“Rəqslərimizdəki o yeriş, duruş, baxış hanı, bunlar nə zaman olacaq?”
Həyatını sənətinə həsr edən, onu layiqincə təmsil edən, xalqın sevimlisinə çevrilən insanlar sənət fədaisi hesab olunurlar. Bu günlərdə 93 yaşı tamam olan xalq artisti, rəqqasə, xoreoqraf baletmeyster, Şərəf ordenli, prezident təqaüdçüsü Roza Cəlilova da o fədailərdəndir. O, milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir. Ona bəzən Azərbaycan rəqslərinin anası deyə müraciət edirlər.
Roza xanım 1957-ci ildə Həbəşistanda olan zaman, qahirəli məşhur rəqqasə Naimə Akif səhnədə oynayarkən onu gizli olaraq səhnənin arxasından böyük maraqla izləyib. Roza Cəlilovanın bu həvəsini görən xarici rəqqasə hind rəqsini ona öyrədəcəyini deyib və öz paltarlarını, ayağındakı zəncirlərini də ona verib. Hind rəqsini ondan öyrənən Roza Cəlilova Azərbaycanda bu rəqsi ilk oynayan sənətkarlarımızdan olub. O, eyni zamanda, Orta Şərq rəqsi və ya ərəb milli -folklor rəqsinin Azərbaycanda ilk ifa edən rəqqasəmiz olub.
Biz də Medianews.az saytı olaraq dəyərli sənətkarımızı təbrik etmək üçün evində qonaq olduq.
– Roza xanım, 93 yaşınız tamam oldu. 93 yaş bir sənətkar üçün nə ifadə edir?
– 93 yaş az deyil. Həyatımı sənətimə, yaradıcılığıma həsr etmişəm. Gözəl günlər, konsertlər, festivallar, səfərlər, böyük səhnələr, tamaşaçı sevgisi, alqışlar və nələr, nələr görmüşəm.
– O zamandan bu zamana nələr dəyişib?
– Çox şey… Məsələn o zamanlar konsertlərdə, böyük səhnələrdə rəqsləri fonoqramla ifa etmirdilər. Biz sözlərə uyğun rəqslər qururduq. İndi baxıram ki, elə deyil. Misal üçün, “Buleyli” mahnısının rəqsi ritmimə necə düşdüsə 2 saat ərzində ona rəqs hazırladım və o rəqs də böyük səs-səda doğurdu. Bu rəqsi Niyazi Tağızadənin xahişi ilə hazırlamışdım. Rəqs etmək üçün ürək lazımdır. Düzdür, təhsilin də rolu böyükdür, ancaq ürəyin olmasa, səhnədə oynaya bilməzsən. Bu baxımdan, mən ürəkli idim. Sənətimi çox sevirdim, səhnədə özümü unudurdum, başqa biri olurdum.
– Bəs indi hazırlanan rəqslər sizi qane edirmi?
-İndi hazırlanan rəqslər o qədər də qənaətbəxş deyil. Çünki baxıram ki, qızların əlləri göydədir. Rəqsdə bir əl, bir ayaq, bir də süzməmiz var ki, onlardan 100 jest etmək mümkündür. Əlləri göydə fırlatmaqla musiqini yola verirlər, üzlərində mimika yoxdur. Bu nədir? Rəqs bizim güzgümüzdür, gərək ona baxıb, özümüzü görək. Hər yerdə rəqsə böyük yer verilir. Rəqslərimizin öz dili var.
Üç hərəkətimiz var, rəqsin quruluşçusunda istedad varsa, o, 3 hərəkəti 300 edir. Sifət, mimika, incə hərəkət, zərif gülüşü ilə rəqsi bəzəyir. İndiki rəqslərdə bu yoxdur. Bir də görürsən ki, böyük bir nağara çıxarıb onun ifasında rəqs edirlər. Bizimki dəfdir, nağara deyil. Bizim rəqslərimizdə əsas barmaqlar oynamalı, üz mimika musiqisinin sözlərinə uyğun hərəkət etməlidir. Hanı o Niyazi Tağızadə, Şıxəli Qurbanov? Heyf ki, indi onlar kimi sənətkarlarımız yoxdur.
-Deyirlər, o sənətkarlardan olmayacaq. Bu yanaşma nə qədər doğrudur?
