Medianews.az
Madurodan ABŞ-a sərt mesaj:
91 baxış

Madurodan ABŞ-a sərt mesaj: “Bu torpaqları son nəfəsə qədər qoruyacağıq” - FOTOLAR

Karib hövzəsində ABŞ–Venesuela gərginliyi artır.

Medianews.az xəbər verir ki, minlərlə venesuelalı Vaşinqtonun təhdidlərini etirazla qarşılayıb və Prezident Nikolas Maduroya dəstək nümayiş etdirib.

Aksiyalarda iştirakçılar ABŞ-ın bölgədəki hərbi fəaliyyətini “təhdid və təcavüz” kimi qiymətləndiriblər.

Paytaxt Karakasda keçirilən Bolivar Bayraq və Qılınc mərasimində çıxış edən Maduro, əlində ölkənin simvolu olan Bolivar qılıncını tutaraq, ərazi bütövlüyünü qorumağa hazır olduqlarını bildirib:
“Bu torpağın hər qarışını istənilən təhdidə qarşı müdafiə edəcəyik. Bizi məğlub edə bilməyəcəklər, çünki biz yenilməzik.”

Dövlət başçısı, ölkəyə dəstək verənlərə təşəkkür edib və son aylarda “psixoloji və siyasi təzyiqlərə baxmayaraq böyük həmrəylik gördüklərini” vurğulayıb. Etiraz yürüşünə qoşulan daxili işlər naziri Diosdado Kabelyo da xalqın birliyinin gücləndiyini və ölkəni “bütün vasitələrlə müdafiə edəcəklərini” deyib.

Bu arada ABŞ-ın B-52 bombardmançısının günlərdir Karakas səmasında uçuş etdiyi, dünyanın ən böyük aviadaşıyıcısı “Gerald R. Ford”un isə Venesuela sahilləri boyunca manevrlər həyata keçirdiyi bildirilir. F-18 qırıcılarının da bölgədə devriyə uçuşları etdiyi açıqlanıb.

Gərginlik, ABŞ-ın Maduro və bir qrup yüksək vəzifəli venesuelalı rəsmini “Cartel de los Soles” adlı qrup vasitəsilə terrorçuluqda ittiham edərək həmin təşkilatı Xarici Terrorçu Qruplar siyahısına salmasından sonra artıb. Venesuela bu addımı “müdaxilə üçün bəhanə yaratmaq cəhdi” kimi qiymətləndirib.

Maduro cavab olaraq 4,5 milyon milisdən ibarət qüvvələrin səfərbər edildiyini və mümkün hücuma qarşı hazır olduqlarını açıqlayıb.

Medianews.az

Bizə qoşulun