Rusiyadakı Putin-Paşinyan görüşü Ermənistandakı revanşistləri hərəkətə gətirib. Hətta Xankəndidə ağ bayraq qaldırıb, təslim “sənədi”ni elan edəndən sonra qaçıb aradan çıxan Samvel Şahramanyan da “siçan deşiyi”ndən çıxıb və Yerablur qəbristanlığında başından böyük danışmağa çalışıb. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan isə Ermənistan və Rusiya liderlərinin geniş tərkibdə görüşündən və orada səsləndirilən bəyanatlardan danışarkən deyib ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə kifayət qədər sərt siyasi mesaj verib.
“Diplomatik dili bir kənara qoysaq, mesaj ondan ibarət idi ki, Ermənistan rəhbərliyi yanlış yoldadır və ölkəyə və onun xalqına daha böyük ziyan vurmaq riski daşıyır” – “katalizator” rolunun nimdaş ifaçılarından biri olan keçmiş XİN başçısı bildirib. Onun sözlərinə görə, iki lider arasında dünənki danışıqların məzmunu tipik rəsmi görüş çərçivəsindən kənara çıxıb. Konkret olaraq, Putin iqtisadi əlaqələrə və təhlükəsizliyə toxunub, “Dağlıq Qarabağ”ı xatırladıb, Paşinyanın Avropa İttifaqı ilə münasibətlərlə bağlı qeyri-real gözləntilərinə toxunub və qarşıdan gələn seçkilərə eyham vurub. “Rusiya lideri sadəcə olaraq ikitərəfli münasibətləri və regional məsələləri ümumiləşdirməklə kifayətlənməyib, o, Ermənistanın nəyə sahib olduğu, nəyi itirdiyi və hələ də nəyi itirə biləcəyi arasındakı ziddiyyəti aydın şəkildə ifadə edib”, - Oskanyan deyib.
![]()
Diplomatın iddiasına görə, Putinin açılış nitqi mahiyyətcə Paşinyanla bağlı “hökm” rolunu oynayır. Onun sözlərinə görə, diplomatik pərdə arxasında Putin faktiki olaraq Paşinyana yanlış yolda olduğunu və bu yolla davam etsə, erməni xalqına daha böyük ziyan vuracağını bildirib. Oskanyan həmçinin qeyd edib ki, Ermənistanın baş nazirinin yaxasındakı Ermənistanın xəritəsi - Paşinyanın seçki kampaniyasının simvolu olub.
Sitat: “Paşinyan bunu Dağlıq Qarabağ məsələsinin bağlı olduğunu vurğulamaq üçün taxır. Amma onsuz da kim sinəsinə xəritə taxır? Kimsə başqa ölkənin liderinin belə bir şey etdiyini görübmü? Bayraq, bəli, xəritə? Əksini təsəvvür edin: Putin beynəlxalq görüşlərdə Donbasın da daxil olduğu Rusiyanın xəritəsini taxıb”.
Qoca revanşistin fikrincə, bu simvol Ermənistan cəmiyyətinə “Dağlıq Qarabağ”ın məhz indiki administrasiya dövründə və buraxılmış səhvlər nəticəsində itirildiyini xatırladır.

Göründüyü kimi, vaxtilə “Qarabağ Ermənistandır. Nöqtə” deməkdə böyük yanlışlığa yol verdiyini etiraf edən Paşinyanın erməni xalqı üçün “ziyanın yarısından qayıtması” və “Real Ermənistan” qurmaq, sadəcə elan olunan ölkəsinə “kadastr sənədi” almaq üçün göstərdiyi cəhdləri revanşist tayfa hələ də süngü ilə qarşılayır. Xüsusilə də Paşinyanın yaxasına Ermənistan xəritəsini əks etdirən rozeti taxıb, regionları bir-bir gəzməsi, seçicilərə də hədiyyə etməsi müxalifəti qıcıqlandırır. Ancaq onları daha çox heyrətləndirən Paşinyanın eyni qiyafədə Putinin görüşünə yollanması oldu. Təsəvvür edin, torpaqların işğalında açıq və gizli şəkildə rolu olan ölkənin rəhbərinin qarşısında oturub nümayiş etdirirsən ki, mənə ancaq Ermənistan ərazisi lazımdır, Qarabağ Azərbaycan ərazisidir və nöqtə...
Bu vaxta qədər Rusiya rəhbərliyi dəfələrlə Qarabağı Azərbaycan ərazisi olaraq Praqada tanıdığını Paşinyanın başına qaxınc eləmişdi. Bununla dolayısı ilə həm də erməni revanşistlərə işarə verilirdi ki, “sizin düşməniniz budur, qalxın ayağa, linç eləyin, Köçəryanı qaytarın hakimiyyətə!” Bu dəfə tet-a-tet söhbətdə eyni mövzudan danışıldı və Paşinyan da Azərbaycandan ehtiyatlandığı üçün əvvəlki kimi tam açıq deməsə də, KTMT-dən niyə məsafə saxladığını Rusiya prezidentinə xatırlatdı. İstənilən halda, cəsarət nümayiş etdirdi.

