ABŞ-nin birinci xanımı Melaniya Trampın Vaşinqton vaxtıyla aprelin 9-u axşam Ağ evdən ölkəyə səslənərək Epşteyn qalmaqalı ilə bağlı söylədiyi nitq çoxları üçün gözlənməz olub.
Medianews.az bildirir ki, hazırda ABŞ mediası onun çıxışının motivləri üstündə baş sındırır. Melaniya Trampın çıxışının səbəbi haqda hələlik aydın bir arqument ortaya qoyulmayıb. Hətta prezident Donald Trampa yaxın media orqanlarının təcrübəli jurnalistləri də ölkənin birinci xanımının niyə bu mövzuya toxunduğunu izah etməkdə çətinlik çəkirlər. Maraqlıdır ki, Melaniya Trampın nitqi onun həyat yoldaşının ictimaiyyəti artıq bu mövzudan uzaqlaşmağa çağırdığı bir vaxta təsadüf edib.
Trampın qatı təbliğatçısı kimi ad çıxaran “Fox News” kanalının Ağ ev üzrə baş müxbiri, məşhur xanım jurnalist Jaklin Heynrix bildirib ki, o və komandası bu nitqin səbəbini bilmir: “Anlamağa çalışırıq görək Melaniya Tramp niyə məhz indi belə bir açıqlama verməyə ehtiyac duyub. Bəlkə artıq mediada dolaşan və onu narahat edən bir məsələyə reaksiya verib, ya da hələ ictimaiyyətə açıqlanmamış bir xəbərin qarşısını almaq istəyib?.. Onun çıxışı bizim üçün tamamilə gözlənməz oldu”.
Jurnalist əlavə edib ki, məsələ ilə bağlı müxtəlif mənbələrlə, o cümlədən prezidentin özü ilə əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib.
Məsələyə “New York Post” da diqqət çəkərək qeyd edir ki, Melaniya Trampın belə bir açıqlama ilə məhz indi çıxış etməsinin səbəbi bəlli deyil. Qəzet yazır ki, Ağ evin Epşteyn qalmaqalının Donald Trampa mənfi təsirinin qarşısını almağa çalışdığı bir vaxtda birinci xanımın mövzunu yenidən gündəmə gətirməsi maraq doğurur.

Xatırladaq ki, Cefri Epşteyn (1953-2019) amerikalı maliyyəçi və investor olub, lakin onun adı dünyada daha çox yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə bağlı qalmaqallı cinayət işlərində hallanır.
O, 1970-1980-ci illərdə ABŞ-də investisiya məsləhətçisi kimi fəaliyyət göstərib və varlı müştərilərlə işləyərək böyük sərvət toplayıb. Epşteynin müştəriləri və əlaqədə olduğu insanlar arasında siyasətçilər, iş adamları və digər məşhurlar yer alıb.
2005-ci ildə Epşteyn Floridada yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar ittihamı ilə istintaqa cəlb olunub. 2008-ci ildə prokurorluqla qalmaqallı razılaşma əldə edərək daha ağır federal ittihamlardan yayınıb və 13 ay həbs cəzası alıb. Bu razılaşma ABŞ-də ciddi ictimai narazılıq doğurub.
2019-cu ilin iyulunda o, Nyu-Yorkda yenidən həbs olunub. Epşteynə qarşı insan alveri və yetkinlik yaşına çatmayan qızların cinsi istismarı ilə bağlı federal ittihamlar irəli sürülüb. 10 avqust 2019-cu ildə Manhettendə saxlandığı həbsxanada Epşteynin meyiti tapılıb. Rəsmi versiyaya görə, o, intihar edib. Lakin ölüm şəraiti və həbsxana nəzarəti ilə bağlı çoxsaylı suallar və sui-qəsd iddiaları ictimai müzakirələrə səbəb olub.
2026-cı ilin yanvarında ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” adını almış milyonlarla sənəd, çoxsaylı foto və video materiallar açıqlayıb. “Epşteyn işi” xüsusilə ABŞ-də və Böyük Britaniyada yüksək çinli şəxslərin adlarının hallanması ilə siyasi və ictimai rezonans doğurub.
Epşteynin fəaliyyəti və əlaqələri ilə bağlı istintaq materialları, məhkəmə sənədləri hələ də mərhələli şəkildə açıqlanır və işin tam miqyası barədə müzakirələr davam edir.

ABŞ-nin birinci xanımı Melaniya Tramp 2026-cı il aprelin 9-da Ağ evdən söylədiyi nitqdə bəyan edib ki, onu rüsvayçı Ceffri Epşteynlə əlaqələndirən yalanlara son qoyulmalıdır.
