Kuba hakimiyyəti ABŞ-nin mümkün işğal planından qorxaraq ölkənin müdafiəsini gücləndirməyə başlayıb.
Bu barədə CNN məlumat yayıb.
Nəşr mənbəsinə istinad edib. Mənbənin məlumatına görə, Kuba vətəndaşları artıq kütləvi şəkildə hərbi təlimlər keçirlər, ölkədə hərbi hazırlıqlar gücləndirilib və insanlar ABŞ ordusunun hücumu reallaşacağı təqdirdə partizan müharibəsinə hazırlaşdırılırlar. Ölkənin Mülki Müdafiə Agentliyi isə evlərə hərbi hücum zamanı necə hərəkət etmək barədə tövsiyələri özündə əks etdirən xüsusi "ailə bələdçisi" kitabçaları paylayıb.
CNN-nin saytında dərc olunan məqalədə o da qeyd edilib ki, kubalılar özləri də yaranmış qəribə vəziyyətə bir az qara yumorla yanaşırlar. Çünki "amerikalılar gələndə" ifadəsi və ya xəbərdarlığı artıq onlar üçün uzun müddətdir davam edən problemin - iqtisadiyyatı daha da pisləşdirən enerji blokadasının simvoluna çevrilib.
Xatırladaq ki, bu mövzu bir neçə gün öncə də gündəə gəlmişdi. Kuba xarici işlər naziri Bruno Rodrigez bu barədə "X" sosial şəbəkəsində paylaşım etmişdi.
O, ABŞ-ın Kubaya hücum edəcəyi təqdirdə hər iki tərəfin ağır itki verəcəyini vurğulayıb.
Kubanın xarici işlər naziri yazıb: "Yalnız övladlarını və ya qohumlarını müharibəyə göndərməyən siyasətçilər belə bir mərcə gedə bilərlər..."./publika.az