Medianews.az
İkardi ilə yollar ayrılır? -
139 baxış

İkardi ilə yollar ayrılır? - “Qalatasaray”dan geri addım

“Qalatasaray”da Mauro İkardi ilə yeni müqavilə danışıqları davam edərkən argentinalı hücumçunun gələcəyi ilə bağlı diqqətçəkən iddialar gündəmə gəlib.

Medianews.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan xəbərlərə görə, baş məşqçi Okan Burukun rəhbərliyə təqdim etdiyi hesabat klubun transfer planlamasına təsir edib.

Türkiyə Futbol Federasiyasının legioner limitini 10+4 formatında açıqlamasından sonra “Qalatasaray”ın İkardi məsələsində ehtiyatlı mövqe tutduğu bildirilir. Klub rəhbərliyinin yüksək maliyyət səbəbindən transfer büdcəsinə yenidən baxdığı iddia olunur.

Məlumata görə, Okan Buruk Mauro İkardinin komandada qalması ilə bağlı rəhbərliyə qəti “qalmalıdır” məzmunlu hesabat təqdim etməyib. Bu səbəbdən klubun futbolçuya təklifin artırılmasına isti yanaşmadığı vurğulanır. İkardinin də bu prosesdən sonra komandada qalmasının çətin olduğu qeyd edilir.

İddialara əsasən, illik təxminən 10 milyon avro qazanan argentinalı hücumçu üçün “Qalatasaray” 4 milyon avroluq büdcə ayırıb və rəsmi təklif göndərib.

Bununla yanaşı, Mauro İkardinin illik 7 milyon avro maaş və 2 illik müqavilə tələb etdiyi bildirilir. Futbolçunun menecerinin klubun təklif etdiyi məbləği aşağı hesab etdiyi deyilir.

“Sabah” qəzetinin xəbərinə görə, klub prezidenti Dursun Özbek mövcud şərtlər daxilində təklifin artırılmasını düşünmür. Tərəflər arasında danışıqların davam etdiyi, yekun qərarın isə yaxın günlərdə veriləcəyi gözlənilir.

“Qalatasaray” azarkeşləri indi gözlərini Mauro İkardinin gələcək qərarına çevirib. Argentinalı futbolçunun yaxın günlərdə mövqeyini dəqiqləşdirməsi gözlənilir.

Medianews.az

 

Bizə qoşulun