“Hacıbaba Bağırovla 1976-cı ildə “Həyətim mənim, həyatım mənim” əsərində ilk dəfə tərəf müqabili olmuşuq. Mən orada Fatma rolunu oynayırdım. Hacıbaba da əsərin baş qəhrəmanı idi. Biz o tamaşanı neçə-neçə bölgələrdə oynadıq. Hətta “Qızıl Fond”da qorunub saxlanılır. Sonra illərlə Hacıbaba ilə tərəf müqabili oldum. Hacıbaba bir sənətkar kimi xalqın sevimlisi idi. O cümlədən mənim də sevdiyim və sayğı ilə andığım tərəf müqabillərimdən biri olub. Allah ona rəhmət etsin. Sənətinə və özünə qarşı çox diqqətli idi, məşqə gecikməzdi, məsuliyyətli idi. Çox yaxşı geyinməyi sevərdi. Hətta mən 70-ci illərdə Gəncə Teatrında ilk addımlarımı atarkən orada mənə deyirdilər ki, Hacıbaba o qədər ac olub ki, pilləkənlərdən yıxılıb. Sonra oranın truppa müdiri deyib ki, “diqqətli ol, maaş da almısan, get yemək ye”. Hacıbaba deyib ki, “acam, maaşımı almışam, bir kostyum alacam deyə o maaşıma əl vurmuram”. Hər adam elə deyil. Geyiminə çox düşkün idi. Allah ona qəni-qəni rəhmət etsin. Mən Hacıbabanı, Siyavuşu itirəndən sonra səhnədə tək qaldım”. Bu sözləri Medianews.az-a açıqlamasında Əməkdar artist Kübra Əliyeva sənət dostu, görkəmli aktyor Hacıbaba Bağırovun doğum günü münasibəti ilə deyib.

Aktrisa bildirib ki, Hacıbaba Bağırovun ən böyük arzusu qızı ilə bağlı idi:
“Qızı Şöləni o qədər çox sevirdi ki.. Həmişə arzulayırdı, deyirdi ki, “bir dəfə əlindən tutub kaş birinci sinifə apara bilsəydim”. Heç vaxt yadımdan çıxmır. Arzu, mən, Şölə lojada oturmuşuq, Hacıbaba isə səhnədə Məşədi İbad rolunu oynayırdı. Orada bir səhnə var, papağını çıxarır ki, belə qoysam necə olar? Şölənin heç iki yaşı yox idi. Atasına baxıb deyirdi ki, “papa, papaq, papaq..” . Yəni ki, ata, papağını çıxart. Tamaşanın sözlərini əzbərləmişdi. Hacıbaba bütün məsləhətləri mənimlə edirdi. Biz çox yaxın dost olmuşuq. Arzu xanımla evlənəndə bir sağdışı mən idim, digəri də Lütfiyyə Səfərova.. .Şölənin dünyaya gəlməsi göz önümdədir. Qız atasına bu qədər bənzəyərmiş?! Getdim şəkilini çəkib gətirdim teatra. Siyavuşa dedim ki, sən Allah gör necə atasına oxşayır? Teatrda hamı sevinirdi. Bugünlərdə Hacıbabanın qızı Şölə Türkiyənin prezidenti Ərdoğanla görüşüb. O fotoları mənə göndərdilər. Çox sevindim. Təəssüf ki, çok kiçik yaşında bu qızını dünyada qoyub getdi. Arzu edirəm ki, atasının həyata keçirə bilmədiyi bütün planları qızı Şölə davam etdirsin”.
Əli Əsgər,
Medianews.az
