Medianews.az
Küçə uşaqlarının taleyini dəyişən ev: "Bu sığınacağı açmaqda Səid təkan oldu" -
73 baxış

Küçə uşaqlarının taleyini dəyişən ev: "Bu sığınacağı açmaqda Səid təkan oldu" - MÜSAHİBƏ

Uşaqlıq illəri hər kəs üçün rəngli xatirələrlə dolu isti ev, qayğıkeş baxışlar, təhlükəsiz bir dünyadır. Amma hamı bu xoşbəxtliyə sahib ola bilmir. 
Minlərlə azyaşlı biganəlik, diqqətsizlik və ailələrin dağılması səbəbindən küçələrdə böyüyür, ailə sevgisindən məhrum olur və belə bir vəziyyət təəssüf ki, həmin uşaqlarda dərin izlər buraxır. Bəzən isə bir əlin uzanması, bir qapının açılması bu uşaqların taleyini dəyişməyə kifayət edir. 

Azərbaycan Uşaq Birliyi Uşaq Sığınacağı da illərdir məhz bu taleləri dəyişmək üçün var. Bu məkan sadəcə sığınacaq deyil, sevgi, mərhəmət, qorunma və yeni başlanğıclar evinə çevrilmiş bir mərkəzdir. Burada hər bir uşaq fərdi həyat hekayəsi, fərdi ağrı və fərdi ümid daşıyır. Bu böyük missiyanın arxasında dayanan isə uzun illərdir uşaqların müdafiəsi üçün çalışan, onların həyatında qaranlıq nöqtələri işığa çevirən Azərbaycan Uşaq Birliyi Uşaq Sığınacağının rəhbəri Kəmalə Ağazadədir. Onun yaratdığı bu mühit bir çox balacanın həyatında ilk dəfə “ev” anlayışını yaşadan yer olub.


Sfera.az-ın əməkdaşı məhz həmin uşaqların üzləşdiyi çətin məqamlar, ağrı-acılı həyat hekayələrinin ümid yeri olan bu evdə necə firavan yaşadıqlarını görmək üçün sığınacağa üz tutdu. 


Müsahibədə Kəmalə Ağazadə sığınacağın necə yarandığından, illərdir qarşılaşdıqları çətinliklərdən və onları bu yola bağlayan səbəblərdən danışıb.
Müsahibəni təqdim edirik: 

 


– Siz bu sahədə ilk təşəbbüsü göstərən şəxslərdən birisiniz. Xatırlayırsınızmı, sığınacağa ilk müraciət edən uşağın hekayəsi necə başlamışdı və onun həyatı sonradan hansı istiqamətə dəyişdi?


- Səid adında bir oğlan var idi. Həmin vaxtlar bizdə indiki sığınacaq yox idi, “Günərzi” adlı mərkəz fəaliyyət göstərirdi. Söhbət 2006–2008-ci illərdən gedir. Həmin vaxt “Günərzi” mərkəzi fəaliyyət göstərirdi. Bu da hansısa layihə deyil, bizim öz təşəbbüsümüz, öz ofisimiz idi. Küçə uşaqlarını qəbul edirdik. Onların sənədləri ilə maraqlanır, ən azından paltarlarını dəyişmək üçün yer yaradırdıq. İstifadə edilmiş geyimlər qəbul edir, onların kirli paltarlarını atırdıq. Həmin vaxtlar bizdə hamam yox idi, amma əlimizdən gəldiyi qədər əl-ayaqlarını, saçlarını yumağa şərait yaradırdıq. Küçədə yaşadıqları üçün istər-istəməz çoxunda qotur xəstəliyi olurdu, toksik maddələrdən çox istifadə edirdilər.


Səid ümumiyyətlə ata-anasının harada olduğunu heç vaxt bilmirdi. Deyirdi ki, o özümü dərk edəndən küçələrdədir. Bu isə o demək idi ki, 3–4 yaşından bəri küçələrdə yaşayıb. Onu axtaran da yox idi, nə ailəsi, nə qohumu, nə də kimsəsi. O, daha çox böyük küçə uşaqlarının əhatəsində olurdu. Mən onu tanıyanda artıq 12–13 yaşı var idi və toksik maddələrdən asılı vəziyyətdə idi.


