İyunun 22-də Böyük Britaniyanın baş naziri Kir Starmer istefaya getdiyini elan edib. Hakim Leyboristlər Partiyasında onun mümkün varisi kimi ən çox adı çəkilən siyasətçi Endrü Bernhemdir.

Medianews.az bildirir ki, Endrü Bernhem 1970-ci ildə İngiltərənin Mersisayd bölgəsinin Nyuton-le-Uillouz şəhərində fəhlə ailəsində doğulub. Liverpul Politexnik İnstitutunda ingilis dili ixtisası üzrə təhsil alıb. Gənclik illərindən Leyboristlər Partiyasına yaxın olub, siyasətlə maraqlanıb.
Əmək fəaliyyətinə jurnalist kimi başlayan Bernhem sonradan Leyboristlər Partiyasının müxtəlif strukturlarında çalışıb.
2001-ci ildə parlamentə seçilən Bernhem qısa müddətdə partiyanın aparıcı simalarından birinə çevrilib. 2007-2008-ci illərdə Xəzinədarlığın baş katibi, 2008-2009-cu illərdə mədəniyyət naziri, 2009-2010-cu illərdə səhiyyə naziri vəzifələrini tutub.
2010-cu ildə leyboristlər hakimiyyəti itirəndən sonra Bernhem müxalifətdəki əsas fiqurlardan biri olub. O, 2015-ci ildə Leyboristlər Partiyasının lideri postuna namizədliyini irəli sürsə də, partiyadaxili seçkidə Ceremi Korbinə uduzub.
2017-ci ildə parlamentdən ayrılan Bernhem Mançester meri seçilib və 2021, 2024-cü illərdəki mer seçkilərində də postunu qorumağı bacarıb.

Bernhemin mer kimi fəaliyyətində ən çox diqqət çəkən layihələrdən biri ictimai nəqliyyat sisteminin yenidən qurulması olub. O, Mançesterdə avtobus və tramvay xətlərinin vahid “Bee Network” şəbəkəsində birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Həmçinin evsizliyin azaldılması, sosial mənzil proqramlarının genişləndirilməsi və yerli özünüidarənin gücləndirilməsi istiqamətində addımlar atıb.
Koronavirus pandemiyası dövründə mərkəzi hökumətlə açıq qarşıdurmaya gedən Bernhem ölkənin şimal bölgələrinə daha çox maliyyə dəstəyi ayrılmasını tələb edib. Bu mövqe onun populyarlığını o qədər artırıb ki, Britaniya mediası Endrü Bernhemi “Şimal kralı” adlandırmağa başlayıb.
Bernhemin siyasi baxışları son illərdə “mançesterçilik” adı ilə tanınır. Bu yanaşmanın əsasında hakimiyyət səlahiyyətlərinin paytaxt Londondan regionlara ötürülməsi, yerli icmaların imkanlarının genişləndirilməsi və iqtisadi inkişafın ölkə üzrə daha balanslı bölüşdürülməsi ideyaları durur. Bernhem özünü həm biznesə açıq, həm də sosial ədalətə bağlı siyasətçi kimi təqdim edir.
Onun fikrincə, Britaniyanın problemlərinin böyük hissəsi idarəetmə sisteminin həddən artıq mərkəzləşdirilməsindən qaynaqlanır. Buna görə də Bernhem nəqliyyat, mənzil tikintisi, təhsil və kommunal xidmətlər sahələrində regionlara daha geniş səlahiyyət verilməsinə çağırır.
2026-cı ilin iyununda Makerfild dairəsindən yenidən parlamentə qayıdan Bernhem artıq təkcə regional siyasətçi deyil, ölkə siyasətinin əsas fiqurlarından biri sayılır. Bir çox müşahidəçinin fikrincə, Kir Starmerdən sonra Leyboristlər Partiyasının rəhbərliyi və baş nazir postu uğrunda yarışda məhz Bernhem qalib gələcək. Məlumatlara görə, partiyanın xeyli deputatı Bernhemə leyboristlərin ümidi kimi baxır.

Bununla belə, Bernhemi ciddi sınaq gözləyir. Britaniya iqtisadiyyatında artım tempinin zəif olması, dövlət borcunun yüksək səviyyədə qalması və seçicilərin hakim partiyaya etimadının azalması gələcək hökumətin qarşısında duran əsas problemlər sayılır.
Hazırda Britaniya siyasətində əsas sual belədir: Endrü Bernhem Kir Starmerin yerini tuta biləcəkmi?
1962-ci il təvəllüdlü Kir Starmer 2020-ci il aprelin 4-dən Leyboristlər Partiyasının lideridir. 2024-cü il iyulun 4-də parlamentin alt qanadına - İcmalar Palatasına seçkini Leyboristlər Partiyası udub, iyulun 5-də Kir Starmer baş nazir postuna oturub.
İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı birləşdirən Böyük Britaniyada kral dövlət başçısı sayılır. Hazırda III Karl (Çarlz) krallıq edir. Hökumət İcmalar Palatasına seçkinin nəticələri əsasında qurulur.
650 yerlik İcmalar Palatasında Leyboristlər Partiyasının 403, ana müxalifətin - Mühafizəkarlar Partiyasının 117, Liberal Demokrat Partiyasının 71 mandatı var. Parlamentdə bir çox başqa siyasi qüvvə və partiyasız şəxslər də yer alır.
Toğrul Əli,
Medianews.az