxa qurtara bilək. Elə hisslər var ki, onu nə sosial şəbəkə, nə də süni intellekt əvəz edə bilir. Bu hisslərin də ən yüksəyi sevgidir. İnsanlara sevgi arzulayıram. Bir-birlərini süni intellekt vasitəsilə düzəldilən fotolarda yox, həyatda qucaqlasınlar. İnsanlar bir-birini sevərək yaşasınlar. Onlara birlik, sevgi və bərabərlik arzu edirəm” deyə sənətkar bildirib.
Əli Əsgər
Medianews.az



