Prezident İlham Əliyev noyabrın 17-də mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi əsasnaməsini təsdiqləyib. Əsasnamədə mərkəzi icra hakimiyyəti orqanlarının paytaxt Bakıda yerləşməsi nəzərdə tutulur.
Mərkəzi icra hakimiyyəti orqanları bunlardır:
- Xarici İşlər Nazirliyi
- Müdafiə Nazirliyi
- Müdafiə Sənayesi Nazirliyi
- Ədliyyə Nazirliyi
- Daxili İşlər Nazirliyi
- Fövqəladə Hallar Nazirliyi
- Maliyyə Nazirliyi
- İqtisadiyyat Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyi
- Energetika Nazirliyi
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- Elm və Təhsil Nazirliyi
- Səhiyyə Nazirliyi
- Mədəniyyət Nazirliyi
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Gənclər və İdman Nazirliyi
- Dövlət Gömrük Komitəsi
- Dövlət Statistika Komitəsi
- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
- Diasporla İş üzrə Dövlət Komitəsi
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
- Dövlət Təhlükəsizliyi Xidməti
- Xarici Kəşfiyyat Xidməti
- Dövlət Sərhəd Xidməti
- Dövlət Miqrasiya Xidməti
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
- Dövlət Turizm Agentliyi
- Qida Təhlükəsizliyi Agentliyi
- Dövlət Su Ehtiyatları Agentliyi
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
- Milli Arxiv İdarəsi.
Zaman-zaman bəzi mərkəzi icra hakimiyyəti orqanlarının paytaxtdan köçürülməsi təklifləri səsləndirilir. Buna getmək olarmı? Bütün nazirliklərin və eyni statuslu qurumların paytaxtda yerləşməsi zəruridirmi?

Milli Məclisin komitə sədri Fazil Mustafa Medianews.az-a açıqlamasında deyib ki, əgər islahatlar aparılarsa, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının regionlarda yerləşməsi mümkün ola bilər: "Hər halda bu, dövlət başçısının səlahiyyətinə aid bir məsələdir. Hazırda bu cür məqsədəuyğun hesab edirsə, deməli, hələlik belə davam etməlidir. Amma gələcəkdə məqsədəuyğun sayılsa, müəyyən dəyişikliklər ola da bilər. Çünki regionların inkişafı və paytaxtın yükünün yüngülləşdirilməsi baxımından buna müəyyən qədər zərurət artıq yaranmaqdadır".

Hüquqşünas Qulamhüseyn Əlibəyli Medianews.az-ın sorğusuna cavab olaraq bildirib ki, adətən mərkəzi idarəetmə səviyyəsində olan icra strukturları dövlətin paytaxtında yerləşir: “Düzdür, qanunverici və məhkəmə hakimiyyəti orqanlarının müxtəlif məkanlarda yerləşməsi təcrübəsinə də rast gəlinir. Amma dünyanın əksər ölkəsində belədir ki, mərkəzi icra strukturları ya dövlət başçısına, ya da nazirlər kabinetinə tabedir. Buna görə də onlar faktiki gündəlik əlaqədə olurlar və eyni şəhərdə yerləşmələri bu baxımdan məqsədəuyğundur.
Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları daima Bakıda yerləşib. Əlbəttə, informasiya texnologiyalarının çox sürətlə inkişaf etdiyini nəzərə aldıqda mərkəzi icra hakimiyyəti orqanlarının bir qisminin ayrı-ayrı şəhərlərdə yerləşə biləcəyini də istisna etmək olmaz. İnformasiya texnologiyalarının inkişafı bu halda da daimi, gündəlik, canlı əlaqəni təmin edə bilər. Lakin bütövlükdə icra hakimiyyətinin mərkəzi infrastrukturu Bakıda yerləşdiyindən, bu mexanizm kompleks şəkildə paytaxtda qurulduğundan indi hər hansı bir nazirliyin, yaxud eyni statuslu digər strukturun ayrıca Bakı şəhərindən kənara çıxarılmasını düzgün variant hesab etmirəm. Bütövlükdə hökumətin özünü – Nazirlər Kabinetini, digər mərkəzi icra hakimiyyəti orqanlarını yeni yerə keçirmək olar. Amma ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarını Azərbaycanın bölgələri arasında səpələməyə xüsusi zərurət görmürəm. Bir daha vurğulayıram ki, idarəetmə nöqteyi-nəzərindən ən yaxşısı onların paytaxtda yerləşməsidir, yəni hazırkı yanaşmanı daha məqbul sayıram”.

Siyasətçi, iqtisadçı Natiq Cəfərli Medianews.az-a bildirib: “Bəzi dövlət orqanlarının paytaxtdan regionlara köçürülməsi haqqında bəlkə də 10-15 ildir məsələ qaldırırıq. Bununla bağlı təklifləri dəfələrlə səsləndirmişik. Ərazi bütövlüyümüzü, bütün torpaqlarımızda suverenliyimizi bərpa edəndən bəri məsələ daha da aktuallaşıb, buna zərurət, ehtiyac daha da artıb. Paytaxtın çox yükləndiyini hamımız görürük. Bəzi mərkəzi orqanların Bakıdan kənara köçürülməsi paytaxtın yükünü azalda bilər. Bakıya köçün qarşısı alınar. Regionlarda isə yeni iş yerlərinin yaranmasına, iqtisadi aktivliyin güclənməsinə təkan verilər. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin, bəzi başqa nazirliklərin, dövlət qurumlarının, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin paytaxtda olması vacib deyil. Bunları misal kimi deyirəm, daha çox qurumun adını çəkmək olar. Hətta bəzilərinin paytaxtda yerləşməsinin heç bir anlamı yoxdur. Düşünürəm ki, gələcəkdə bununla bağlı müəyyən qərarlar verilə bilər”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb.
