Medianews.az
İstanbulu saran bəla və ya dietik nəşə
95 baxış

İstanbulu saran bəla və ya dietik nəşə

Biz Sadəddin Saranı Hülya Avşarı saran və ona para sayan vaxtından tanıyırıq. Hülya xanım daha əvvəldən tanışdır, zatən Sadəddin bəyi də o məşhurlaşdırmışdı – ona ərə gedərək. Namxuda, xanım Avşar bu minvalla 6-7 kişini məşhur edib – bir aralar saya-saya gedirdi. Sənətçi sübut edirdi ki, o, "bir yumaq sarar kimi acılardan keçmiş" Sezen Aksudan fərqli olaraq o, imkansız aşklar üçün yaradılmayıb.

Ancaq söhbət bunda deyil, ondadır ki, Sadəddin Saranın nəşəxor çıxması gözlənilməz oldu. Buna qədər biz onu futbol tutqulu biri zənn edirdik, amma o gəldi, gəldi, nəşə üstündə tutuldu.

Hələ onun başqa qadınlarla açıqlanan yazışması göstərir ki, sayın Saran o biri məsələlərdə də fağır, farağat adam olmayıb, özü kafada olan qadınları narkotik partisinə dəvət edirmiş, ekstaza gəldikdən sonra onlara şeir oxuyurmuş.

Düzdür, belə yazışmaların mediaya sızdırılması işin rəngini bir qədər dəyişir, adamın haqqında məhkəməyə qədər mənfi ictimai rəy yaradır.

Bu coğrafiyada təqsirsizlik prezumpsiyası-zad hərlyən yoxdur. Çox sərvətli, yüksək mənsəbli adam ilişəndə, elə ertəsi gün7 cür pis əməldə təqsirli olması barədə xəbərlər yayılır və elə hökmlər verirlir ki, heç məhkəməyə də ehtiyac qalmır. Bas türməyə, 10-15 il yatsın.

Qoca Şərq uzun-uzadı mühakimə proseslərini sevmir, adam tutulubmu, tutulub, ta təqsirini etiraf edir, etmir, yetərli sübut var, yoxdur, ikinci dərəcəli işdir. Düz adamı tutmazlar. Tutulubsa, demək, düz adam deyil, yatmalıdır. Düşüncə budur.

O Qərbdir, cinayət üstündə tutulmuş adamların vəkilləri, himayədarları işə qarışır, zamin durur, girov qoyur, axırda adamı buraxdırırlar – ya şərti iş verirlər, ya da ev dustağı fason bir şey edirlər.

Bir dəfə yolumuz düşmüşdü, jurnalist dostlarla Amsterdamın ortasında kanalda qayıqla üzürdük, birdən fikir verdim ki, kanalın kənarında oturmuş gənc qız və gənc oğlan (yaşları 17-18) dədə-baba qaydası ilə siqaretə anaşa doldururlar. (Bu andırın texnikası Hacıqabulda necədirsə, Amsterdamda da elədir). Dostlar dedilər, bu, onlarda adi şeydir, qanunidir, aptekdə satılır, alır, boş vaxtlarında nəşələnirlər.

Bəli, nəşəxorluq üstündə isə artıq oralarda heç kəsi tutmurlar, hətta üstündə istehlak miqdarında başqa narkotik maddə gəzdirərkən yaxalananlara, deyirlər, get, istifadə et, halal xoşun olsun. Məşhur milyarder İlon Maskın narkoman olduğu keçən ildən bəlliydi, barəsində daşdan keçən dəlillər vardı, amma buna görə ona bir şey etmədilər, hətta Ağ Evdə yekə bir vəzifə verdilər, 5-6 işlədi.

Amma Saran əfəndinin işi başqa cürdür, o narkotiki təkcə kullanmırmış, kullanmaq istəyənlər üçün də təşkil edirmiş, hesab edirmiş ki, paylaşmaq gözəldir. İndi onun narkoman yoldaşlarını da məsuliyyətə cəlb edirlər, deyirlər, türmə hücrələrini bərabər paylaşın.

Məsələnin ən pis tərəfi odur ki, bu gedişlə qardaş ölkədə çöldə-bayırda tanınmış sənətçi, idmançı qalmayacaq, hamısını içəri aparacaqlar. Sanki bu zalımların başqa işi-gücü yoxmuş, ya səhərdən axşama qədər hallanırmışlar, ya da qanunsuz mərc qoşurmuşlar. Adama deyərlər, bu haram işləri edirsiniz, barı bunun qanunisini edin də.

Yenə onlar gözəgörünməzə şükür etsinlər ki, şəriət rejimində yaşamırlar, yoxsa, vallahi, mollalar onlara iki büküm “şey” üstündə edam cəzası kəsərdi, əlli-ayaqlı gedərdilər.

Belə bir söhbət də var ki, əslində siqaret marixuanadan daha zərərlidir, içində nikotin, cürbəcür kanserogen maddələr var. Elə çıxır ki, anaşa xeyirlidir. O gün bu barədə danışan birinə dedim ki, yaxşı, elədirsə, niyə nəşəxorların hamısı arıqdır. Zarafata saldılar ki, onlar dietik nəşə çəkirlər.

Siz o deyilənlərə baxmayın, əziz gənc oxucular. Bu kimi beyin dumanlandıran şeylərdən xeyir tapan olmayıb hələ. Çox içki içmək də, nəşə çəkmək də, orqanizmə digər zərərli mayeləri daxil etmək də könüllü dəlilikdir. 1-2 dəfə “prob” eləməyin axırı pis yerə gedir.

Saran heç, onun pulu, əlaqələri çoxdur, bu işdən qurtulacaq, gəlib qaldığı yerdən işinə, gücünə davam edəcək. Kasıbınkı odur ki, qayğısını, dərdini çəksin, otursun yerində.

Bizə qoşulun