ABŞ-nin İran qarşısında irəli sürdüyü 4 əsas tələb rəsmi Tehranın qəbul edə bilməyəcəyi şərtlərdir.
ABŞ İrana bu şərtləri qəbul etdirməyə çalışırsa, deməli, məqsədi anlaşmaq yox, hücuma keçmək üçün “səbəb” istehsal etməkdir. Buna isə bizim dildə bəhanə deyirlər.
ABŞ-nin ilk şərti nüvə zənginləşdirməsindən əl çəkməkdir. İran islam respublikasının qurulduğu ilk illərdə İraqla müharibədə 1 milyondan çox adam itirdikdən sonra özünün ən etibarlı müdafiə strategiyasının nüvə silahı olduğunu anladı və bu istiqamətdə addımlar atmağa başladı. İndi durub birdən-birə nüvə strategiyasından imtina etməsi onu yenidən 1980-ci illərdəki zəif vəziyyətə sala və düşmənlərini İrana hücum etməyə həvəsləndirə bilər. Fikrimcə, Tehran nəyin bahasına olursa olsun nüvə strategiyasından vaz keçməyəcək.
ABŞ-nin ikinci tələbi İranın öz proksi qüvvələrindən imtina etməsidir. Proksi qüvvələrə yönəlməsi də İranın ən mühüm müdafiə strategiyalarından biridir. Tehran rəsmilərinin fikrincə, Yaxın Şərqin müxtəlif yerlərində fəaliyyət göstərən və “müqavimət oxu” adlanan proksi qüvvələri İrana ediləcək xarici hücumları sərhədlərindən kənarda qarşılamaq imkanı verir. İran öz proksilərindən imtina edərsə, məcburən düşməni ölkənin sərhədləri daxilində qarşılamalıdır. Bu isə böyük dağıntılarla üzləşmək mənasına gəlir.
Üstəlik, müsəlman ölkələrinin müxtəlif yerlərinə basdırılmış bu canlı minalar İranın beynəlxalq müzakirələrdə təsir gücünü artırır, onu bir növ regional gücə çevirir. “Müqavimət oxu”ndan imtina İranı regional güc mərkəzindən lokal dövlətə çevirə bilər ki, Tehran bu tale ilə barışmaq istəmir.
ABŞ-nin digər tələbi SEPAH kimi dini rəhbərliyə bağlı silahlı qüvvələrdən imtinadır ki, hətta Xamenei istəsə belə, bu şərti yerinə yetirə bilməz. İran iqtisadiyyatının 60%-ni öz əlində cəmləşdirən, son zamanlar hətta neft idxalının yarısını ələ keçirən SEPAH onun kim olduğuna baxmaz, basıb adamın gözünü çıxarar.
Dördüncü tələb isə ballistik raket ehtiyatlarını azaltmaq və onların mənzilini İsraili vura bilməyəcək qədər qısaltmaqdır. İran bunu da etməz. Çünki İsraili vurmaq təhdidi onun əlində bəlkə də atom bombasından daha güclü silahdır. Hər dəfə başı ABŞ ilə dərdə girəndə “Mərg bər İsrail” deyə bağırıb Tel-Əvivin və Vaşinqtondakı yəhudi lobbilərinin incə damarına neştər soxur. Onlar da hərəkətə keçib ABŞ prezidentlərini yerində oturdurlar.
Bir sözlə, ABŞ-nin irəli sürdüyü tələblər İranın həqiqi qırmızı cizgiləridir və Tehran bu qırmızı cizgilərini nəyin bahasına olursa olsun qorumağa məhkumdur. ABŞ-nin da ondan qırmızı cizgilərindən vaz keçməsini tələb etməsi onu göstərir ki, Donald Tramp İranı vurmaq üçün bəhanə axtarır.
Heydər Oğuz