Medianews.az
İcra Hakimiyyətlərinin ləğvi yenidən
70 baxış

İcra Hakimiyyətlərinin ləğvi yenidən GÜNDƏMƏ GƏLDİ

Oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən rayon icra hakimiyyətində əməliyyat keçirlib. Əməliyyatlar zamanı rayonun icra başçısı İslam Rzayev saxlanılıb.

Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Başçının müavinləri saxlanılıblar. 

Son əməliyyatlar İcra hakimiyyətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.  Belə ki, İcra hakimiyyətlərinin ləğv edilməsi ilə bağlı müəyyən təkliflər səsləndirilir.

Bu daha çox İcra hakimiyyətlərinin artıq özünü doğrultmaması, yeni yaradılan Prezidentin xüsusi nümayəndəliyi institutunun daha səmərəli fəaliyyəti ilə əsaslandırılır.

Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib ki, İcra hakimiyyətləri müxtəlif islahatlara məruz qalmalıdır:

“Düşünürəm ki, yerli İcra hakimiyyəti orqanları qurum kimi islahatlara məruz qalmalıdır. Lakin İcra hakimiyyəti orqanlarının ləğvi ilə bağlı məsələnin aktual olacağını düşünmürəm. Yerli İcra hakimiyyətləri ərazi vahidlərində icranı həyata keçirən orqanlardır. İcra başçıları Prezident tərəfindən təyin olunur və ona  hesabat verirlər. Onunla razıyam ki, Prezidentin Xüsusi Nümayəndəliyi institutu səmərəliliyini tam doğrulda bilib. Amma unutmayaq ki, xüsusi nümayəndəliklərin əhatə etdiyi ərazilərdə bu gün İcra hakimiyyəti orqanları da mövcuddur, ləğv olunmayıblar. İslahat dedikdə, biz müxtəlif modelləri nəzərdən keçirə bilərik. Məsələn, bu gün Naxçıvan Muxtar Respublikasında Prezidentin Xüsusi Nümayəndəliyi var. Bununla yanaşı, orada yerli İcra hakimiyyəti orqanları da fəaliyyət göstərir. Bu, hər iki qurumun birlikdə çalışa biləcəyini göstərir. Yerli İcra hakimiyyəti orqanları ləğv olunsa, həmin ərazi vahidlərində insanlarımız hara müraciət edəcəklər, rayonun müxtəlif qurumları ilə kim işləyəcək? Nəzərə alaq ki, mərkəzi hakimiyyət orqanları regionallaşma prosesinə start veriblər. Rayonların özlərində İcra hakimiyyətləri var ki, onlar fəaliyyətləri əlaqələndirir. İndi İcra hakimiyyətləri orqanları ləğv olunsa, kim bu məsələni əlaqələndirəcək? Xüsusi Nümayəndəliyə bir yox, bir-neçə rayon daxil olacağı nəzərə alınmalıdır. Burada müəyyən boşluqlar, uyğunsuzluqlar var. Düşünürəm ki, yerli İcra hakimiyyətlərinin ləğvindən danışmamalıyıq. Yerli İcra hakimiyyətlərinin fəaliyyətinin yenilənməsi, onun statusuna yenidən baxılması, səlahiyyətləri haqda islahatların həyata keçirilməsinə zərurət var. Onların daha səmərəli şəkildə fəaliyyət göstərməsi üçün, təbii ki, qanunvericilikdə dəyişiklik zəruridir və bu zamanın tələbidir".

Deputat vurğulayıb ki, hər hansı fundamental dəyişiklik, islahat olarsa, konstitusiyada da dəyişiklik edilməsi nəzərdə tutula bilər:

"Yerli İcra hakimiyyəti orqanlarının fəaliyyətinin təşkili, statusu, səlahiyyətləri ilə bağlı məsələlər Milli Məclisin müzakirə etdiyi məsələlərə aid deyil. Bu, müstəsna olaraq, cənab Prezidentin səlahiyyətlərinə aiddir. Bu gün də yerli İcra hakimiyyəti orqanları 2012-ci ildə cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyəti orqanları haqqında” Əsasnamə əsasında fəaliyyət göstərir. Hər hansı dəyişikliklər olarsa, bu, cənab Prezidentin fərmanı ilə tənzimlənə bilər. Ona görə də, əvvəlcədən nəsə deməyimiz mümkün deyil. Əgər belə bir zərurət yaranarsa, təbii ki, bax bu üsulda dəyişikliklər ediləcək. Onu da unutmayaq ki, yerli İcra hakimiyyəti orqanları haqda müddəalar milli Konstitusiyamızda da yer alıb. Yəqin ki, bu istiqamətdə hər hansı fundamental dəyişiklik, islahat olarsa, Konstitusiyada da dəyişiklik edilməsi nəzərdə tutula bilər".

Bizə qoşulun