Medianews.az
“-Ov”dan, “-yev”dən necə qurtulmalı? -
210 baxış

“-Ov”dan, “-yev”dən necə qurtulmalı? - Deputat rəyləri

Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərarın qəbulundan 33 ildən çox vaxt ötür. Milli Məclisin 2 fevral 1993-cü ildə qəbul etdiyi qərara görə, vətəndaşlar “-ov”, “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Lakin ölkədə “-ov”, “-yev” sonluqlu soyad daşıyanlar hələ də çoxdur. Hətta müstəqillik illərində doğulan xeyli Azərbaycan vətəndaşında bu cür soyad sonluqlarına rast gəlinir.

Ölkəmizdə soyad sonluqları niyə bu qədər insanda hələ də köhnə formada qalır? Bu məsələdə dövlət iradəsinin ortaya qoyulması, birbaşa inzibati yollara əl atılması effekt verə bilərmi? Məsələn, yeni doğulan uşaqlara “-ov”, “-yev” sonluqlu soyadların verilməsini yasaqlamaq mümkündürmü?

Medianews.az saytı bu suallarla Milli Məclisin deputatlarına müraciət edib.

Parlamentdə 54 saylı Mingəçevir seçki dairəsini təmsil edən Yeni Azərbaycan Partiyasının üzvü Aydın Mirzəzadə bildirib: “Hansı soyad sonluğu ilə yaşamaq bir tərəfdən insanların şəxsi seçimidir. Digər tərəfdən biz milli dövlət qurmuşuq, milli identikliyimiz formalaşıb. Bu identikliyin soyadlarda da əksini tapması yaxşı olardı. İllər keçdikcə milli sonluqlu soyad daşıyanlar artır. Amma bir dəfə oxumuşdum ki, Azərbaycan vətəndaşlarının təxminən 20 faizinin soyadı milli sonluqlarla bitir. Belə görünür ki, bu istiqamətdə maarifləndirməyə və məsələnin əhəmiyyətini izah etməyə ehtiyac var.

Soyadlarda milli sonluqların seçilməsi təşviqatı ilə paralel vətəndaşlıq şüuru, ziyalılıq, vətənpərvərlik və dünya mədəniyyətinə yiyələnmək kimi dəyərlərin də təbliğinə zərurət var.

Mənim soyadım 1992-ci ilə qədər Mirzəyev olub. Həmin dövrdə hələ parlament milli sonluqlarla bağlı qərar qəbul etməmişdi. Mən 1992-ci ilin dekabrında soyadımı Mirzəyevdən Mirzəzadəyə dəyişdim”.

26 saylı Sabunçu birinci seçki dairəsindən mandat almış Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa hesab edir ki, vətəndaşlıq vəziyyətini qeydə alan qurumlar yeni doğulan uşaqların soyadlarını milli formada yazmalıdır: “Köhnə nəslin sənədlərində oturuşmuş soyadlar onlarda müəyyən qədər mühafizəkar yanaşmanı da gücləndirib. Onlar soyadın milliləşdirilməsini sanki zəruri məsələ kimi qəbul etmirlər. Lakin vətəndaşlıq vəziyyətini qeydə alan qurumlar yeni nəsli yalnız milli soyadlarla qeydə almağa başlasa, prosesi xeyli irəli aparmaq mümkündür. Hər halda qərar var. Cəmiyyətin bu qərardan yararlanıb soyadları milliləşdirməsi indiki mənzərəni dəyişə bilər”.