Daha sonra Melaniya Tramp deyib:
“Mənim haqqımda bu yalanları danışanların nə etikası, nə səmimiyyəti, nə də hörmət-izzəti var. Mən onların cahilliyinə etiraz etmirəm, lakin nüfuzuma xələl gətirmək üçün göstərdikləri məkrli cəhdləri qətiyyətlə rədd edirəm. Mən heç vaxt Epşteynlə dost olmamışam. Donald və mən bəzən Epşteynlə eyni məclislərə dəvət olunurduq, amma Nyu-Yorkda və Palm Biçdə ünsiyyət dairələrinin kəsişməsi adi haldır.
Birmənalı şəkildə bəyan edirəm ki, mənim Epşteynlə, həmçinin onun şəriki Maksvellə heç bir münasibətim olmayıb. Maksvelə elektron poçtla yazdığım cavab isə adi yazışmadan başqa bir şey kimi qiymətləndirilə bilməz. Ona həmin nəzakətli cavabım eləcə heç bir əhəmiyyət daşımayan bir qeyddən ibarətdir.
Mən Epşteynın qurbanı deyiləm. Məni Donald Trampla Epşteyn tanış etməyib. Mən gələcək həyat yoldaşımla 1998-ci ildə Nyu-Yorkdakı bir məclisdə təsadüfən tanış olmuşam. Bu ilk görüşü “Melaniya” adlı kitabımda ətraflı təsvir etmişəm.
Epşteynlə ilk dəfə 2000-ci ildə Donaldla birgə qatıldığımız bir tədbirdə rastlaşmışam. Həmin vaxt mən onu tanımırdım və onun cinayətkar fəaliyyəti haqqında heç bir məlumatım yox idi. İllərdir sosial mediada Epşteynlə mənim əlaqəm haqqımda çoxsaylı saxta şəkillər və məlumatlar yayılır.
Nəyə inandığınıza diqqət edin. O şəkillər və hekayətlər ağ yalandır. Mən Epşteynə bağlı heç bir cinayətin şahidi deyiləm. Həmin cinayətlərin istintaqına şahid kimi cəlb edilmiş şəxslərin arasında da yoxam. Mənim adım heç vaxt bu işlə bağlı məhkəmə sənədlərində, ifadələrdə, cinayət qurbanlarının açıqlamalarında və ya Federal Təhqiqatlar Bürosunun bəyanatlarında hallanmayıb. Epşteynın öz qurbanlarına qarşı zorakılıqlarından heç vaxt xəbərim olmayıb. Mən heç bir şəkildə bu işə cəlb olunmamışam. Onun təyyarəsində uçmamışam və heç vaxt onun adasına getməmişəm.
Mənə Epşteynin törətdiyi cinayətlər - insan alveri, azyaşlılara qarşı zorakılıqlar və digər bu kimi iyrənc əməllərlə bağlı heç vaxt rəsmən ittiham irəli sürülməyib və mən bu iş üzrə heç vaxt mühakimə olunmamışam. Ayrı-ayrı kinli şəxslərin və ya siyasi qurumların mənim adımı ləkələmək, bundan pul və siyasi dividend qazanmaq məqsədilə yaydıqları yalanlara son qoyulmalıdır.
Vəkillərimlə birlikdə mən bu əsassız uydurmalara qarşı uğurla mübarizə aparmışam və tərəddüd etmədən nüfuzumu qorumağa davam edəcəm. Bu günə qədər bir neçə şəxs və şirkət, o cümlədən “Daily Beast” nəşri, Demokratlar Partiyasının üzvü Ceyms Karvill və “HarperCollins UK” nəşriyyatı məhkəmə qaydasında üzr istəməyə və mənim haqqımda söylədikləri yalanları geri götürməyə məcbur olub.
İndi Konqresin hərəkətə keçmək vaxtıdır. Epşteyn tək deyildi. Bu məsələ geniş şəkildə siyasiləşdiriləndən sonra bir neçə nüfuzlu kişi tutduqları rəhbər vəzifələrdən istefa verib. Əlbəttə, bu hələ onların günahkar olduğunu sübut etmir, lakin yenə də həqiqəti üzə çıxarmaq üçün açıq və şəffaf şəkildə işləməliyik.
Mən Konqresi Epşteynin zərər vurduğu qadınların, xüsusilə sağ qalanların başına gələnləri bilmək üçün açıq dinləmələr təşkil etməyə çağırıram. Sağ qalmış qurbanlara Konqres qarşısında and içib ifadə verməyə imkan yaradın. Hansı qadın istəyirsə qoy üzləşdiyi hadisələri ictimai şəkildə danışsın və onların çıxışları Konqresin arxivində həmişəlik qorunsun. Yalnız onda bizə bəlli ola bilər ki, həqiqət nədən ibarətdir”.