İsrail ordusu Livanın cənubu ilə şimalını birləşdirən əsas keçidlərdən biri olan Qassimiyyə körpüsünə hava zərbəsi endirib.
Medianews.az xəbər verir ki, Hücum nəticəsində körpünün Litani çayı üzərində yerləşən hissəsi tamamilə dağıdılıb. Hadisə anı ərazidə yerləşən təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məlumata görə, İsrail döyüş təyyarələri Tir şəhərini cənubi Livandakı Sidon şəhəri ilə birləşdirən strateji əhəmiyyətli Qassimiyyə körpüsünü bombalayıb. Bu körpü Livanın cənubu ilə şimalı arasında əsas nəqliyyat keçidlərindən biri hesab olunur.
İsrail müdafiə naziri Yisrael Katz açıqlamasında bildirib ki, Baş nazir Benyamin Netanyahu İsrail ordusuna Litani çayı üzərində yerləşən körpülərin bombalanması ilə bağlı göstəriş verib. İsrail tərəfi bu infrastrukturların Hizbullah tərəfindən istifadə edildiyini iddia edir.
Son məlumatlara görə, İsrail ordusu Livana qarşı hava və dənizdən intensiv hücumlarını davam etdirir. Martın 2-dən etibarən başlayan hücumlar nəticəsində Livanda vəziyyət daha da gərginləşib.
Medianews.az