Niderland məsələsinə nə vaxtsa qayıdarıq, hələlik Belçikadan bəhs edək. Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ikitərəfli əlaqələrin tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. O zaman Bakıda, Qorçakovskaya küçəsi 19 ünvanında – indiki Hacı Zeynalabdin Tağıyev küçəsi 4 - Belçikanın nümayəndəliyi olub və nümayəndəliyə konsul Ayvazov rəhbərlik edib. 1918-ci ilin mayında tarixi Azərbaycan ərazilərində daşnakların və tərəfdarlarının yaratdığı sözdə “Ermənistan Demokratik Respublikası”nın 9 min kv.km-lik ərazisində isə Belçikanın hansısa nümayəndəliyinin olduğuna dair məlumata rast gəlmirik.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra isə gec də olsa, Belçika müstəqilliyimizi tanıyan ölkələrdən olub – 31 dekabr 1991-ci ildə. Amma diplomatik münasibətlər təqribən yarım il sonra başlayıb. Əslində pis başlanğıc deyil. Amma görünən budur ki, münasibətlər pis istiqamətə gedir, məhz Krallığın sayəsində.

Bu ilin martında Belçika Krallığı Parlamentinin Belçika-Ermənistan Dostluq Qrupunun rəhbəri Els Van Hoffun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda olmuşdu, saxta “soyqırım” abidəsini ziyarətdən başlamış, xeyli görüşlər keçirmişdilər, “Erməni Soyqırımı Muzey-İnstitutunda” Fəxri Qonaqlar Kitabına timsahın saxta göz yaşlarına bələnmiş qeydlərini yazmışdılar. Ondan iki həftə sonra Belçika Nümayəndələr Palatası Azərbaycan əleyhinə bədnam qətnaməni qəbul etdi. Görün Ermənistan və separatçı ermənilərlə bağlı beyinlər necə zəhərlənib, həm də erməni konyakının təsiri necə güclü olubsa, Belçika parlamentindəki qətnamənin lehinə 134 deputat səs verib, nə əleyhinə, nə də bitərəf qalan olmayıb! Ən azı Belçika və Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri gözdən pərdə asmaqdan ötrü bitərəf qala bilərdilər, onu da etməyiblər! Belə olduğu halda, deputat Elçin Mirzəbəylinin Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun fəaliyyətinin dayandırılması təklifi tamamilə məntiqəuyğun və əsaslıdır. Bundan sonra nə iş, nə qrup? Olmaz olsun o əlaqələr! Bu, Azərbaycana qarşı açıq şəkildə düşmənçilikdir, ayrı adı yoxdur!

Amma hesab etmirəm ki, ortalığı qarışdıran bu qətnamə təkcə Azərbaycan əleyhinədir, nə qədər qəribə səslənsə də, Ermənistan bundan daha çox zərər çəkə bilər, nəinki ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan. Ermənistandakı revanşistlərin, yaxud elə sülh pərdəsi arxasında gerçək simalarını gizlədib, “bəlkə də qaytardılar” xülyasına qərq olan rəsmi, qeyri-rəsmilərin hələ “ağzı isti yerdədir”. Düzdür, baş nazir Nikol Paşinyan daha realist təsir bağışlayır bu aralar. Onun “Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamamalıdır” sözləri cəsarət nümunəsi sayıla bilər. Həm də “Qarabağ hərəkatı”nın davam etməsini Ermənistan üçün fəlakət adlandırmaqla heç də yanılmır. Sitat: “Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək. Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək”. Üstəlik, deyib ki, bu, Qərbi Ermənistan, “dənizdən dənizə Ermənistan” müzakirəsini qəbul etmək deməkdir. Son nəticədə “Real Ermənistan” qurmaq, ölkəyə “kadastr sənədi” almaq xəyalı suya düşə bilər. Bütün bunları Ermənistanın avrointeqrasiya tərəfdarı olan hökumət başçısı parlament seçkilərinə ay yarım qalmış deyir...Və belə bir durumda Belçika parlamenti ortalığı qarışdıran qətnamə ortaya qoyur, bununla da Ermənistandakı revanşistləri Azərbaycanın üzərinə kıskırdır.
Brüssel Azərbaycanın dövlət müstəqilliyini tanıyır və nə vaxtsa buna şübhəsini ifadə etməyib, edə də bilməzdi. Amma ölkənin parlamenti Azərbaycanın işğala son qoymasını, ərazisində 30 ildən artıq davam edən separatizmin kökünü kəsməsini sinirə bilmir, həyasızcasına sərsəm iddiaları gündəmə gətirir. Belçikanın müstəmləkəçilik tarixindən xəbərdar olanlar bilirlər ki, Konqo və Mərkəzi Afrikada hansı oyunlardan çıxıblar, yerli xalqlara necə divan tutublar, məmləkətləri talayıblar. Bu talançılıq ermənilərin Qarabağda törətdiklərinə çox yaxındır, bəlkə də əməllərdir həm də onları birləşdirən. 1897-ci il Brüssel sərgisi çərçivəsində Tervüren bölgəsində Konqodan gətirilmiş insanlar “eksponat” kimi nümayiş etdirilib! Avropalı “demokratlar”ın belə nümunələri az deyil. Necə ki, Fransa Əlcəzairdə qətlə yetirdiklərinin kəllə sümüklərindən ibarət sərgini hələ də saxlamaqdadır.

Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları himayə edən Belçika və eyni vaxtda hücuma keçən Niderland parlamentarları Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələbi ilə çıxış ediblər. Paşinyan ermənilərin geri qayıdışını mümkün hesab etmir, heç özləri çıxıb gedən ermənilərin də qayıtmaq fikri yoxdur, amma Avropadakı oyunbazlar yenə də “qaşınmayan yerdən qan” – yaxud hay çıxarmağa cəhd göstərirlər. Ermənilərdən “maşa” sayağı istifadə edənlər çox olub, indi də Avropa ölkələri “köz götürmək” üçün onlardan yararlanmaq istəyirlər.
Paralel şəkildə Avropa İttifaqının Ermənistana əlavə missiya göndərmək qərarı da var. Nə baş verir? Heç şübhəsiz ki, bu kimi “dəstək” qərarları Ermənistanı qamarlamağa xidmət edir. Mayın 5-də İrəvanda “Avropa Siyasi Birliyi”nin 8-ci sammiti keçiriləcək. Ondan sonra isə Ermənistan-Avropa İttifaqı (Aİ) birinci sammitinin keçirilməsi planlaşdırılır. Bu ərəfədə Rusiya ilə Qərb arasında Ermənistan uğrunda mübarizənin kritik mərhələyə adladığını görməmək mümkün deyil. Moskvada, Putinlə Paşinyan arasında keçirilən görüşdən sonra Ermənistan rəhbərliyinin Rusiyadan tap qopmağa hazır olmaması Avropa paytaxtlarında, Aİ-nin “beşiyi”ndə qıcıq doğurub. Onlar belə gözləmirdilər, Paşinyanın oynamağı onları qane etmir, məhz buna görə də Ermənistana dəstək adı altında əslində Nikol Paşinyanın seçkiqabağı platformasının topasına təpik vurdu Belçika və Niderland parlamentləri.
Nikol Paşinyana Rusiya ilə ehtiyatlı münasibətini qoruyub – saxlamaq və seçkidə qalib gəlmək lazımdır bu saat. Təsadüfü deyil ki, indidən seçiləndən sonra səfər edəcək ilk ölkənin adını çəkib: Rusiya! Bu, Brüsseldə xoş qarşılana bilməzdi. Bu arada, Avropa İttifaqının hibrid təhdidlər və dezinformasiya ilə mübarizə məqsədilə Ermənistana nəzərdə tutulan 50 milyon avroluq maliyyə yardımını “müvəqqəti olaraq” dayandırması da elə-belə məsələ deyil, Paşinyana təzyiqdir. Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər nazirinə Brüsseldə məsələ ilə bağlı dəqiqləşdirmələr aparmağı tapşırıb. O, qərardan narazılığını bildirib və ayrılan vəsaitin Ermənistana daha çox lazım olduğunu deyib. Amma bunun əvəzinə, Brüssel və Niderland Ermənistanın “ağzına” iki qətnamə tullayıb.

Cəhənnəmə ki...Gora ki...Hünərləri var idi torpaqlarımız Ermənistanın işğalında olanda hansısa qətnamə qəbul edərdilər, məscidlərimizin dağıdılmasını, 4 min insanımızın yoxa çıxmasını, 1 milyon qaçqın-köçkünümüzü, Qərbi Azərbaycanda törədilən vandallığı qeyd edərdilər. Etməyiblər! Ona görə də bundan sonra bizə qarşı etdikləri ölməz Xəlil Rza Ulutürk demişkən, “Bizə vız gəliyor, vızz!”
Bunların dabbaqda gönünə bələdik, çox vaxt Azərbaycana qarşı qərəzli davranıblar, başqa münasibət də gözləmirik: işğal illərində Brüsseldə təmtəraqla qəbul etdikləri separatçı Bako Saakyan və digər terrorçular bu gün Bakıda, Ədalət Məhkəməsində aldıqları cəzanı çəkirlər. Yel qayadan heç nə aparmayacaq! Üstəlik, dövlətimiz müxtəlif səviyyələrdə Belçika və Niderland parlamentlərinə yerini göstərdi, rəsmi mövqeyini sərrast şəkildə ortaya qoydu. Qoy bu vəziyyətdə onları yenidən oda atmaq istəyənlərin cavabını Paşinyan və komandası versin! Desin ki, niyə mənim günümü qara gətirmək istəyirsiniz, mən Azərbaycanla sülhə hazırlaşıram, benzin alıram, tranzit yolla taxıl gətirirəm, niyə qoymursunuz ölüm, öldüyüm yerdə?! Yaxasına Ermənistanın sənədsiz xəritəsini asıb gəzməklə deyil, mövqeyini bildirsin! Alen Simonyan, Ararat Mirzoyan kimiləri də gizlincə “19 əsir” sərsəmləmələrini avropalılarla az danışsınlar, yoxsa bu işlərin axırı pis qurtarar!