“Square”, “Cash App” və “Afterpay” platformalarının sahibi olan, ödəniş texnologiyaları üzrə fəaliyyət göstərən “Block” şirkəti işçi heyətinin təxminən 40 faizini ixtisar edir.
Medianews.az CCN-ə istinadən xəbər verir ki, şirkətin həmtəsisçisi Cek Dorsi səhmdarlara ünvanladığı məktubda qərarın səbəbini “intellekt alətləri”nin sürətli inkişafı ilə əlaqələndirib.
İxtisar nəticəsində 4 mindən çox əməkdaş işdən çıxarılacaq və şirkətdə çalışanların sayı 6 minə yaxınlaşacaq. Dorsi bildirib ki, daha kiçik və peşəkar komandalar süni intellekt vasitəsilə daha səmərəli işləyə bilər.
Maliyyə direktoru Amrita Ahuja da açıqlamasında qeyd edib ki, süni intellektin tətbiqi işlərin avtomatlaşdırılmasına və daha çevik idarəetməyə imkan yaradır.
Dorsi sosial şəbəkə hesabında ixtisarların maliyyə çətinliyi ilə bağlı olmadığını vurğulayıb və şirkətin mənfəətinin artdığını bildirib. Onun fikrincə, yaxın bir il ərzində əksər şirkətlər oxşar struktur dəyişikliklərinə gedəcək.
Son dövrdə texnologiya sektorunda süni intellektin təsiri ilə bağlı narahatlıqlar artıb. “Amazon”, “Meta”, “Microsoft” və “Verizon” da ötən il genişmiqyaslı ixtisarlar həyata keçirib.
Qərardan sonra “Block”un səhmləri 24 faizədək bahalaşıb. Şirkət işdən çıxarılan əməkdaşlara kompensasiya və tibbi sığorta paketi təqdim edəcəyini açıqlayıb.
Medianews.az