27 saylı Sabunçu ikinci seçki dairəsindən seçilmiş Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə xatırladıb ki, soyad sonluqlarının milliləşdirilməsi məsələsi XX əsrin sonlarına yaxın milli azadlıq hərəkatı dövründə gündəmə gəlib: “O zaman ruslardan keçmə soyad sonluqlarından imtina ilə bağlı bir proses gedirdi. Hələ rəsmi qərar olmasa da, bir çox insan soyadından ruslara məxsus sonluğu dəyişir, “-ov”, “-yev”dən imtina edirdi. 1993-cü ilin fevralında isə bununla bağlı Milli Məclisdə qərar qəbul olundu. Həmin dövrdə soyadların dəyişdirilməsi qərarını qeydiyyat şöbələri verirdi. Ondan əvvəl icra hakimiyyətlərində fəaliyyət göstərən müvafiq komissiyalara müraciət etməklə bu dəyişikliyə nail olmaq mümkün idi. Mən də müstəqilliyimiz bərpa olunmamışdan bir qədər əvvəl, milli azadlıq hərəkatının ilk dövrlərində müraciət etmişdim və soyadımızın sonluğunu dəyişmişdik. Təəssüf ki, 1993-cü il qərarından sonra da köhnə soyadlarda qalmağa üstünlük verənlər var”.

Arzuxan Əlizadənin fikrincə, bu məsələdə əsas qərarı vətəndaşlar özləri verməlidirlər: “Məcburi mexanizmlərin tətbiqi doğru olmaz. Bəzi insanlar ata-babalarının tanındığı soyadı dəyişmək istəmirlər. Lakin nəzərə almaq lazımdır ki, həmin sonluqlar çar Rusiyası və Sovet İttifaqı dövründə formalaşıb. Onların dəyişdirilməsi milli kimliyin tanınması baxımından əhəmiyyət daşıyır. Hər kəs bu məsələnin fərqində olmalı və qərarı özü verməlidir. Təəssüf ki, hələ də köhnə soyad sonluqlarında qalmağa üstünlük verənlər var. Bu istiqamətdə maarifləndirmə mühitinin formalaşdırılmasına zərurət duyulur. Kütləvi informasiya vasitələrində mövzu gündəmdə saxlanmalı, ictimai çağırışlar edilməlidir.

Milli soyad sonluqlarına qayıtmaq olduqca vacibdir. Bu bizim milli kimliyimizə bağlı bir məsələdir. Rusiyanın əsarətində olduğumuz dövrlərin ənənələrindən uzaqlaşıb milli kimliyimizə qayıtmağımız mühüm əhəmiyyət kəsb edir. İstərdik ki, hər kəs bunun fərqində olsun”.

90 saylı Ağsu seçki dairəsindən bitərəf deputat Elçin Mirzəbəyli hesab edir ki, insanlara imperativ şəkildə soyad sonluqlarını dəyişdirmək öhdəliyi qoyula bilməz: “Bu, konstitusiyamızın prinsiplərinə də zidd olardı. Belə məsələdə məcburiyyət yox, maarifləndirmə, media, yaxud vətəndaş cəmiyyəti institutları vasitəsilə təbliğat-təşviqat aparılması yolu seçilməlidir.

Hazırda soyad sonluqlarının dəyişdirilməsi üçün rüsum da tələb olunmur. Soyadının sonluğunu dəyişən adamın buna qədər əldə etdiyi sənədlərdə, tutalım, ali təhsil haqqında diplomunda xüsusi bir dəyişikliyin edilməsinə də ehtiyac yoxdur. Yəni soyad sonluqlarının dəyişdirilməsi Azərbaycan vətəndaşları üçün əlavə hüquqi öhdəlik yaratmır. İstənilən vətəndaş asanlıqla soyadının sonluğunu dəyişdirə bilər. Çox sadə prosesdir, amma buna gedib-getməmək vətəndaşın öz öhdəsinə buraxılıb və belə də olmalıdır. Qəti tələb qoymaq olmaz ki, soyadın “-ov”, “-yev”lə bitirsə, onu mütləq dəyişməlisən. İnsanlara seçim imkanı verilməlidir. Həmin imkan verilib. Eyni zamanda seçim haqqına hörmətlə yanaşılmalı, yəni qadağa, tələb, məhdudiyyət, cərimə-filan olmamalıdır”.

