Yazıçı həyatı təkcə masa arxasında keçmir. Bəzən yazı prosesi, bəzən də yazıçı kimliyi insanı gözlənilməz və qəribə vəziyyətlərlə üz-üzə qoyur. Oxucu ilə təsadüfi qarşılaşmalar, anlaşılmaz reaksiyalar, qəribə təkliflər və ya ilhamla bağlı mistik anlar bu yolun bir hissəsidir. Hər yazıçının yaddaşında belə unudulmayan anlar olur. Yazıçılarımızın başlarına hansı qəribə və yaddaqalan hadisələr gəlib?
Medianews.az bu barədə qələm əhli arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli:
“Zəka fəaliyyəti ilə bağlı olan bu ifadələr mənə çox doğmadır. Mən uzun illər yaradıcı-intellektual fəaliyyətin müxtəlif sahələrində çalışmaqla (kino, radio, televiziya, qəzet, dövlət qulluğu, pedaqogika), “qələm peşəsini” özümü ifadə üçün ən məqbul hesab etmişəm. Ömrüm boyu da məhz qələmimlə halal çörək qazanmışam. Yazıçılıq şərəfli sənətdir, ancaq əziyyətli işdir. Yazı yazanda zəka ilə duyğu aparatı birgə qoşa çalışmalıdır. İstədiyin irili-xırdalı hər hansı əsəri yazanda (məqalə, hekayə, povest, roman, pyes, çıxış) insanın həm intellekti, həm də hissləri müştərək iştirak etməlidir. Bu yaradıcı prosesdə uğurlu nəticə əldə etmək üçün gərəkdir intellekt hissləri idarə etsin, hisslər ağıla üstün gəlməsin. Çünki yazı yazmaq hər şeydən əvvəl müəyyən fikir, ideya, niyyət aşılamaqdır.
Hər yazıçının öz iş üslubu, metodu və xarakteri var. Məsələn, ancaq gecələr işləyən, yaxud ayaq üstə dayanıb yazan, personajların fiqurlarını qarşısına düzüb süjet quran, mətni birbaşa makinaya diqtə edən yazıçılar olub.
Yaradıcılıq üçün münbit mühitin, şəraitin olması da vacib şərtlərdəndir. Məsələn, görünür mən Şuşada doğulduğum və “Balıq bürcünə” aid olduğum üçün soyuğu sevirəm, isti havaya dözümsüzəm. Orqanizmim dağı, meşəni, çay kənarını iri şəhər mühitindən daha çox sevir. Hətta şəhərin yay günlərində qızmar havalar məni qeyri-ixtiyari əsəbiləşdirir. Odur ki, yazı yazanda isti otaqda işləyə bilmirəm. Otağın havasının soyuq, ən azı mülayim olması daha məhsuldar işləmək üçün məqbuldur.
Mən ciddi yazılar üzərində səhər çağı, sübh tezdən daha yaxşı işləyə bilirəm. Bu zaman hava kimi beyin və qəlb də təmiz olur, kainatın qapıları insana açıq olur. Günortaya qədər işləyib sonra, axşam saatlarında adətən internetdə saytlara baxır, kitab oxuyur, qəzet-jurnalda, televiziyada yeniliklərlə, filmlərə, verilişlərə baxmaqla istirahət edirəm.
Məşhur deyim var: “Əlyazmalar yanmır.” Ancaq mən əlyazmaları saxlamıram. Yazını çapa verdikdən, yaxud saytda yerləşdiriləndən, qəzetdə çap olunandan sonra, əlyazmaları “yandırıram”, yəni cırıb atıram, onları saxlamağı lüzumsuz hesab edirəm.
Bəzən elə olur ki, hansısa yazı üzərində işləyəndə kompüterdə fasiləsiz olaraq bir neçə vərəqi dalbadal dayanmadan yazırsan. Sanki kimsə hardansa sənə diqtə edir və sən ancaq klavişləri döyəcləyirsən… Ta ki yorulub dayanana qədər… Sonra həmin gün, ya ertəsi gün, yaxud xeyli vaxt keçəndən qayıdıb bu yazdıqlarını bir də oxuyanda təəccüb edirsən ki, aya, bunları mənmi yazmışam? Necə yazmışam?! Mətn sanki sənə haralardansa yuxarılardan göndərilib və sən o informasiyaları sadəcə kompüterə köçürtmüsən. Elə sözlər, cümlələr, ifadələr yazdığını görürsən ki, onları tapmaq, düzmək, məntiqi ardıcıllıqla mətn halına gətirmək üçün bəlkə də başqa vaxt günlərlə çalışar, axtarış aparar, düşünər, fikirləşər, yazıb-pozardın… Bunun nə olduğunu, niyə və necə baş verdiyini izah edə bilmərəm. Ancaq onu deyə bilərəm ki, qələm adamlarında, ümumən yaradıcı insanlarda, sənətkarlarda həqiqətən Tanrıdan gəlmə və adına “vəhy” dediyimiz izaholunmaz yaradıcılıq prosesləri baş verir…
Bütün bunlar yazıçılıq adlandırılan çox maraqlı zəka-duyğu tandeminin qiymətli mistikasıdır”.

Yazıçı Səfər Alışarlı:
“Azərbaycanda bütün dövrlərdə yazıçılığın yalnız bir problemi olub: istedadsızlıq. İstedadlı yazıçını kütləvi oxucu maraqlandırmır. O, özü üçün yazır. Yazdıqları sənətə xidmətə də keçərsə, böyük uğurdur. Keçməsə, deməli, arada nəsə yanlışlıq olub. Ya da bəxt amili öz işini görüb. Ədəbiyyatla hakimiyyət klassik antoqonizmdədir. Onların missiyaları müxtəlif, bir çox mövqelərdə bir-birinə zidd olduğundan uyuşmaları, yaxınlaşmaları da son dərəcə çətindir. Bizdə bu problemlər 30 ildir ki, ümummədəniyyət kontekstində öz həllini tapa bilmir. Mədəniyyət Nazirliyinin kadr heyəti tamam başqa prinsiplərlə yığılır. Mədəni siyasətimizə yad siyasətlər sarmaşaraq onu boğur. Yaranan, özünü şəxsi və qrup maraqları ətrafında formalaşdıran istedadsızlar ordusu sferanı büsbütün ələ alır və "dövlətə xidmət" adı altında tamam ayrı məqsədlərə xidmət yarışı başlanır”.

Filosof Müşfiq Şükürov:
“Mən yazıçı deyiləm axı, filosofam. Kitablarım da mistikadandır. O üzdən əlavə mistikaya da ehtiyac hiss etməmişəm. Bəlkə, həyatın mistik tərəfini inkar edən qafa üçün belə şeylər gəlir və yadda qalır. Mənim üçün isə yağışın yağmağı da mistikdir, yağmamağı da. Eləcə də yarpağın düşməsi də, düşməməsi də. Ədəbiyyat tarixçisi də deyiləm ki, sualınıza ədəbiyyat tarixindən misallarla cavab verim. Yəqin ki, ədəbiyyat tarixi dolu olar bu cür misallarla”.
Oğuz Ayvaz,
Medianews.az