Son günlər məşhur müğənni Nura Suri mediada və sosial şəbəkələrdə geniş müzakirə olunaraq gündəmin əsas şəxslərindən birinə çevrilib. Onun ətrafında həm mənfi, həm də müsbət rəylər formalaşıb və bu, ictimai diqqəti daha da artırıb.
Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında Nura Suri deyib:
“Hər hansı bir qurum haqqında fikir bildirdikdən sonra sosial şəbəkələrdə trolların dərhal fəallaşacağını yaxşı bilirdim. Adətən insanı gözdən salmaq, cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaq üçün şərhlərdə, statuslarda, TikTok-da və digər platformalarda kampaniyalar aparırlar. Bunu mənə qarşı da etdilər. Mən bunu gözləyirdim və baş verəcəyinə əmin idim. Olmalı idi. Amma məni təəccübləndirən tam başqa məqam oldu”.
N.Suri qeyd edib ki, heç tanımadığı insanlar onun müdafiəsinə qalxıb:
“Mənim üçün o qədər xoş sözlər yazdılar ki... Elədiyim yaxşılıqları, vallah, çox vaxt yadımda belə saxlamıram. Lakin həmin insanlar çıxıb mənim haqqımda statuslar paylaşdılar, öz səhifələrində yazdılar, gördükləri yaxşılıqları qeyd etdilər. Təsəvvür edin, mənə pislik etmək istəyənlər öz əlləri ilə mənə yaxşılıq etdilər. İnsanları ayağa qaldırdılar”.
Sənətçi mediadan da narazılığını vurğulayıb:
“Təsəvvür edin, bir həftə öncə mənim statusumu götürüb, demədiyim sözləri də əlavə edib Mədəniyyət Nazirliyinə qarşı yazı yaymışdılar. Dünən isə elə qeyri-peşəkar yanaşma sərgilənib ki, sanki yazını xəbər portalında yox, kiminsə şəxsi sosial şəbəkə hesabında oxuyursan. Gördülər ki, insanlar etiraz edir, əleyhimə ard-arda iki məqalə də dərc etdilər.
Məqsədləri trolları mənə qarşı ayağa qaldırmaq, şərh bölmələrində barəmdə söyüşlər yağdırmaq, haqqımda pis fikir formalaşdırmaq idi. Amma nəticə tam əksinə oldu. Real insanlar mənim müdafiəmdə durdu.
Haqqımda xoş söz yazan, məni müdafiə edən hər kəsə təşəkkür edirəm. Bilirəm ki, əgər bu hadisələr baş verirsə, deməli, düzgün yoldayam”.
Xatırladaq ki, N.Suri bir neçə gün öncə Mədəniyyət Nazirliyini tənqid etmişdi.
Oğuz Ayvaz,
Medianews.az