“İran ətrafındakı böhran fonunda Azərbaycan səması əsas marşrut xəttinə çevrilib”. Politoloq Elçin Alıoğlu Medianews.az-a açıqlamasında belə deyib.
O bildirib ki, ABŞ və İsrailin İrana hava zərbələri nəticəsində bir çox ölkə öz hava məkanını bağlayıb: “Aviaşirkətlər marşrutları yenidən qurmaq və reysləri təhlükəsiz istiqamətə yönəltmək məcburiyyətində qalıblar. Məhz bu məqamda Azərbaycan ön plana çıxıb.
Regionda gərginliyin artdığı və məhdudiyyətlərin tətbiq edildiyi bir vaxtda Azərbaycanın hava məkanı beynəlxalq aviasiya üçün əsas işlək dəhlizə çevrilib. Əvvəllər digər marşrutlarla hərəkət edən təyyarələr indi kütləvi şəkildə Azərbaycan üzərindən uçur.
“Flightradar24” ixtisaslaşmış aviasiya monitorinqi resursunun məlumatına görə, hazırda məhz Azərbaycan istiqaməti əsas alternativ yol kimi istifadə olunur. Faktiki olaraq bu sektordakı beynəlxalq reyslərin böyük hissəsi bizim səmada cəmləşib.
Bu, adi məsələ deyil. Bu, böhran anında kimə etibar edildiyinin göstəricisidir. Azərbaycan bu gün Şərq-Qərb marşrutunda real hava qapısıdır. Ətrafda qeyri-sabitlik hökm sürdüyü bir vaxtda hərəkət məhz Bakı vasitəsilə davam edir. Bu isə artıq regional rol deyil - bu, qlobal logistika mərkəzi səviyyəsidir”.