Səid o qədər rəhmli, o qədər qəlbi təmiz uşaq idi ki… Hər zaman deyirdi: “Əgər mənim pulum olsa, bilirsən nə edərəm? Böyük bir ev açaram. O evdə balaca uşaqlar yaşasın. Evin o qədər böyük olmasını istəyirəm ki, bütün balaca uşaqlar ora sığsın. Eybi yoxdur, yataq olmasın, amma isti bir otağı olsun”.


Biz nə qədər çalışsaq da, onu toksik maddələrdən uzaqlaşdıra bilmirdik. Yeganə variant küçədən tam təcrid olunması və narkoloji dispanserə yerləşdirilməsi idi. Amma təəssüf ki, azyaşlı uşaqlar narkoloji dispanserə qəbul olunmurdu. Onunla çox ciddi psixoloji və psixiatrik müalicə aparılmalı idi. Amma bizim öz büdcəmizlə edə biləcəyimiz maksimum yardım sadəcə onun geyimlərini dəyişmək və yuyundurmaq idi. Axşam olanda biz uşaqlara “gedin” deyirdik. Hara getsinlər? Təəssüf ki, yenə küçələrə… Onlar sürü halında, toplu şəkildə gəzirdilər daim. Həmin vaxt bizim 18 məntəqəmiz var idi və onların hansı ərazilərdə toplaşdıqlarını bilirdik, həmin yerlərdə məntəqə açmışdıq. Bir gün "Gənclik" metrosu və "İnqilab" küçəsi (İndiki Akademik Həsən Əliyev küçəsi - red.) tərəfdə olan məntəqəmizdə idim. Uşaqlar qaça-qaça gəlib xəbər verdilər ki, Səidi maşın vurub. Biz çatanda artıq rəhmətə getmişdi, üstünü örtmüşdülər. Tədqiqat gedirdi. Mən onun üzünü gördüm simasında qəribə bir təbəssüm var idi. Elə bil xoşbəxt ölmüşdü. Çünki bu həyatdan, küçə həyatından, səfillikdən qurtulmuşdu.


Mənim üçün bu sığınacağı açmaqda təkan Səid oldu. Onun yarımçıq qalan arzusunu reallaşdırdım: böyük bir ev, balaca uşaqlar… Biz bu evə 18 ildən sonra nail ola bildik. 2006-cı ildə baş verən bu hadisə, 2007-ci ildə evin tikilməsinə start verdi. Bir otaqla başlayan layihədə ilk dəfə 3 uşaq vardı, gecələr burada qalırdıq, uşaqlara baxırdıq. İki işçi və mən, hekayə belə başladı.

 

– Maraqlıdır, indiki uşaqlarla o dövrün uşaqları arasında fərq varmı?


- Əlbəttə, indiki uşaqlarla o dövrün uşaqları arasında fərq çox böyükdür. İstər şərait baxımından, istər davranış baxımından. Həmin dövrdə uşaqlar toksik maddələrdən daha çox asılı idilər. İndiki uşaqlar isə həmin toksik maddələrdən asılı olub sonradan narkotik vasitələrə keçən o nəslin törəmələridir.
Fərq ondadır ki, bu uşaqların şəraiti, qayğısı, diqqət və nəzarət sistemi fərqlidir. Onların küçədən yığılması, müəssisələrə cəlb olunması, qeyri-hökumət təşkilatlarının fəaliyyəti, dövlətin dəstək mexanizmləri, uşaqları müdafiə sahəsində görülən işlər bütün bunlar əvvəlki illərlə müqayisədə böyük dəyişikliklər yaradıb. Və bundan sonra da daha çox işin görülməsi nəzərdə tutulur.

 

– Sığınacaqda böyüyən uşaqlar 18 yaşından sonra cəmiyyətə qayıtdıqda onları nə qarşılayır, həyatlarına necə davam edirlər? Uşaqların gələcək həyatı üçün hansısa dəstək proqramları mövcuddurmu?