Ölkədən kənara çıxanda “-ov”, “-yev” sonluqlu soyadlara görə kimlərinsə bəzən azərbaycanlıları slavyan kimi qəbul edə biləcəyi ehtimalını da yada salan Elçin Mirzəbəyli ümumiyyətlə soyad sonluqlarının milliləşdirilməsinə tərəfdar olduğunu vurğulayıb: “Öz nümunəmdə də bunu görmək mümkündür. Lakin bilirəm ki, insanların bu məsələdə fərqli arqumentləri, yanaşmaları var. Məsələn, bəziləri “-ov”, “-yev” sonluqlu soyadın onlara nəsildən-nəslə keçdiyini deyir və düşünür ki, hər hansı dəyişiklik onları sanki şəcərədən qopara bilər.

Yaxud “-zadə” sonluğunun azərbaycanlılara məxsus olmadığını deyənlər, ümumiyyətlə soyadın sonluqsuz olmasına tərəfdar çıxanlar var. Soyadlara “-bəyli”, “-xanlı” sonluqlarının əlavə olunmasına icazə verilməsini istəyənlər də az deyil. İndiki halda soyada rəsmən “-bəyli”, “-xanlı” sonluğunu əlavə etmək üçün gərək məhkəməyə üz tutasan.

Əslində, milli soyad anlayışının özü də bir müzakirə predmetidir. İstənilən qanunvericilik aktının təməlində hüquqi anlayışlar dayanmalıdır və həmin anlayışların aydın izahı olmalıdır. Biz hansı əsasla deyirik ki, tutalım, “-zadə” milli soyad sonluğudur, “-ov”, “-yev” isə milli deyil. Unutmayaq ki, “-ov”, “-yev”ə fərqli yanaşanlar, bunun slavyanlardan gəlmə olduğunu qəbul etməyənlər var.

Tarixi ənənələrimizi əsas götürsək sonluğu olmayan soyadların bizə daha çox uyğun gəldiyini düşünürəm. Hazırda Azərbaycan dilinin heç bir qaydası ilə uyuşmayan soyad sonluğunu isə “-ova”, “-yeva” sonluqları sayıram. Çünki Azərbaycan dilində, türk dil qrupunda qrammatik cins kateqoriyası – kişi, yaxud qadın cinsini bildirən şəkilçi yoxdur. Bu, əslində türk təfəkküründə kişi-qadın bərabərliyinin oturuşmasından xəbər verir, bizim bir toplum kimi qadınlara ayrı-seçkilik qoymadığımızı nümayiş etdirir. Ona görə Azərbaycan xanımlarının soyadlarındakı “-ova”, “-yeva” sonluğu bizə qəti uyğun deyil və fikrimcə, soyad sonluğundan danışdıqda hamısından təhlükəli tendensiya elə budur”.

Medianews.az xatırladır ki, soyad sonluğuna dəyişiklik Nazirlər Kabinetinin 12 may 2011-ci ildə təsdiqlədiyi “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları” edilməsini ilə tənzimlənir.

Qaydalarda bildirilir ki, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.

Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.

Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir.

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir.

Ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri başqa qeydiyyat orqanında olduqda ərizə 3 gün müddətində həmin orqana göndərilir.

Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə 3 iş günü müddətində göndərilir.

Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət etdikdə şəhadətnaməni imza etdirməklə ona təqdim edir.

Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə onların hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verir.

Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə bildiriş göndərir.

Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Rusiya İmperiyasının 1917-ci il süqutundan sonra, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub.

1920-ci il aprelin 28-də cümhuriyyət Sovet Rusiyası işğalı ilə süqut edib, Azərbaycan Sovet Sosialist Respublikası elan olunub.

1922-ci il dekabrın 22-də Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradılıb.

1989-cu il sentyabrın 23-də parlament (Ali Sovet) Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında konstitusiya qanunu qəbul edib.

1991-ci il fevralın 5-dən Azərbaycan Respublikası adına keçilib.

1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib. Oktyabrın 18-də parlamentdə dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul olunub, dekabrın 29-da həmin sənəd referendumla təsdiqlənib.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanıb.

Bizə qoşulun