Kino zalından çıxan tamaşaçıların ortaq hisslərindən biri də emosional film boyunca saxlamağa çalışdıqları göz yaşlarının təsirindən qurtula bilməməkdir. Bəzi ekran əsərləri yalnız kədərli hekayə danışmaqla kifayətlənmir, izləyicini dərin emosional boşluğa sürükləyir.
Medianews.az xəbər verir ki, Emma Tompsonun "Love Actually" (Gerçək sevgi, 2003) filmindəki səssiz kədəri və ya "Terminator"un vida səhnəsi kino tarixinə düşsə də, elm mövzuya daha konkret yanaşmağa qərar verib. Aparılan araşdırmalar ən çox göz yaşı tökdürən səhnəni elmi göstəricilərlə müəyyənləşdirib.
Hər şey 1988-ci ildə Kaliforniya Universitetində çalışan psixologiya professoru Robert Levenson və tələbəsi Ceyms Qrossun marağı ilə başlayıb. İnsanlarda ən güclü emosional sarsıntını hansı səhnələrin yaratdığını araşdırmaq istəyən komanda laboratoriya şəraitində genişmiqyaslı təcrübəyə start verib. İllər ərzində 250-dən çox film fraqmenti araşdırılıb, siyahı daraldılıb və nəhayət nəticə müəyyənləşib. Elmin "ən çox ağladan film" kimi elan etdiyi ekran əsəri 1979-cu ildə çəkilmiş, baş rolda Con Voytun oynadığı "The Champ" ("Çempion") filmi olub.
"Bambi"ni geridə qoydu
Tədqiqatçılar Franko Zeffirellinin rejissoru olduğu bu ata-oğul hekayəsinin tamaşaçılar üzərində yaratdığı təsirin bənzərsiz olduğunu bildirirlər. Təqaüdə çıxmış boksçunun oğlu T.C.-nin gələcəyi naminə son dəfə rinqə çıxmasını əks etdirən filmin final səhnəsi ən soyuqqanlı izləyicini belə sarsıda bilir. Kiçik uşağın atasını oyatmağa çalışdığı təxminən üç dəqiqəlik səhnə "Disney"in əfsanəvi "Bambi" filmindəki məşhur itki səhnəsindən belə daha çox göz yaşı tökdürüb. Təcrübə iştirakçılarının reaksiyaları o qədər güclü olub ki, film kədər səviyyəsini ölçmək üçün standart vasitəyə çevrilib.
Bu üç dəqiqəlik səhnə bu gün də elmi araşdırmalarda aktiv şəkildə istifadə olunur. 300-dən çox elmi məqalədə istinad edilən tədqiqat yuxu pozuntularından tutmuş asılılıq müalicəsinə qədər müxtəlif sahələrdə aparılan təcrübələrdə iştirakçıların kədərləndirilməsi lazım gəldikdə ilk müraciət olunan üsullardan biridir. Onilliklər keçməsinə baxmayaraq, bu təsirli kadr insan psixologiyası üzərində gücünü qoruyur.
Əgər bu filmi izləyərkən göz yaşlarınızı saxlaya bilməmisinizsə, tək deyilsiniz. Artıq bunun bioloji izahı da mövcuddur.