- Əslində dəstək proqramları dediyimiz DOST Agentliyinin müəyyən mərkəzləri çərçivəsində karyera mərkəzləri var. Bacarıqların inkişaf etdirilməsi, peşə bacarıqlarına yiyələnməsi kimi imkanlar dövlətin müxtəlif proqramlarında mövcuddur. Hətta SOCAR-ın belə proqramları var. 18 yaşdan sonra valideyn himayəsindən məhrum olmuş, həssas ailələrdən olan uşaqlar və yeniyetmə-gənclər üçün imtiyazlı təhsil və peşə proqramları təklif olunur.


Bizə gəldikdə isə bizim müəssisədə 18 yaşı tamam olmuş sakinlərimizə “get” demirik. Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, onlar təhsil alırlar. Biz heç vaxt uşaqları təhsildən kənarda qoymuruq. 9-cu sinfi bitirsələr belə, onları motivasiya edib izah edirik ki, heç olmasa peşə təhsili ilə davam etsinlər. Deyirik ki, oxumaq istəmirsənsə, heç olmasa əlinizdə bir peşəniz olsun. Çünki burdan çıxandan sonra nə qədər ofisiant işləmək olar? Ofisiant işi ikinci gəlir kimi ola bilər. Əsas daha ciddi peşəyə yiyələnməkdir. Axı nə vaxta qədər bir gənc xadimə və ya qab yuyan işləyə bilər? Ona görə biz onları peşəyə yönləndiririk. Peşə seçimləri də çox maraqlıdır - veb dizayn, dizaynerlik, modelyerlik, katibəlik, mühasibatlıq. Hazırda dizayn-qrafika ixtisasında, aşpazlıqda və müxtəlif sahələrdə oxuyan uşaqlarımız var. Məsələn, 17 yaşında qəbul olunubsa, çalışırıq ki, onları dövlət sifarişli, yəni ödənişsiz, yüksək ixtisaslı peşələrə yönləndirək. Bu proqramlar 3–4 illik olur. Biz hesablayırıq ki, uşağın 17 yaşı varsa, təhsili bitirdikdə 21 yaşı olacaq. Bu kimə şamil olunur? O uşaqlara ki, ailəsi onları qəbul etmir. Elələri də olur ki, ailəsi deyir: “17 yaşından sonra özümüz oxudacağıq”. Həmin uşaqlar ailəsi ilə qalmağa gedir. Amma elə ailələr də var ki, yenə də uşağı istəmir və biz həmin uşaqları saxlayır, özümüz oxuduruq.


18 yaşı tamam olan kimi onları sığıncaqdan çıxarmırıq. Onlara şans veririk ki, təhsillərini başa vursunlar. Bu müddətdə biz məşğulluq mərkəzləri ilə danışırıq, sahibkarlarla əlaqə saxlayırıq ki, uşaq buradan gedəndə artıq iş imkanları olsun və biz rahat olaq. Elə bir qızımız var idi. Sığınacaqda qalırdı, oxuyurdu və oxuya-oxuya işləmək qərarına gəldi. Sonra oxuduğu qızlarla birgə kirayə ev tutdu. Dərsdən çıxıb işə gedirdi, çox aktiv qız idi. Animator kimi işləməyə başladı, kirayəsini özü verirdi. Yəni belə uğur nümunələrimiz də çox olub.


Ən çox gileyləndiyim məsələlərdən biri isə cəmiyyətimizin sığınacaq uşaqlarına qarşı biganə və bəzən də ayrı-seçkilik dolu münasibətidir. Məsələn, qızlarımızdan biri nişanlanmışdı, amma oğlanın ailəsi razı olmadı. Səbəb isə qızın sığınacaqda böyüməsi idi. Bu kimi hallar təəssüf ki, tez-tez rastımıza gəlir.

 


– Ən çox hansı yaş dövründə uşaqlar internat həyatına alışmaqda çətinlik çəkir? Adaptasiya dövrü necə olur?

