Gələn il üçün neft bazarına dair proqnozlar hazırkı illə müqayisədə daha aşağı qiymət tendensiyasını göstərir. Beynəlxalq enerji və maliyyə institutlarının, eləcə də aparıcı neft-qaz şirkətlərinin qiymətləndirmələri də bu istiqaməti təsdiqləyir. Bu isə sektorda mümkün ixtisarlarla bağlı hazırlıq proseslərini sürətləndirir.
Bəs neft qiymətlərinin enməsi fonunda neft sektorunda ixtisarlar gözlənilirmi?
Mövzu ilə bağlı News24.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, həm qlobal enerji bazarının trendləri, həm də Azərbaycanın neft sektorunda gözlənilən kadr siyasəti müəyyən dəyişikliklərə zəmin yaradır:
“Dünyada neft şirkətləri üçün kadr ixtisarları, əməyin optimallaşdırılması və struktur dəyişikliyi artıq adi prosesdir. ABŞ-dən tutmuş İndoneziyaya qədər bir çox şirkətlər kommersiya maraqları naminə işçi sayını azaltmaqdan çəkinmirlər. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. 2017-ci ildən bəri neft sektorunda cəmi 2 minə yaxın iş yeri ixtisar edilib ki, bu da qlobal miqyasda çox kiçik rəqəmdir. Halbuki son illər enerji sektorunda texnoloji inkişaf sürətlənib”.

Ekspertin sözlərinə görə, avtomatlaşdırılmış sistemlərin tətbiqi və innovativ həllərin yayılması nəticəsində bir çox əməliyyatlar insan əməyindən daha az asılı hala gəlib:
“Buna baxmayaraq, Azərbaycanda neft şirkətləri sosial məsuliyyət amilini nəzərə alaraq kəskin ixtisarlara getməyib. Sektor üzrə dəyişikliklər mərhələli şəkildə həyata keçiriləcək. Ştatlı işçilərin bir hissəsi tədricən işdən uzaqlaşdırılacaq. Bu, həm sosial təsirlərin minimuma endirilməsi, həm də sektorun uzunmüddətli sabitliyinin qorunması baxımından vacibdir”.
İlham Şaban əlavə edib ki, neft sənayesində son böyük ixtisarlar təxminən 9–10 il əvvəl baş vermişdi. Həmin dövrdə dünya bazarında neftin qiyməti 2–2,5 dəfə düşmüş və bu, əmək bazarına ciddi təsir göstərmişdi.
“İndi isə vəziyyətin fərqi ondadır ki, ixtisarlar təkcə qiymət enişi ilə bağlı deyil, həm də texnoloji tərəqqinin sürətlənməsi nəticəsində qaçılmaz hala gəlir. Layihələndirmə süni intellektlə daha sürətli aparılır, platformaların tikinti müddəti qısalır, qazma prosesləri effektivləşir və insansız hasilat sistemləri artıq real tətbiq mərhələsinə keçib”.