Medianews.az
Hər il 2 milyon insan kolorektal xəstəliyə yoluxur –
111 baxış

Hər il 2 milyon insan kolorektal xəstəliyə yoluxur – Gənclər arasında da yayılır

Mart ayı dünyada “Kolorektal Xərçəngə Diqqət Ayı” kimi qeyd olunur.

Medianews.az xəbər verir ki, hər iki cins üçün ən çox rast gəlinən xərçənglər arasında kolorektal xərçəng üçüncü yerdədir. Bu xəstəlik hər il təxminən 2 milyon insanda aşkarlanır.

Son illərdə 50 yaşdan aşağı gənclər arasında kolorektal xərçəng hallarında artım müşahidə olunur. Genetik faktorlar, ailə tarixi, iltihabi bağırsaq xəstəlikləri, yaş və əvvəlki radiasiya təması dəyişdirilməyən risk faktoru hesab edilir. Qırmızı və emal olunmuş ət, lifsiz qidalanma, piylənmə, fiziki aktivliyin azlığı, alkoqol və siqaret isə dəyişdirilə bilən risk faktorlarıdır.

Xəstəlik erkən mərhələdə simptom verməyə bilər, lakin diqqət edilməli əlamətlər arasında bağırsaq vərdişində dəyişiklik, makatdan qanama, qarın ağrısı, çəki itkisi və anemiya əlamətləri daxildir.

Kolonoskopiya sedasiya altında aparıldığı üçün adətən ağrısızdır və erkən diaqnoz üçün həyati əhəmiyyət kəsb edir. 45 yaşdan sonra (risk qrupunda daha erkən) müntəzəm skrininq həyatı xilas edə bilər.

Riskdən qorunmaq üçün tövsiyələr:

  • Lifli qidalar (tərəvəz, meyvə, tam taxıllar, paxlalılar);
  • Qırmızı və emal edilmiş ətin məhdudlaşdırılması;
  • Mütəmadi fiziki aktivlik;
  • Sağlam çəki və kifayət qədər su istehlakı;
  • Siqaret və alkoqoldan uzaq durmaq.

Erkən diaqnoz və sağlam həyat tərzi kolorektal xərçəngdən qorunmaqda əsas amillərdir.

 Medianews.az

Bizə qoşulun