 

- Körpələrdə adaptasiya baxımından çox ciddi problemlər olur. Buna görə də biz artıq çox körpə qəbul etmirik. Əvvəllər daha çox götürürdük, çünki müəyyən layihələrimiz, maliyyə əməkdaşlıqlarımız və qrantlarımız var idi. O zaman bu prosesi idarə etmək mümkün olurdu. Amma indi körpəyə baxacaq maliyyə dəstəyimiz yoxdur. Kiçik qrant proqramları çərçivəsində isə böyük işlərə imza atmaq olmur. Əlbəttə, maliyyəsiz layihələr mümkündür, amma körpə elə bir məsuliyyətdir ki, o məsuliyyəti tam şəkildə üzərinə götürmək çox çətindir. Siz özünüz də gördünüz: neçə körpə var burada? Çox az.


Bizə gətirilən uşaqlar arasında 1 yaşından burada böyüyənlər var ki, indi artıq övladlığa götürülmə mərhələsindədirlər. 3–8 yaş arasında olanlar daha tez adaptasiya olurlar. 8–13 yaş arası uşaqlarda isə bir neçə müdddət çətinliklər olur. Ümumilikdə biz adaptasiya dövrü üçün hər bir uşağa 7 gündən 1 aya qədər zaman veririk. Çünki ola bilər ki, uşağın sağlamlıq problemi var və adaptasiya ola bilmir, biz bütün bu məqamları nəzərə alırıq.


Yəqin ki, Naill Kəmərlinin çəkdiyi, 7 uşaqla bağlı reportajdan xəbəriniz var. Ana onları atıb gedib, ata isə baxa bilmədiyi üçün imtina edib. Həmin 7 uşağın 4 balacası bizə verildi. Digər böyüklər ataları ilə qaldı. Bu 4 uşağın adaptasiyası ilk gündən çox çətin oldu. Onlarda “Mauqli sindromu” deyilən bir vəziyyət vardı, sanki cəngəllikdən çıxmışdılar. Ümumiyyətlə yatağın nə olduğunu bilmirdilər, onları yataqda yatmağa öyrətmək belə çətindir. Eyni zamanda ciddi nevroloji problemləri də var.


Bu uşaqlarla məşğul olmaq üçün işçi heyətimizdən əlavə burada sığınacaqda qalan böyük qızlarımızı da köməkçi kimi yönləndirdik. İlk gün bizə gətiriləndə səhər saat 5-də ancaq yuxuya getdilər. Yəni adaptasiya prosesi bu qədər ağır olur. Bizim peşəkar psixoloqumuz var. O, mütəmadi təlimlərdə iştirak edir, öz üzərində işləyir. Uşaqlarla həm fərdi, həm də qrup işi aparır. Psixoloq özünü onların yaşıdları kimi göstərərək uşaqları uyğunlaşdırmağa çalışır. Bu baxımdan psixoloqun rolu adaptasiya dövründə çox böyükdür.


Həmin uşaqlardan 3-nü sanatoriyaya göndərdik, bir balaca qızımızı isə özümüzdə saxladıq. Onları ayrıca qruplara böldük ki, sosiallaşma prosesi getsin. Çünki üç uşaq birlikdə olanda proses alınmırdı.


Bu uşaqlar seksual məsələlərlə bağlı hər şeyi bilirdilər. Azyaşlı uşağın belə bu qədər məlumatlı olması onu göstərir ki, ata-ananın bütün münasibətlərinin şahidi olublar. 


Əgər bir ailədə əxlaqi dəyərlər yoxdursa, uşaq bunu mütləq davranışında büruzə verir. Böyüklər bunu bir qədər gizlədə bilirlər, amma uşaq yox. Ailəyə bağlı uşaqlar var ki, nə qədər şiddət görsələr də, yenə də valideynlərinə bağlı qalırlar. Amma məişət münaqişələrinə, mübahisələrə, seksual davranışlara şahid olunması qızların çoxunu evdən qaçmağa məcbur edir. Qaçan qızların böyük əksəriyyəti atasız böyüyən qızlardır. Ümumilikdə burada olan uşaqların demək olar ki, heç birinin atası yoxdur. Elə uşaqlar var ki, “ata” anlayışının nə olduğunu belə bilmirlər.

