İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri davam edir.
Görülən işlər ölkənin iqtisadi, sosial və strateji inkişaf xəritəsində yeni mərhələnin əsasını qoyub. Regionun inkişafı üçün dövlət tərəfindən planlı siyasət həyata keçirilir. Əsas məqsəd bölgələrin daha innovativ, dayanıqlı və regionda rəqabətqabiliyyətli iqtisadi zonalara çevrilməsidir.
Oxu24.com xəbər verir ki, Modern.az-ın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, strateji qərarlardan biri kimi ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsi planlaşdırılır.
Plan Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir.
Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın və regionun ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir.
