Medianews.az
Putin Əliyevlə görüşəcəkmi? -
451 baxış

Putin Əliyevlə görüşəcəkmi? - Kremldən açıqlama

Rusiya prezidenti Vladimir Putin avqustun 31-dən sentyabrın 3-dək Çin Xalq Respublikasına səfər edəcək.

Musavat.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya lideri Tyantszin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində, həmçinin Pekində İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində Putin Çin prezidenti Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, İran prezidenti Məsud Pezeşkian, Serbiya lideri Aleksandar Vuçiç, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan lideri Şavkat Mirziyoyev və digər liderlərlə görüşəcək.

Rusiya və Çin liderləri geniş və məhdud tərkibdə çay süfrəsi arxasında danışıqlar aparacaqlar. Görüşlərdə ABŞ ilə münasibətlər, Ukrayna ətrafındakı vəziyyət də müzakirə olunacaq. Məhdud formatlı danışıqlarda Rusiya nümayəndə heyətindən müdafiə naziri Andrey Belousov iştirak edəcək.

Rusiya Putinin Çin səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla ikitərəfli görüş keçirmə imkanlarını da nəzərdən keçirir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, hələlik Putinin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulmayıb, lakin hər iki lider yubiley tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə keçiriləcək Pekin tədbirlərinə ABŞ prezidenti Donald Tramp dəvət olunmayıb.

Uşakov həmçinin Rusiya, Çin və Monqolustan liderlərinin Pekində üçtərəfli görüş keçirəcəyini açıqlayıb.

Qeyd olunub ki, Rusiya nümayəndə heyətinə Pekindəki danışıqlarda 3 vitse-prezident və 10-dan çox nazir daxil olacaq. Bundan əlavə, Rusiya və Çin liderlərinin görüşündə dövlət korporasiyaları və iri biznes nümayəndələri də iştirak edəcəklər.

Bizə qoşulun