 


– Çox rastlaşırıq ki, ögey atalar uşaqlara təcavüz edirlər. Bəs doğma ataların belə hallara yol verdiyi, bu kimi şikayətlərlə sığınacağa gətirilən uşaqlar da olubmu?


- Çox olub. Bir qadın öz qıznı götürüb gəlmişdi yanıma. Həmin xanımın qızı atasına o qədər bağlı idi ki, atasının ona toxunuşlarını ata-qız münasibəti kimi qəbul edirdi. Hətta anasını atasına qısqandığı üçün, anasını şərləyirdi. Atalıq faktorları daha böyükdür. Mətbuatda da getmişdi bu xəbər. Atalığı 11 yaşlı qıza təcavüz etmişdi. Hətta doğma ana ilə əlbir olub daha betər əməllər törətmişdilər. Bunu açıq demək olduqca çətindir. Qardaşla bacını da cinsi münasibətə salmışdılar. Bu çox ağrılı hal idi. O uşaqlar bizim sığınacağa gətiriləndə bir-birlərinə düşmən idilər. Qız deyirdi ki, hərşey atalığımızın üzündən oldu, oğlan isə anasını müdafiə edirdi. Mən məcbur qalıb bu uşaqları uşaq evinə verdim.

 

 

– Bəzən belə bir fikir dolaşır ki, indiki gənclər daha dözümsüzdür. Sizin də sosial şəbəkələrdə paylaşımlarınızda görünür ki, sığınacağa hər gün 3-4 nəfər 16-17 yaşlı yeniyetmə müraciət edir. Dözümsüz, iradəsiz gənclik yetişir, yoxsa həqiqətən ciddi problemlərə görə sığınacağa gəlmək istəyirlər?


- Yox, mütləq orada bir biganəlik, uşağa qarşı diqqətsizlik olur. Uşaq diqqət əskikliyindən əziyyət çəkdiyi üçün kiməsə sığınmaq istəyir. Əlbəttə, bizim videolara baxan uşaq orada xoşbəxtlik görür və düşünür ki, bura gəlsəm xoşbəxt olacağam. Amma gəldikdə görür ki, o xoşbəxtliyi əldə etmək üçün müəyyən nizam-intizam qaydaları var: təhsil, məşğələlər, saç düzümü, geyim tərzi və s. Sonra özü-özünə anlayır ki, “yox, mən evdə belə etmirdim”. Biz də ona izah edirik ki, məsələn, ananı dinləmədiyin üçün o da sənə lazımi diqqəti göstərmirdi. Elə o anda uşaqlar ailəyə daha tez adaptasiya olmağa başlayırlar.


– Bildiyimə görə, sığınacağa yalnız 10 yaşına qədər oğlanları qəbul edirsiniz, bəs sizə 15-16 yaşlı oğlanlar müraciət etdikdə nə edirsiniz? Onların taleyi necə olur?


- Yanvar ayından ümumiyyətlə biz oğlan uşağı götürməyəcəyik. Artıq bu prosesi dayandırmışıq. Bir neçə aydır oğlan qəbulu aparmırıq. Hazırda yalnız bir oğlanımız var 14 yaşında. Onu dövlət müəssisəsinə yerləşdirəcəyik ki, artıq dövlətin uşağı kimi qeydiyyata düşsün və qəyyumluqda olsun. Onun anası həbsdədir. Dəfələrlə uşağı anası ilə görüşdürmüşəm. Ana söz vermişdi ki, həbsdən çıxanda gələcək və oğlunu götürəcək. Amma həbsdən çıxdıqdan sonra narkotikə qurşandı, “patı” çəkməyə başladı. Buna görə uşağı ona verə bilmədim və qadın yenidən həbs olundu. Elə buna görə də uşaq dövlət müəssisəsinə getməlidir. Bizdə tək qalan oğlan Ömürdür. Ömür də övladlığa veriləcək. O mənə çox bağlıdır. Amma biz bütün uşaqları ailələrə hazırlaşdırırıq. Onlar nə qədər ailə şiddəti, təcavüz və travma yaşasalar da, biz onlarda sağlam “ata-ana” anlayışını formalaşdırırıq. Aşılayırıq ki, sənin atan-anan olmalıdır, öz evin, öz otağın olmalıdır. Bu düşüncəni onların beyninə yeridirik və nəticədə uşaqlar rahat şəkildə ailəyə adaptasiya olurlar. Ömürün tək fərqi odur ki, digər uşaqlar ailə yolu gözləyirdilər, amma Ömür gözləmir. Ömür sevgisini burada, əməkdaşlarla və mənimlə yaşayır.