– O zamanlar indiki kimi deyildi axı. Hər oynayanı efirə, səhnəyə buraxmırdılar. O sənətkarlar rəqsin üzərində çalışırdılar, onu ifa edənlərə diqqətlə baxıb, sonra səhnəyə buraxırdılar. İndi yerindən duran səhnədə oynayır. İndiki qızlar səhnədə ancaq fırlanırlar. Bəs rəqslərimizdəki o yeriş, duruş, baxış hanı? Bunlar nə zaman olacaq? Maraqlı deyil onlara.
-Yaradıcılığınıza nəzər saldıqda siz folklorla peşəkar rəqsin sintezini yaratdığınız üçün maraqla qarşılanmısınız…
– Bunun nəyi pisdir ki? Milli rəqs ənənələrinə başqa bir tərz gətirdim və bunu bu gün də qətiyyətlə deyirəm. Otururam və əvvəl etdiyim rəqsləri göz önünə gətirirəm, onlara bu gün peşəkar gözü ilə baxıram, bəzən nöqsan da tapıram. Gör bu sənətə mənim nə qədər diqqətim var ki, əvvəlki rəqslərimi götür-qoy edib deyirəm ki, indi bu hərəkəti başqa cür edərdim. Sənətkar yüz il yaşasa da, öz işində nöqsan tapmalıdır. Yaşa dolduqca sənətkarın özünə qarşı tələbkarlığı daha da artmalıdır.
– Azərbaycanda ilk dəfə hind və Orta şərq, ərəb milli rəqslərini siz ifa etmisiniz. Tamaşaçılar tərəfindən bu rəqsləriniz necə qarşılandı?
– Hind rəqsini ilk dəfə Azərbaycana mən gətirdim. Bu rəqsi mənə əsl sənətkar Naimə Akif öyrətmişdi. O, mənə öz paltarını, əşyalarını bağışlamışdı. Mən onu unutmaram. İndiki hind rəqslərini oynayan rəqqasələr hindlilərə baxıb hərəkətləri oradan götürürlər. Onlar rəqs hərəkətlərinin mənasını da anlamırlar, beyinlərinə gələn hərəkəti edirlər. Elə hesab edirlər ki, hind rəqsi oynayırlar. İndiki hind rəqqasələrin heç biri peşəkar deyil.
Ötən gün bir təqdimata getmişdim, gördüm biri məni səslədi, dedi ki, Roza xanım, çox gözəl hind rəqsləri ifa edirsiniz. Demək istəyirəm ki, indiyə kimi mənim o rəqslərim yaddan çıxmır. Bu məni sevindirir.
– İndi rəqs edərsinizmi?
– Mənim 93 yaşım var. Yaş öz sözünü deyir. Unutmamışam o jestləri. Bəzən evdə otururam bu otaqdan o biri otağa gedəndə hərəkətləri edərək keçirəm. Bu, gərək insanın canında olsun.
– Bu sənəti seçdiyiniz üçün peşman olduğunuz məqamlar olubmu?
– Peşman olmamışam, amma mənə qarşı paxıllıq edənlər olub. Hansı ki, o insanlara görə mən nələri gözə almışdım. İndi düşünürəm ki, gərək etməyəydim. Mənim sənətə gətirdiklərim məndən daha tez fəxri ad aldılar. Amma elə insanlar var idi ki, zəng edirdi ki, qızımı sizə görə rəqsə qoymuşam. Sizi görüb həvəsə gəlmişəm və övladlarımı rəqsə yazdırmışam. Haqq hər zaman öz sözünü deyir.
Bir neçə ay bundan öncə Mədəniyyət naziri Anar Kərimovla da görüşdüm. Hesab edirəm ki, onun Azərbaycan mədəniyyətinə və incəsənətinə töhfəsi çox olacaq. Azərbaycanın savadlı, istedadlı və işini bilən gənclərə ehtiyacı var. O, ölkəmizi bir çox beynəlxalq layihələrdə təmsil edib. Ümid edirəm ki, onun təcrübəsi və uzaqgörənliyi Azərbaycan mədəniyyətini inkişafa doğru aparacaq.
– Uzun müddət yerli və beynəlxalq səhnələrdə Qarabağ musiqilərinə rəqslər qurmusunuz. Bu gün Qarabağ azadlıqdadır. 30 ildən sonra o torpaqlara yenidən getmək istərdinizmi?
