Türkiyənin Batman vilayətində iki maskalı şəxs zərgərlik mağazasına silahlı basqın edərək təxminən bir kiloqram qızıl oğurlayıb.
Medianews.az xəbər verir ki, hadisə təhlükəsizlik kameralarına düşüb.
Məlumata görə, səhər saatlarında motosikletlə Turqut Özal Bulvarına gələn iki maskalı şəxs zərgərlik mağazasına daxil olub. Şübhəlilər vitrindəki qızılların bir hissəsini götürməyə çalışarkən mağaza işçisi onlara müqavimət göstərib.
Bu zaman soyğunçulardan biri havaya atəş açıb, digəri isə işçinin başına silahın qundağı ilə bir neçə dəfə zərbə endirib. Hücum nəticəsində işçi xəsarət alıb. Şübhəlilər təxminən bir kiloqram qızılı çantaya yığaraq hadisə yerindən qaçıblar.
Hadisə yerinə polis və təcili yardım cəlb olunub.
Silahlı basqının anbaan görüntüləri təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Kadrlarda iki maskalı şəxsin silahla mağazaya daxil olduğu, işçiyə hücum etdiyi və qızılları çantaya yığaraq qaçdığı aydın görünür.
Medianews.az