 

 

– Bəs siz uşaqlardan ayrılanda özünüzü necə hiss edirsiniz? Axı siz də onlara öyrəşirsiniz…


- Adi bir balaca pişiyi evdə saxlayanda belə ona öyrəşirik, onu itirəndə çox pis oluruq. Biz də eyni hissləri bu uşaqlara qarşı yaşayırıq. Adi bir əşyamıza belə öyrəşirik, yanımızda olmayanda narahat oluruq. Amma onlar… onlar mənim nəfəsimin içində oturan uşaqlardır.
Mənim Uğur adlı bir oğlum var idi, 5 aylığından etibarən onu mən böyütmüşdüm. Onunla nəfəs-nəfəsə idik. O gedəndə çox pis olmuşdum. Uğur və Ömür çox fərqli uşaqlardır. Digər uşaqlar məni nənələri kimi görüb çox istəyirlər, amma Uğur və Ömür tamam fərqlidirlər. Hər detalıma qədər fikir verirlər, çox diqqətcildirlər. Hər ikisi mənim əşyalarımla yatırdılar. İndi Ömür elə yatır, Uğur da belə idi və artıq gedib. Nə qədər çətin olsa da, mənə ağır gəlsə də, onların xoşbəxtliyi mənim hisslərimdən daha vacibdir. Mən eqoist yanaşa bilmərəm.

 

– Günümüzdə bir çoxları bioloji övladı olsa da, yenə də övladlığa uşaq götürmək üçün müraciət edirlər. Ümumiyyətlə, kimlər övladlığa uşaq götürə bilər? Tələblər və müəyyən yaş həddi varmı?


- 60 yaşından yuxarı bir şəxsin 3 yaşlı uşaq götürmək istəyi çox absurddur. Təəssüf ki, Azərbaycanda övladlığa yalnız sağlam uşaqlar götürülür. Avropada isə vəziyyət fərqlidir, orada əqli qüsurlu və ya digər sağlamlıq problemləri olan uşaqlar da himayəyə götürülür. Bunun səbəbi odur ki, Avropa dövlətləri himayədarlara maddi dəstək göstərir. Azərbaycanda isə belə dəstək yoxdur, buna görə də övladlığa götürənlər yalnız sağlam uşaqları seçirlər. Ən çox da 3 yaşa qədər uşaqlara üstünlük verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə tədbir görsə, qüsurlu uşaqların da ailələrə verilmə şansı arta bilər. İmkanlı ailələr bu addımı atmaq istəyər, lakin bunun təşviqi çox azdır. Azərbaycanda övladlığa götürmə üç mərhələdə aparılır. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. Həm qadınlar, həm də kişilər övladlığa uşaq götürə bilər, amma bir sıra hallarda bu mümkün deyil. 


Misal üçün, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya məhdudlaşdırılmış şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər, səhhətinə görə valideyn vəzifələrini yerinə yetirə bilməyən şəxslər, sülh, insanlıq, ictimai təhlükəsizlik və mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə, yetkinlik yaşına çatmayanlara qarşı qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər və s. uşağı övladlığa götürə bilməz. Həmçinin aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

 


– Sizə yardımlar olurmu?  Maliyyə məsələlərini necə həll edirsiniz?


