Son aylar Ermənistanda Qarabağdan köçmüş ermənilər arasında vətəndaşlıq almaq istəyənlərin sayı dəfələrlə artıb. Medianews.az bildirir ki, bunu Ermənistan Miqrasiya və Vətəndaşlıq Xidməti bəyan edib.
Rəsmi hesabata əsasən, 2025-ci ilin iyul ayına Qarabağ ermənilərindən 9346 nəfər Ermənistan vətəndaşlığı alıb.
Erməni mediasında bu tendensiya əsasən iki faktorla – gələcəyini Ermənistanla bağlayan Qarabağ ermənilərinin sayının artması və onların Ermənistanda qanuni hüquqlardan istifadə etməyə çalışması ilə izah olunur.
Qarabağ ermənilərinə işğal dövründə verilmiş Ermənistan pasportlarını Ermənistan hökuməti artıq tanımır. 070 kodlu həmin pasportlar yalnız seçkilərdə iştirak hüququnu məhdudlaşdırırdı, digər bütün hüquqlar üçün keçərli idi. İndi isə hökumət yeni qaydalar tətbiq edib. Ona görə də Ermənistanda mənzil proqramına qoşulmaq, dövlət qurumlarında, hüquq mühafizə orqanlarında işə düzəlmək istəyən Qarabağ erməniləri pasportlarını dəyişməli, əvvəlki qanunsuz sənədləri yeni, qanuni sənədlərlə əvəz etməlidirlər.
Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağ bölgəsində separatçı rejim qurulub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyanla bir araya gəlib. ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi görüşdə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar (layihənin mətninin razılaşdırıldığı martın 13-də bəyan olunmuşdu), həmçinin ATƏT sədrinə Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması barədə birgə müraciət imzalayıblar.
Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişə görə, Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər.
Toğrul Əli,
Medianews.az