GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) 1990-cı illərin sonunda təsis ediləndə bu dörd dövlətin maraqları üst-üstə düşürdü. Bu ittifaqı aktuallaşdıran əsas amil hər 4 ölkənin separatçı bölgələrlə mübarizəsi və Rusiya ilə gərgin münasibətləri idi. Azərbaycanı çıxmaq şərtilə digər 3 ölkə hələ də ərazi bütövlüyünü təmin etməyib, Ukrayna Rusiya ilə müharibəni davam etdirir, Moldovada Avropa Birliyinə üzvlük, bu alınmadıqda Rumıniyaya qatılmaq kimi mövzu müzakirəyə çıxarılıb. Gürcüstanın isə AB-yə üzvlük məsələsi indiki hökumətin dövründə aktuallığını itirib.
Medianews.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
“Beləliklə, GUAM əvvəlki illərdəki ittifaqa bənzəmir. Ukrayna və Gürcüstan hakimiyyətləri arasında dərin fikir ayrılıqları mövcuddur, Kişinyov da Tiflisin mövqeyindən narazıdır. Moldova Prezidenti Maya Sandu Avropa Şurası Parlament Assmbleyasında son çıxışı zamanı Rusiyanın Gürcüstanı öz orbitinə qaytardığını deyib. O, bunu Gürcüstan hökumətinin Rusiya ilə müharibə qorxusu ilə izah edib.
Aydındır ki, bu açıqlama rəsmi Tiflisin narazılığına səbəb olub. Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski Maya Sandunun açıqlamasını sərt şəkildə tənqid edib. Gürcüstanın hakim partiyasının üzvü olan Gia Volski Maya Sandunun Moldovada dəstəyinin olmadığını və bu ölkədə genişmiqayslı korrupsiyanın mövcud olduğunu bildirib.
İkinci iddia ilə işimiz yoxdur, Sandunun ölkəsində heç bir dəstəyinin olmaması iddiası isə mübahisə doğurur. Belə olsaydı, Sandu yenidən prezident seçilməzdi.
Moldova prezidentinin tənqidinə Gürcüstan parlamentinin digər vitse-spikeri Nino Tsilosani də qoşulub. Moldova və Gürcüstan siyasətçiləri arasında ittihamedici açıqlamalar iki ölkənin münasibətlərinin gərginliyindən xəbər verir. Qarşılıqlı ittihamlar GUAM-ı bir təşkilat olaraq zəiflədir. Azərbaycan bunda maraqlı deyil və ölkəmizin digər 3 ölkə ilə tərəfdaşlıq münasibətləri var. Ancaq bizdən asılı olmayan səbəblərdən təşkilata üzv digər 2 ölkə üçüncünün ünvanına sərt ittihamlar səsləndirirsə və üçüncü ölkə də onlara sərt formada cavab verirsə, bu şərtlər altında dördlü ittifaqdan danışmaq çətindir”, - politoloq qeyd edib.