- Heç bir maliyyə dəstəyi yoxdur. Bu ilin may ayında biz Sosial Xidmətlər Agentliyinin tenderində qalib gəldik. Əldə edilən vəsaitlə yalnız sığınacağın əməkdaşlarının maaşını ödəyəcəyik. Amma bu vəsait az olduğundan maaşı da az veririk. Bizdə on nəfər işləyir. Onlar gecə-gündüz 40–50 uşağa baxır. 

 

10 nəfər işçi dedikdə nəzərdə tutduğum budur: biri sosial işçi, digəri pedaqoq, bir hüquqşünas, 2 sosial müşayiətçi, kordinator kimi mənim özüm, bir tibb işçisi və bir mühasib. Bəs mətbəx? Bəs tərbiyəçi, gecə növbəsi, təmizlikçi, təsərrüfat müdiri?


Pul yoxdur. Bu maaşla hələ də işləyirlərsə, demək qəhrəmandırlar. Qısası, maddi yardım yoxdur. Sosial xidmət yalnız qrantlarla fəaliyyət göstərir, amma bu davamlı dayanıqlı sistem deyil. Biz gecə-gündüz çalışırıq, çünki körpəyə deyə bilmərik: “Bağışla, indi gedirəm evə, sən isə yatacaqsan”.


Gecə-gündüz işləyənlər var. Mən həftədə yalnız bir dəfə evə gedə bilirəm. Bir işçimiz art-terapistdir və o, uşaqların sağalmasında böyük rol oynayır. Uşaqlar incəsənətlə məşğul olur, bu, onların psixoloji inkişafı üçün çox önəmlidir. Ən əsası isə mətbəxdir. Mən gecə saat 2-yə qədər orada oyaq qalmalı oluram ki, səhər uşaqlara yemək verilsin. Səhər isə mən iclaslarda və görüşlərdə olmalıyam.


– İldə nə qədər uşaq gəlir sığınacağa? Əvvəlki illərlə müqayisədə artb ya azalıb?


- Mən artıq limit qoymuşam, çünki baxıram ki, bizim reabilitasiya prosesimiz iki növdür: qısa müddətli və uzun müddətli. Hər bir uşağın reabilitasiyası onun aldığı travmadan, təhsilindən və davranışından asılıdır. Bu faktorlar nəticəyə birbaşa təsir edir. Bu il çalışdım ki, yeni uşaqları daha az qəbul edim. Çünki mən köhnə uşaqlarımı təzə uşaqların qəbuluna görə sanatoriyalara göndərməli olardım. Sanatoriya yeni bir mühitdir, öz qayda-qanunları var. Ola bilsin orada qayda yox, xaos və qarışıqlıq olsun. Uşaqlar danışırlar ki, sanatoriyalarda bəzən normal yemək verilmir, çimmək istəyəndə su olmur və s. Bu zaman münaqişələr baş verir. Belə halda mən öz travmalı uşağımı nəyə görə sanatoriyaya göndərib əziyyətini artırım? Buna görə də bu il yeni uşaqların qəbulunu azaldıq. Amma nə qədər az götürsək də, reabilitasiyaya cəlb olunan uşaqlar sayı 150-dən yuxarı olur. Bəli, ildən-ilə faktlar artır və biz işimizi daha da genişləndiririk.


– Bəs gün ərzində sizin sığınacağa neçə müraciət olur?


- Gün ərzində mərkəzimizə müraciətlərin sayı kifayət qədər yüksəkdir. Biz sosial şəbəkələrdə ən çox izləyici kütləsinə malik QHT-lərdən biriyik, “Facebook”, “Threads”, “Telegram”, “TikTok” və “Instagram” üzrə ümumilikdə izləyici sayı 1 milyonu keçib. Belə böyük bir təşkilata gün ərzində ən azı 50 müraciət gəlir. İki qaynar xəttimiz var və daima “WhatsApp” üzərindən də şikayət və müraciətlər daxil olur. Ən çox müraciət edənlər qadınlar və uşaqlardır. Biz hər zəngi diqqətlə yönləndiririk və aidiyyəti quruma göndəririk. “WhatsApp” üzərindən dövlət qrupu ilə əməkdaşlıq edirik və gələn müraciətləri həmin qrupa göndərərək xahiş edirik ki, müvafiq icra orqanı məsələyə diqqət yetirsin. Amma bəzi hallar var ki, biz sanki müharibəyə çıxırmış kimi çətin vəziyyətlərlə üzləşirik. Məsələn, sosial xidmətlərə müraciət edirik ki, uşağın reabilitasiyası və müalicə müddəti bitib, onu dövlətin himayəsinə götürsünlər, amma müraciətimizə baxmırlar. Halbuki mediada hər hansı bir uşağın taleyi ilə bağlı sensasiya doğuran xəbər paylaşıldıqda dərhal uşağı himayəyə götürürlər. 