– Məni kim dəvət etsin? O sənətkara qiymət verən insanlar indi yoxdur axı. O zaman mənim rəqslərimi görəndə deyirdilər ki, Roza xanımın rəqsləri poema yaradır. Allah onlara rəhmət eləsin. Həmin sənətkarlar üçün darıxıram.
Ömrümün 76 ilini sənətimə həsr etmişəm. Mənim haqqımda milli rəqslərimizin anası deyirlərsə, bu gün mən niyə orada deyiləm, bunu aidiyyəti qurumlardan soruşmaq lazımdır.
Biz 30 ildir ki, torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyirdik. Şükürlər olsun bu günümüzə ki, Ali Baş Komandanımızın sayəsində bu gün torpaqlarımız azad olunub. Bunun üçün prezidentimizə minnətdarıq. Cənab İlham Əliyevi uşaqlığından tanıyıram. O, 6 nömrəli məktəbdə təhsil alırdı və mənim qızımla bərabər oxuyurdu. Məktəbdə tez-tez rastlaşırdım onunla, elə şagird vaxtlarından çox nizam-intizamlı və qərarlı idi.
– İndi gənc xareoqrafların qurduqları rəqslər bizim milli -mənəvi dəyərlərimizi özündə əks etdirməyi bacarırmı?
– İndi qurulan rəqslərimizdə nazənin yerişlər, ülkər baxışlar yoxdur. Bizim rəqslərimiz utancaq idi. Rəqslərimizi bayağılaşdırıblar.
– Bu gün o gəncləri yetişdirən orta və ali təhsil ocaqlarımız var ki, orada çox istedadlı və peşəkar pedaqoqlarımız dərs deyir.
– Bununla razıyam, amma mənə çox təsir edir ki, ölkədə xoreoqraf yetişdirən Xoreoqrafiya Akademiyası neçə aydır ki, başsızdır. Müvəqqəti təyin edilən rəhbər ümidləri doğrultmur. Ora Əziz Qarayüsifli adlı istedadlı bir pedaqoq gəlmişdi. O, işdən çıxanda soruşdum ki, niyə gedirsən? Dedi mənə burda mane olurlar. O qədər mədəni, utancaq insan idi ki… Hazırda akademiyada dərs prosesində şagirdləri konsertlərə cəlb edirlər, dərslər qalır kənarda. Mənim nəvəm orada təhsil alır. Özüm də görürəm ki, burada gənclərin istəklərini, arzularını məhv edirlər. Mənim qızıma, Akademiyanın fəal valideyninə qadağalar qoyulur. Valideynlər də zəng vurub mənə öz nazılıqlarını bildirirlər. Akademiyanın müvəqqəti rəhbəri qapıçıya tapşırıb ki, qızımı ora buraxmasın. O kimdir ki, mənim qızıma qadağa qoysun?
Buraxılışa bir ay qalmış nəvəmə rəqs verilib. Əmr verib ki, nəvəmə rəqs verilməsin. Buraxılış imtahanına bir il qabaq hazırlamaq lazımdır. Bu səhnədir, rəqsi səhnədə yaşamalıdır. Bir aya o uşaq necə hazırlaşsın? Mənim yubileyimdə nəvəm dırnaq üstündə bir ləzginka oynadı ki, hər kəs onu ayaq üstündə alqışladı. Mənim öyrətdiyim tələbələrim 200 nəfərin müəllimidir. Mənim nəvəmi necə gözümçıxdıya salmaq olar? Ayıb deyil? Mən bu barədə mətbuata açıqlama verirəm, ona da əla uzadırlar. Mənim sözümün qarşısında bu nə hərəkətdir?
Akademiyanı toyxanaya çevirib, sanki orada toy rəqqasları yetişdirir. Savadlı şəxsləri buradan xaric edirlər. Buna bir əncam çəkilməlidir. Yoxsa gənclərimizin gələcəyi uçuruma doğru gedəcək. Buradan aidiyyatı qurumlara da səslənirəm ki, gənclərimizi daha etibarlı əllərə əmanət etsinlər. Buradan bütün gənclərə uğurlar arzu edirəm. Yaşasınlar, yaratsınlar, ən əsası sənəti sevsinlər.
P.S: Biz də 93 yaşlı sənətkarımızı təbrik edib, ona uzun ömür-can sağlığı arzulayırıq.
Xəyalə Rəis
Medianews.az