İtaliyanın cənubunda yerləşən Amendolara şəhərində miqrant kənd təsərrüfatı işçilərinə qarşı törədilən dəhşətli hücum ölkədə böyük rezonans doğurub.
Medianews.az xəbər verir ki, hadisə iyunun 1-də baş verib.
Məlumata görə, miqrant işçiləri daşıyan mikroavtobus yanacaqdoldurma məntəqəsində naməlum şəxslər tərəfindən yandırılıb. Hücum nəticəsində Pakistan və Əfqanıstan əsilli dörd kənd təsərrüfatı işçisi diri-diri yanaraq ölüb.
Təhlükəsizlik kameralarının görüntülərini araşdıran polis müəyyən edib ki, iki nəfər mikroavtobusa benzin tökərək onu alovlandırıb. Hücum edən şəxslərin işçilərin qaçmasının qarşısını almaq üçün avtomobilin qapılarını çöldən saxladıqları bildirilib.
Faciə zamanı İsmət, Fazal, Vasim və Safi adlı gənc miqrant işçilər həyatını itirib. Mikroavtobusda olan 35 yaşlı Tac A. isə arxa pəncərəni sındıraraq alovun içindən çıxmağa nail olub. Ağır yaralanan şəxs xəstəxanaya yerləşdirilib.
İtaliya mediasının yaydığı məlumata görə, hadisənin arxasında kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən mafiya şəbəkələrinin dayandığı ehtimal edilir. Hücum edən şəxslərin Pakistan əsilli “Capo” vasitəçiləri olduğu, qətlin isə İtaliyanın məşhur cinayətkar təşkilatı “Ndrangheta” ilə əlaqəli ola biləcəyi bildirilir.
Qeyd olunur ki, bölgədə sənədsiz miqrant işçilər çox aşağı maaş qarşılığında ağır şəraitdə çalışdırılır. İşçilərin gündəlik qazancının bəzən 45 avro olduğu, hətta nəqliyyat xərcləri adı altında onların maaşından əlavə pullar tutulduğu vurğulanır.
Xəstəxanada müalicə alan Tac A. hadisənin səbəbinin maaş tələbi ilə bağlı yaranan mübahisə olduğunu bildirib.
Onun sözlərinə görə, işçilər dəfələrlə əməkhaqlarını tələb etsələr də, müxtəlif bəhanələrlə pulları verilməyib. Tac A. hücumun digər işçilərə qorxu mesajı vermək məqsədi daşıdığını deyib.
Hadisə ilə bağlı genişmiqyaslı istintaq başladılıb.
Medianews.az