Maraqlıdır ki, son vaxtlar öz qohumu tərəfindən şiddətə məruz qalmış və travmalar almış bir uşağın taleyi barədə heç kim danışmır. Uşaq hazırda sosial xidmətlərin mərkəzindədir, amma onun barəsində məlumat verilməyib və reabilitasiyasının necə getdiyi açıq deyil. Ümumiyyətlə, dövlət uşaq müəssisələrinin fəaliyyəti niyə şəffaf deyil və nədən qorxurlar? Bu məsələləri danışdıqca bəzi insanlar qıcıqlanır.


Digər böyük problem efirlərdir. Mən dəfələrlə efirlərə çıxmışam və orada demişəm: “Uşaqları, ailə və məişət problemlərini efirlərə çıxarmayın. Bu məsələlər yalnız dövlət qurumları tərəfindən həll olunmalıdır”.

Bəzən orada oturan ekspertlər uşaqları və ailələri təhqir edir, aşağılayır. Mən onlara qarşı çıxmışam və soruşmuşam: “Siz kimsiniz ki, reytinq uğruna insanları aşağılayırsınız?”.

Əgər efirə problemli uşaq, qadın, kişi və ya ailə çıxarılırsa, onları dərhal dövlət qurumuna yönləndirmək, yardım göstərmək lazımdır. Reytinq uğruna uşaqların və ailələrin vəziyyətini efirlərdə nümayiş etdirmək düzgün deyil.

 

– Elə bir hal olubmu ki, hər hansısa səbəbdən övladını sığınacağa yerləşdirən, ondan imtina edən valideynlər sonradan sizə müraciət edərək övladını geri istəsin? Burada dəyişən nə olub ki, valideyn fikrindən dönüb?


- Bəzi valideynlər uşaqla əlaqə zamanı “pemşançılıq” duyğusu yaşayırlar. Amma bu, çox vaxt müvəqqətidir. Məsələn, Mələk adlı bir qız var idi. O, 3 yaşında anası tərəfindən davamlı döyülürdü. Biz Mələyi artıq bir ilə yaxındır reabilitasiya edirik, amma hələ də qorxu və travmalar qalır. Anası həbsdədir. Biz onu güclə bərpa etdik və reabilitasiyası hələ də davam edir. Bir müddət sonra anası zəng edib ağlaya-ağlaya dedi ki, “Mən sizinlə görüşmək istəyirəm, sizin bilmədikləriniz var”. Axı, mənim bilmədiyim nə ola bilərdi? Səbəb hər nə olursa olsun, nəticə ortadadır: uşaq böyük travma alıb. Burnundakı çapıq hələ də qalır və böyüyəndə yalnız estetik əməliyyatla düzələ bilər. Valideyn hüququndan məhrum edilib və anası həbsdədir. Oxşar bir hadisə də olub: bir uşaq övladlığa verilib, anası gəlib “Uşağımı istəyirəm” deyib. Artıq mümkün deyildi, çünki dövlət məhkəmə qərarı ilə uşağı başqa ailəyə vermişdi. Mən ona prosedurları izah etdim, dedim məhkəməyə müraciət et. O, bunu eşidib çıxıb getdi və bir daha gəlmədi.


Yəni mən demək istəyirəm ki, bu məsələdə inad, iradə və əzm olmalıdır. Bir dəfə müraciət edirlər, alınmasa, demək ki, proses bitdi.

Bizə qoşulun