Medianews.az
Zəngəzur dəhlizi yeni mərhələdə:
185 baxış

Zəngəzur dəhlizi yeni mərhələdə: İmzalanma bitdi, hansı işlər qalır?  

ABŞ-nin dövlət katibi Marko Rubionun ardınca Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu - TRİPP layihəsi üzrə çərçivə sazişini imzalayıb.

Sənəd ilkin olaraq mayın 26-da Marko Rubionun Ermənistana səfəri zamanı paraflanmışdı. Bundan az sonra Rubio sənədi ABŞ-da imzalayaraq Ermənistana göndərib. İyunun 4-də Mirzoyan Ermənistan tərəfi adından sənədi imzalayıb. Bununla sənədin distant imzalanması prosesi başa çatıb. Mirzoyan sazişin ratifikasiya üçün hazır olduğunu bəyan edib.

TRİPP layihəsi üzrə çərçivə sazişi ratifikasiya olunandan sonra layihənin reallaşdırılması hansı mərhələyə adlayır? Bundan sonra hansı işlərin həyata keçiriləcəyi gözləniləndir?

Politoloq Oqtay Qasımov Medianews.az-a deyib ki, ABŞ dövlət katibinin Ermənistana qısamüddətli səfəri və orada imzalanan sənədlər, xüsusilə TRIPP layihəsi ilə bağlı yekun sənədin imzalanması artıq o deməkdir ki, bu layihə üzrə tərəflər arasında texniki, iqtisadi və hüquqi məsələlər həllini tapıb: “Bundan sonrakı mərhələ artıq sahədə fiziki işlərin görülməsi ilə bağlı olacaq. Həmin mərhələ isə Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkisindən sonraya təsadüf edir. Ermənistanın baş naziri Nikol Paşinyan ilin əvvəlində bəyan etmişdi ki, ilin ikinci yarısı Zəngəzur dəhlizi, yəni Tramp marşrutu ilə bağlı sahədə fiziki işlərin başlanmasına start veriləcək. Sahədəki işlərin başlanması isə layihənin həyata keçməsi üçün sonuncu addımların atılması anlamına gəlir. Söhbət ilkin mərhələdə Zəngəzur dəhlizində dəmir yolu xəttinin çəkilib işə salınmasından gedir. Gələcəkdə isə bildiyiniz kimi, bu dəhlizdən avtomobil yolunun, enerji xətlərinin, qaz və neft kəmərlərinin də keçməsi nəzərdə tutulur”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun