2025-ci ildə Azərbaycanın Dövlət Neft Fondu hasilatın pay bölgüsü və risk xidməti müqavilələri çərçivəsində dövlətə çatmalı olan mənfəət neftinin və qazın satışından 9 milyard 497 milyon manat (5 milyard 586,47 milyon dollar) gəlir əldə edib (2024-cü illə müqayisədə azalma 1 milyard 155,53 milyon dollar).
Bu vəsait çoxdur, ya az? Sualın cavabı haqda təsəvvür yaratmaq üçün iki faktı nəzərinizə çatdırmaq istərdim:
1) Neft Fondunun mənfəət neft-qaz satışından əldə etdiyi gəlirlərin ZİRVƏ dövrü 2011-ci ildə olub: 19,5 milyard dollar.
2) 2025-ci ilin yanvar-oktyabr aylarında Ermənistandakı fiziki şəxslərə xaricdən köçürülən vəsaitin həcmi 4 milyard 761 milyon dollar (artım 10%) təşkil edib.
Ötən il Neft Fonduna mənfəət neft və qaz satışından daxil olan gəlirlərin 97,42%-i iki layihənin (“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”) payına düşüb: “Azəri-Çıraq-Günəşli”dən 8 milyard 292,9 milyon manat, “Şahdəniz”dən (qaz və kondensat) isə 958,8 milyon manat.
Azərbaycanda xarici şirkətlərlə birgə 16 müqavilə üzrə hasilat həyata keçirilir: (“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən kənar əməliyyat şirkətlərindən dövlət mənfəət nefti-qazı üzrə cəmi 245,3 milyon manat vəsait əldə edib.
Neft Fondunun 2024-cü il üzrə illik hesabatını təhlil etdikdə məlum olur ki, mənfəət ödəyən əməliyyat şirkətlərinin ümumi sayı cəmi 12 olub.
İlham Şaban,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri