Çin Xalq Respublikasının Urumçi şəhərində baş tutan və bir həftə davam edən qeyri-rəsmi danışıqların yekununda Əfqanıstan və Pakistan arasında razılaşma əldə olunub.
Çinin vasitəçiliyi ilə keçirilən görüşdə tərəflər mövcud ziddiyyətləri qısa müddətdə nizamlamağın vacibliyini vurğulayıblar. Eyni zamanda vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərdən imtina olunacağını bəyan ediblər.
Medianews.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü Mao Ninq açıqlama verib.
XİN rəsmisinin sözlərinə görə, aprelin 1-dən 7-dək Urumçidə hər üç ölkənin təhlükəsizlik, müdafiə və diplomatiya sahələrini təmsil edən nümayəndə heyətləri arasında bir neçə qeyri-rəsmi görüş təşkil olunub. Tərəflər mübahisəli məsələlərin yalnız qarşılıqlı müzakirələr və dialoq vasitəsilə həllinə tərəfdar olduqlarını təkrarlayıb, eskalasiyaya səbəb ola biləcək addımlardan uzaq duracaqlarına dair öhdəlik götürüblər.
Sözçü diqqətə çatdırıb ki, danışıqlar prosesində Pakistan və Əfqanıstan arasındakı əlaqələrin kompleks şəkildə normallaşdırılması yolları nəzərdən keçirilib, həmçinin ilk növbədə həllini gözləyən məsələlər dəqiqləşdirilib.
Çin XİN nümayəndəsi yekunda bildirib ki, Pekin bundan sonra da ortaq məsləhətləşmələrə ev sahibliyi edəcək.//Oxu.Az