Nazirlər Kabineti "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda edilən dəyişiklikləri təsdiqləyib.
Yeni qaydalarda daha tez pensiyaya çıxmaqla bağlı proseduralar sadələşib və əlçatanlıq artırılıb.
"Əmək pensiyaları" haqqında Qanunun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan şəxslərin (incəsənətin xüsusi sahələrində, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanların - azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların) 5 il daha tez pensiyaya çıxmaq imkanı var. Bu hüququn reallaşması üçün isə həmin vətəndaşlarımızın işlədiyi müəssisə üzrə işəgötürən tərəfindən arayış təqdim etməsinə ehtiyac var idi.
Ancaq bəzi hallarda, xüsusən həmin müəssisələrin fəaliyyətlərini dayandırması səbəbindən belə arayışların alınmasında çətinliklər oldu. Nəticədə, bəzi hallarda vətəndaşlarımız öz pensiya hüquqlarından daha tez istifadədə çətinliklərlə üzləşirdilər.
Yeni dəyişikliyə əsasən, qeyd edilən səbəbdən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda, şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq. Bu zaman güzəştli sahədə iş stajının hesablanması isə "Əmək və Məşğulluq" altsistemindən əmək müqavilələrinə dair çıxarışda olan qeydə əsasən aparılacaq. Bununla yanaşı, əmək kitabçasında olan qeydə və ya dövlət arxivinin arayışına əsasən də təyinat mümkün olacaq.
Yeni dəyişikliklərlə qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əməkhaqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa, vətəndaşa həmin məbləğ təyin olunacaq. Yəni bu hallarda vətəndaşın gözlənilən pensiya məbləğində artımlar olacaq.
Daha sadə izah etsək: güzəştli şərtlərlə pensiya hüququ olan vətəndaşımızın əvvəllər işlədiyi iş yeri bağlanıbsa və arayış ala bilmirsə, yeni qaydalardan sonra əmək kitabçasında qeyd və ya arxiv sənədi ilə təyinat mümkün olacaq və hansı pensiya növü üzrə məbləğ yüksək olarsa vətəndaşımızın daha çox olanı seçmək hüququna malik olacaq. Bu isə pensiya təyinatının asanlaşdırılmasına və bir sıra hallarda isə pensiya məbləğlərinin artmasına xidmət edəcək.
Vüqar Bayramov,
iqtisadçı deputat