Tibb və kosmetika sahələrində aparılan bioloji testlər uzun illərdir canlı heyvanların sınaq obyekti kimi istifadə olunmasına görə ciddi etik müzakirələrə səbəb olur. Lakin okeanın dərinliklərindən əldə edilən yeni elmi nəticələr bu zərurəti gələcəkdə aradan qaldıra bilər.
Medianews.az xəbər verir ki, Kanadanın Memorial Nevfoundland Universitetinin tədqiqatçısı Sara Cobson və komandası sübut edib ki, okean canlılarından götürülən bəzi toxumalar canlı orqanizmdən ayrıldıqdan sonra da müstəqil şəkildə yaşaya bilir.
Alimlərin fikrincə, canlı heyvana zərər vermədən götürülən kiçik bir toxuma parçasının laboratoriyada illərlə yaşadılması biologiya və tibb sahəsində yeni eksperimental model yarada bilər. Bu yanaşma gələcəkdə heyvanlar üzərində aparılan bir çox testləri əvəz edə bilər.
Təbiətdə bəzi canlıların, məsələn kərtənkələlərin təhlükə zamanı quyruqlarını qopardaraq qaçdığı məlumdur. Lakin qopan hissə qısa müddət sonra canlılığını itirir.
Şimali Atlantik okeanında yaşayan "Psolus fabricii” növünə aid dəniz xiyarında isə vəziyyət tamamilə fərqlidir. Bu canlıdan ayrılan kiçik toxuma parçaları laboratoriya şəraitində artıq üç ildən çoxdur ki, müstəqil bioloji vahid kimi fəaliyyət göstərir.
Ən maraqlısı isə odur ki, həmin toxumalar sadəcə daxili enerji ehtiyatlarını sərf etməklə kifayətlənmir. Onlarda hüceyrə bölünməsi, immun sisteminin fəaliyyəti və digər həyati proseslər aktiv şəkildə davam edir.
"Science Advances” jurnalında dərc edilən araşdırmaya görə, bu parçalar özlərini yenidən tam bir dəniz xiyarına çevirməyə çalışmır. Əksinə, mövcud vəziyyətə uyğunlaşaraq yeni bioloji quruluş formalaşdırır və sağ qalmağa davam edir.
Dəniz xiyarlarının orqanlarını bərpa etmək qabiliyyəti alimlərə uzun illərdir məlumdur. Bəzi növlər təhlükə zamanı hətta həzm sistemlərini xaric edərək qaçır və sonradan onu yenidən formalaşdırır.
Bəzi növlərin isə baş hissəsini itirdikdən sonra yeni bədən yetişdirə bildiyi müşahidə olunub.
Lakin indiyədək alimlər hesab edirdilər ki, canlıdan ayrılan toxumalar mütləq şəkildə ölür. "Psolus fabricii” növünün epidermis, birləşdirici toxuma, sinir və əzələ hüceyrələri bu fərziyyəni təkzib edib.
Tədqiqatın ən sirli tərəfi həmin toxumaların ağız və ya həzm sisteminə malik olmadan qidalana bilməsidir.
Kiçik toxuma kütlələri yaşamaq üçün lazım olan maddələri birbaşa dəniz suyunda həll olmuş qida elementlərini udmaqla əldə edir.
Yaxın qohum növlər üzərində aparılan oxşar təcrübələrdə heç bir toxuma bu qədər uzun müddət canlı qala bilməyib.
Mütəxəssislər ehtimal edirlər ki, bu növün toxumalarında bakterial işğalın və çürümənin qarşısını alan güclü biosintetik birləşmələr mövcuddur.
Alimlərin fikrincə, bu kəşf hüceyrə yaşlanması, regenerasiya və toxuma ölümsüzlüyü ilə bağlı mövcud təsəvvürləri dəyişdirə bilər. Araşdırma həm regenerativ tibb, həm də etik bioloji sınaqlar sahəsində yeni imkanlar vəd edir.