Medianews.az
Enerji sektorunda azalma nə ilə bağlıdır?
226 baxış

Enerji sektorunda azalma nə ilə bağlıdır?

Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı fikirlərini də bölüşüb. Dövlət başçısı ümumi daxili məhsulun çox artmamasının neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsi ilə bağlı olduğunu bildirərək iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektoru olduğunu qeyd edib.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycanda ümumi daxili məhsul 1.3 faiz artıb: “Qeyri neft-qaz sektorunda isə artım 2,9 faiz olub. Bu o deməkdir ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımı 2 dəfə üstələyir. Bu, qeyri-neft sektorunun iqtisadi inkişafda əsas drayverə çevrilməsi deməkdir. Həmin dövrdə neft-qaz sektorunda əlavə dəyərin 1,9 faiz azalması qeydə alınıb. Göründüyü kimi, neft sektorundakı azalmaya rəğmən qeyri-neft sektoru hesabına ümumi iqtisadi artım tempi qorunub saxlanılır.

Enerji sektorundakı azalmaya gəldikdə isə, bu daha çox neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Belə ki, sözügedən dövrdə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 faiz azalıb, qaz hasilatı isə 2,8 faiz artıb. Deməli, enerji balansında da dəyişiklik müşahidə edilməkdədir və qaz hasilatı artım dinamikasını qoruyub saxlayır.

Bütün bunlar ilə yanaşı, iqtisadiyyat şaxləndirilməsi ilə bağlı islahatların dərinləşməsi daha da prioritetləşməkdədir. İqtisadiyyatın ağardılması, şəffaflığın artırılması ilə bağlı islahatlar real sektorun inkişafı üçün yeni imkanlar yaradır”.

Nailə Qasımova,
Medianews.az 

Bizə qoşulun