Medianews.az
Tək qadın komando idi -
86 baxış

Tək qadın komando idi - Təyyarə qəzasında öldü

İngiltərədə təlim uçuşu zamanı hərbi vertolyotun qəzaya uğraması nəticəsində həlak olan üç əsgərin kimliyi açıqlanıb.

Medianews.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ölənlər arasında Britaniya Kral Donanmasının yeganə qadın komandosu, 31 yaşlı dəniz zabiti Lili-Mey Fişer də var.

Qəzada həmçinin 42 yaşlı Kris Qeyson və 24 yaşlı Ouen Qrin həyatını itirib.

Hadisənin Devondakı Sourton yaxınlığında yerli vaxtla səhər saat 04:00 radələrində baş verdiyi bildirilib. Qəzaya uğrayan hərbi vertolyotun “Merlin Mk.4” modeli olduğu qeyd olunub.

Britaniya Müdafiə Naziri Con Healey həlak olan hərbçilərin Silahlı Qüvvələrin ən dəyərli üzvlərindən olduqlarını bildirib və onların ailələrinə başsağlığı verib.

Leyborist Partiyasından deputat Fred Tomas isə Lili-Mey Fişerin bir çox gənc qadın üçün ilham mənbəyi olduğunu vurğulayıb.

Britaniya mediasının məlumatına görə, Fişer 2019-cu ildə Kral Dəniz Qüvvələrinə qoşulub və çox az qadının uğurla keçə bildiyi 16 həftəlik komando hazırlığını tamamlayıb. O, həmçinin 2021-ci ildə keçirilən Avropa Yaş Qrupu Triatlon Çempionatında Böyük Britaniyanı təmsil edib.

Qəzanın səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Bununla belə, Britaniya mətbuatı hadisə zamanı əlverişsiz hava şəraitinin hökm sürdüyünü yazıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Medianews.az

 

Bizə qoşulun