Məsələn, Venesuela prezidentinin başına gətirilənlərdən sonra ortadakı presedentdən sonra Putin də Paşinyanı elə gəlmişkən, geri qayıtmağa qoymaya bilərdi, onu əbədi rusiyalı edərdi. O zaman nə keçmiş forpost Ermənistan Avropa İttifaqı və NATO-nu yuxusunda da görəndə Kremldən icazə alardı...Yəni yaxşı qurtardı, əgər görüş zamanı münasibətlərdə müşahidə olunan gərginliklər, “debat-duel”dəki atışmalar reallıqda da belədirsə...
Söhbət o ölkədən gedir ki, orada Rusiyanın 4-5 minlik hərbi bazası, qırıcıları, tankları, raketləri var. Üstəlik, Rusiyaya ölüncə itaət öhdəlyi götürmüş klanlar...
Şübhəsiz ki, Paşinyan üçün bu çərçivələri dağıtmaq, ölkəsini rus buxovluğundan xilas etmək, qarşıdakı seçkilərdə qalib gəlməkdən də çətin olacaq. Hələ şikarını gözləyən vəhşi heyvanlar kimi, marıta yatan, gözlərini qan örtmüş canilər var ölkə daxilində. Əli təkcə Xocalıda və digər torpaqlarımızda günahsız azərbaycanlıların deyil, həm də ermənilərin – 1 mart 2008-ci ildə - qanına bulaşmış Köçəryan-Sərkisyan-Ohanyan və digər qatillər Kremldən işarə gözləyirlər. Belə bir durumda seçkiyə gedir Paşinyan. Onun Rusiya səfəri həm də hesabat məzmunlu idi. Çalışdı ki, may ayında İrəvanda keçiriləcək Avropa toplantısından, iyundakı seçkilərdən öncə Rusiyadan təhlükəsizlik zəmanəti alsın. Amma daha nələrlə təhdid edilmədi...

Bir ölkənin rəhbərinin qarşısında qoyulan tələblərə, ona ünvanlı təhdidlərə baxın: Rusiyada yaşayan 2 milyon erməni Ermənistandakı seçkilərdə iştirak etsin...İrəvan Avropa İttifaqı sevdasından əl götürsün...Yoxsa qazı Avropaya satılan qiymətə almalı olacaq...Yoxsa...15 milyardlıq ticarət dövriyyəsini “qulağının dibi”ndə görər. Hələ bu, “A” planıdır. “B”-də Ermənistandakı bazadan tutmuş, digər qorxulu ssenarilərə qədər var, heç şübhəsiz...
Və...Hökumət başçısı belə seçim qarşısında qoyulan, təhdid edilən ölkənin müxalifləri sırtıqcasına çırtıq çalıb, oynayırlar. Anlamırlar ki, Paşinyan Ermənistanın xəritəsini yaxasına taxıb iki əsr ərzində onları himayə etmiş ölkəyə həm də ölkəsini xilas üçün getmişdi. Oskanyan, Şahramanyan, Köçəryan...kimi revanşistlərə, vampirlərə isə qan lazımdır, sakitlik yox. Necə ki, baş nazirliyə iddiasını irəli sürən Köçəryan yeni müharibənin anonsunu verdi. Bunlara dərs olmayıb, nə Aprel döyüşləri, nə 44 günlük müharibə, nə bir günlük antiterror əməliyyatları...Çünki şimaldan işarə verilib...Bu canilər anlamaq istəmirlər ki, tənə etdikləri Paşinyan yaxasına Ermənistanın real xəritəsini taxmaqla...həm də bütövlükdə Ermənistanın yaxasını onu “maşa” yerinə istifadə edənlərin caynaqlarından xilas etmək istəyir.