Medianews.az
Paşinyanın SONUNCU məzuniyyəti –
77 baxış

Paşinyanın SONUNCU məzuniyyəti – Gülə-gülə getdi...

Bu gündən Ermənistanda 7 iyun seçkiləri ilə bağlı təbliğat kampaniyası başlayıb. Parlamentə düşmək və baş nazirlik uğrunda 17 partiya və 2 seçki bloku mübarizə aparır. Onların arasında Rusiyaya bağlı radikal-revanşist qüvvələr də var. Lakin onlar vahid cəbhədə yox, partiya və bloklar şəklində seçkilərə qatılıb.

Təbliğat kampaniyası iyunun 5-də bitəcək. 6-sı “Sükut günü” sayılır. Konstitusiyaya görə, seçki kampaniyasında iştirak eləmək üçün Nikol Paşinyan bu gündən məcburi məzuniyyətə çıxmalı olub. O, Baş nazir kimi öz səlahiyyətlərinin icrasını dayandırıb.

Bu, onun sonuncu məzuniyyəti ola bilər. Əlbəttə ki, indiki “müharibə konstitusiyası” dönəmində. Çünki parlament seçkilərindən sonra yeni “Əsas Qanun”la bağlı referendum gözlənilir. Təzə sənəd layihəsində isə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları bağlı istinadlar olmayacaq.

Bunu Paşinyan artıq şəxsən elan edib. Onu da deyib ki, bu – simvolunu yaxasında asdığı 29.7 min kv km-lik Ermənistanın konstitusiyası olacaq. Hətta bildirib ki, ilk cəhddə alınmasa – yetərsay və ya başqa səbəbdən – bir qədər sonra yenidən referenduma gediləcək. Ta ki, nəticə hasil olunca və ya hədəfə çatınca...

Beləcə, kapitulyant ölkə, onun cəmiyyəti və siyasi qüvvələri yetərincə taleyüklü, təlatümlü bir mərhələyə daxil olub. Bu mərhələdən hər hansı partiyanın deyil, məhz erməni xalqının qalib çıxması ən əvvəl qonşu ölkənin özü üçün çox vacibdir.

Bundan ötrü erməni elektorat Türkofobiyadan qurtula bilməyən avantüristlərin şirin vədlərinə aldanmamalı, yeganə doğru seçimə köklənməlidir. Nəinki “müharibə partiyası”nın təmsilçilərini qalib etməməlidir, onların parlamentə düşməsinə belə, şans yaratmamalıdır. Çünki bu gerçəkdən, HƏRB və SÜLH arasında tarixi seçim olacaq.

Nəticə 30 gün sonra bilinəcək. 30 gün sonra yəqin ki, digər maraqlı olayların da şahidi olacağıq. Ümid edək ki, bütün bu olaylar yekunda Ermənistan daxil, ümumən bölgədə sülh və qarşılıqlı əməkdaşlığa təkan verəcək, regionda təzə və pozitiv etimad abı-havası yaradacaq, nəinki başlanmış müsbət proseslərin yarımçıq qalmasına gətirəcək...

Bu xüsusda ən böyük təhlükə qismində haqlı olaraq, Rusiya və ona bağlı proksi-qüvvələr görülür. Yeri gəlmişkən, Nikol Paşinyan prezident Vladimir Putinin dəvətinə rəğmən, sabah 9 may paradında iştirak üçün Moskvaya getməyəcək. Maraqlıdır ki, ilk dəfə olaraq tədbirə digər MDB liderləri də qatılmayacaqlar.

Ancaq Paşinyan ötən ay vəd verdi ki, iyunun ikinci yarısında, parlament seçkilərindən az sonra Rusiyaya səfər edəcək. Yəni, öz qələbəsinə tam əmin olan biri kimi.

Məsələ də ondadır ki, bu – seçkilərdəki qələbədən sonra ilk xarici səfəri Rusiyaya eləmək jestindən daha çox, əslində, başqa bir məna daşıyacaq. Ən əvvəl Kremlə “göz dağı” vermək, onu fakt qarşısında qoymaq və “mənimlə işləmək zorundasan” mesajını çatdırmaq anlamında.

Ona qədər isə Ermənistan və onun toplumu seçki “cəhənnəmindən” keçməlidir...

Z. SƏFƏROĞLU

Bizə qoşulun