Medianews.az
Putinin reytinqi niyə düşür? -
99 baxış

Putinin reytinqi niyə düşür? - Rusiyanın rəsmi qurumu ən aşağı göstəriciləri qeydə alıb

Rusiyada prezident Vladimir Putinə ictimai dəstək zəifləyir.

Medianews.az bildirir ki, ölkədə ictimai rəyi araşdıran ən iri dövlət sosioloji qurumlarından olan Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin bu ilin 6-12 aprel tarixlərində apardığı sorğunun nəticələrinə görə, Putinin fəaliyyətini bəyənmə səviyyəsi 66,7%-dir. Putinə etimad göstəricisi isə 72%-dir.

Bu, 2022-ci ilin fevral ayının 24-də Ukraynaya qarşı total müharibəyə başlayandan bəri ən zəif göstəricilərdir.

Bundan zəif göstəricilər yalnız müharibədən bir neçə gün qabaq qeydə alınmışdı. İctimai Rəyi Öyrənmə Mərkəzinin 2022-ci il fevralın 20-də açıqladığı nəticələrdə Putinin fəaliyyətini bəyənmə səviyyəsi 64,3%, ona etimad isə 67,2% olmuşdu.

Ekspertlər son həftələr Putinin reytinqindəki azalmanı bir neçə amillə izah edirlər. Onlardan biri teleqram platformasına qoyulan məhdudiyyətlər və mobil internetin tez-tez kəsilməsidir. Ekspertlərin fikrincə, bu, ictimai narazılığı aşkar surətdə artırıb.

Xatırladaq ki, 2026-cı ilin martında Rusiyada internetə və rəqəmsal xidmətlərə çıxış sərtləşdirilib, martın əvvəlində paytaxt Moskvanın sakinləri mobil rabitə və internet problemləri barədə kütləvi şikayətlər ediblər. Martın ortalarında teleqram kanalındakı nasazlıqlarla bağlı minlərlə müraciət qeydə alınıb.

Putinin reytinqini zəiflədən daha bir amil kimi iqtisadi problemlər göstərilir. Məlumatlara görə, sahibkarların böyük əksəriyyəti 2026-cı ilin ilk rübünü mənfi qiymətləndirib. Kiçik biznes nümayəndələrinin təxminən üçdə birinin öz fəaliyyətini dayandırmaq və ya biznesini satmaq istədiyi deyilir. Sahibkarları narahat edən problemlər arasında vergi yükünün artması əsas yer tutur. 2026-cı il yanvarın 1-dən Rusiyada əlavə dəyər vergisinin (ƏDV) baza dərəcəsi 20%-dən 22%-ə qaldırılıb ki, bu da biznes mühitinə əlavə təzyiqə çevrilib.

Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (indiki Sankt-Peterburq) şəhərində doğulub. Orta təhsilini Leninqradda alıb: səkkiz il 193 saylı məktəbdə, iki il 281 saylı kimya təmayüllü məktəbdə oxuyub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib, həmçinin Moskvada SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində və Xarici Kəşfiyyat Akademiyasında təhsil alıb.

1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb. Xidmətin beş ili (1985-1990) Almaniya Demokratik Respublikasında xarici kəşfiyyat rezidenti kimi keçib.

1990-cı ildən Putin əvvəl Leninqrad Dövlət Universiteti rektorunun beynəlxalq məsələlər üzrə köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub. 1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.

Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru (eyni zamanda Təhlükəsizlik Şurasının katibi) olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000 və 2004-cü illərdə prezident seçilib. 2008-ci ilin may ayından baş nazir olub. 2012, 2018 və 2024-сü illərdə prezident seçilib.

Putin 1983-cü ildə ailə qurub, 2013-cü ildə boşanıb. İki qız atasıdır, nəvələri var.

Medianews.az

Bizə qoşulun