ABŞ Dövlət Departamenti farsdilli “X” hesabında İranda davam edən internet kəsintilərinə münasibət bildirib.
Medianews.az “Azad İran” kanalına istinadla xəbər verir ki, departament İranda internetin bloklanmasını cəmiyyəti nəzarətdə saxlamağa yönəlmiş məqsədyönlü siyasət kimi dəyərləndirib, islam respublikasının internetdən “xalqı susdurmaq və yoxsullaşdırmaq üçün bir vasitə” kimi istifadə etdiyini açıqlayıb.
Paylaşımda vurğulanıb ki, internetin gündəlik kəsilməsi və ya tamamilə bağlanması İran iqtisadiyyatına hər gün 37 milyon dollardan çox ziyan vurur, biznes fəaliyyətlərini iflic edir və ailələr üzərində maliyyə təzyiqini artırır.
Departament habelə bildirib ki, İran xalqı internetə çıxışdan və iqtisadi imkanlardan məhrum edildiyi halda, islam respublikasının rəsmiləri yalan məlumat paylaşmaq və hakimiyyətdə qalmaq üçün internetdən istifadə etməyə davam edirlər. Qeyd olunub ki, internetin bağlanması rəsmi Tehranın abad və şüurlu İrandan çox qorxduğunu açıq göstərir.