Bakı və ətraf ərazilər yaz aylarında tez-tez dumanlı hava ilə üzləşir. İlk baxışda duman sadəcə şəhərin üstünü alan boz pərdə təsiri bağışlayır. Əslində isə bu hadisə yer səthinə enmiş buluddur və əsas təhlükəsi də məhz görünüşü azaltmasıdır.
Medianews.az xəbər verir ki, rusiyalı meteoroloq, “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets də dumanın əsas praktik təhlükəsinin görünüşün qəfil pisləşməsi olduğunu deyir. Onun izahına görə, bu tip duman adətən aydın, zəif küləkli və rütubətli gecələrdə yer səthinin soyuması nəticəsində formalaşır. Tişkovets xüsusilə vurğulayır ki, belə şərait yol hərəkəti, aviasiya və yerüstü nəqliyyat üçün kritik risk yaradır.
Amma məsələ təkcə nəqliyyatla bitmir. Duman şəhər mühitində çox vaxt havadakı toz, tüstü, qaz və digər xırda hissəciklərlə birləşərək daha ağır atmosfer fonu yarada bilir. Meteroloq qeyd edir ki, ən qalın dumanlar çox vaxt sənaye zonalarında və havada çirkləndirici hissəciklərin daha çox olduğu ərazilərdə yaranır. Bu isə o deməkdir ki, problem bəzən təkcə “rütubətli hava” yox, həm də havanın keyfiyyətinin pisləşməsi ilə bağlı olur.
Belə hava şəraitində sağlamlıq riskləri daha qabarıq hiss olunur. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, açıq havanın çirklənməsi ürək-damar və tənəffüs sistemi xəstəlikləri, eləcə də bəzi xərçəng növləri ilə əlaqəlidir. Təşkilatın məlumatına görə, çirkli hava xüsusilə insult, işemik ürək xəstəliyi, xroniki obstruktiv ağciyər xəstəliyi, aşağı tənəffüs yolu infeksiyaları və ağciyər xərçəngi riskini artırır. Uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar daha həssas qrup sayılır.
Dumanlı havada nəfəs almaq bəzən niyə daha ağır gəlir sualının cavabı da məhz buradadır. Əgər hava yalnız təbii rütubət səbəbindən dumanlıdırsa, təhlükə əsasən görünüşlə bağlı olur. Amma şəhər havasında nəqliyyat qazları, yanma məhsulları və toz da çoxdursa, o zaman duman həmin çirkləndiricilərin təsiri daha hiss olunan edə bilər. Bu səbəbdən astması, bronxiti, allergiyası və ya ürək-damar problemi olan şəxslər belə günlərdə özlərini daha halsız, nəfəsini daha sıxılmış hiss edə bilərlər. Bu, meteoroloji hadisənin çirkli hava ilə üst-üstə düşməsinin yaratdığı əlavə yük kimi qiymətləndirilə bilər.
Duman yollarda isə ən səssiz təhlükələrdən biridir. Meteroloqlar xəbərdarlıq edir ki, sıx dumanla bağlı xəbərdarlıq görünüş 200 metrdən aşağı düşəndə verilir, 50 metrdən aşağı olduqda isə nəqliyyatda ciddi pozuntu yarana bilər. Tövsiyə olunur ki, sürücülər sürəti azaltsın, yaxın işıqlardan istifadə etsin, öndəki avtomobilə həddindən artıq yaxınlaşmasın və uzaq işığı yandırmasın, çünki işıq dumandan əks olunaraq “ağ divar” effekti yaradır.
Dumanın psixoloji tərəfi də az əhəmiyyətli deyil. Görünüşün azalması insanlarda gərginlik, diqqət dağınıqlığı və narahatlıq hissini artıra bilər. Şəhərin tanış mənzərəsi duman içində qeyri-müəyyənləşəndə bu, həm sürücüdə, həm də piyada hərəkət edən şəxsdə qərarverməni çətinləşdirir. Yəni duman təkcə gözlə görünən məkanı yox, insanın hiss etdiyi təhlükə səviyyəsini də dəyişir.
Məhz buna görə mütəxəssislər dumanlı havanı “sadə hava hadisəsi” kimi qiymətləndirməməyi məsləhət görür. Açıq havada uzun müddət qalmamaq, xüsusilə həssas şəxslərin ehtiyatlı davranması, ağır fiziki fəaliyyəti azaltması və yolda maksimum diqqətli olması vacibdir. Bakı kimi dumanın vaxtaşırı müşahidə olunduğu şəhərlərdə bu məsələ estetik mənzərədən daha çox, gündəlik təhlükəsizlik məsələsidir.(Yeni Sabah)
