Bu gün - 24 fevralda Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından 4 il ötür.
Ukrayna nüvə dövlətinə qarşı qeyri-bərabər savaşda mətanətlə savaşır və artıq geri dönməz nəticələr əldə edib. Bunu həm nikbinliklə, həm də məyusluqla demək olar.
Ukrayna işğala qarşı mübarizədə 150 minə qədər hərbçi, dinc sakin itirib, yüz minlərlə insan yaralanıb, iqtisadiyyata 600 milyard dollara qədər zərər dəyib, dolayı itkilər də elə bu qədər olar.
Həlak olan insanları geri qaytarmaq mümkün deyil, amma zamanla iqtisadiyyatı, dağılan şəhər və kəndlərdə həyatı bərpa etmək mümkündür. Ukrayna müttəfiqlərinin dəstəyi ilə bunu bacaracaq. Başlıcası ölkədən gedən milyonlarla insanı geri qaytarmaqdır, müharibədən sonra bu, Ukrayna üçün ən ciddi problemlərdən biri olacaq.
4 ildə Ukrayna xalqının, ordusunun ən böyük nailiyyəti dövləti qorumaq və möhkəmləndirməkdir. Yüz minlərlə qurbanın həyatı, sağlamlığı bahasına bu hədəfə nail olundu. Bundan sonra Ukrayna ərazilərinin bir qismi müvəqqəti işğalda qalsa belə onun dövlətçiliyi sarsılmazdır, öz inkişaf yolunu özü müəyyən edəcək.
Rusiyaya gəldikdə mübaliğəsiz demək olar ki, ağılsız işğalçı müharibə ölkəni acınacaqlı vəziyyətə salıb. Prezident Putin elan etdiyi başlıca hədəfə çatmadı, Ukrayna dövlətini ələ keçirib postsovet məkanında ağalığını rəsmiləşdirməyi bacarmadı. Baxmayaraq ki, Qərb bu işğalın qarşısında aciz vəziyyətə düşmüşdü, Ukraynaya real kömək etmədi, amma xalqın, ordunun, hakimiyyətin müqaviməti həlledici oldu və daha sonra müttəfiqlərin dəstək verməsinə şərait yaratdı.
Nüvə dövləti Rusiya indi prezident, müdafiə naziri, baş qərargah rəisi səviyyəsində Donbasda 10-15 evlik kəndlərin ələ keçirilməsi ilə "uğur hekayəsi" düzəltməyə, rus xalqını aldatmağa çalışır. Bu günə qədərki itkilər 1.2 milyon nəfərdir, onun 400 minə qədəri müharibədə ölüb, yüz minlərlə insan yaralanıb sıradan çıxıb, yaxud itkin düşüb.
Rusiya iqtisadiyyatı müharibə xərcləri də daxil hər il 250 milyard avro pul itirib, bu, 4 ildə 1 trilyon avro edir və Rusiya ÜDM-nin yarısından çoxdur.
Ölkənin strateji məhsulu - neft-qaz sənayesi satış bazarlarını itirib, başlıcası "Qazprom"un Avropada satdığı qaz 40 faizə qədər azalaraq 5-7 faizə düşüb, bu, dünyanın ən varlı və sabit bazarının itirilməsidir.
Dünyanın ən böyük neft istehsalçısı olan Rusiya indi öz neftini qaçaq yolla, bazar dəyərindən 30 faiz ucuz satır, bu, hər il on milyardlarla dollar itki deməkdir.
Rusiya dünyada “izqoy” dövlətə çevrilib, rusiyalılar sivil dünyada arzuolunmaz sayılırlar. Bir sözlə, dünyanın ən böyük ərazisinə, təbii sərvətlərinə, zəngin tarixə, mədəniyyətə, ədəbiyyata malik ölkə indi qaranlıq perspektiv içindədir, gənc nəsil ölkədən qaçır, qaça bilməyənlər Ukrayna çöllərində məhv olub gedir.
Putin rejimi ölkəni elə bir dalana salıb ki, artıq müharibədən çıxmaq Rusiyanın parçalanmasına səbəb ola bilər. Sözsüz ki, rejimin ayaqda qalması üçün faciələrlə dolu müharibədən başqa alternativ qalmayıb.
Bu duruma görə təkcə Putin hakimiyyəti məsuliyyət daşımır, dövlət hakimiyyətini ona təslim etmiş, onun imperiya, şovinist nağıllarına uymuş Rusiya xalqı da günahkardır. Bu, Rusiya üçün utanc dövrüdür, rus xalqı qardaş slavyanlara - ukraynalılara silah çəkilməsinə icazə verməməli idi. Putin rejimi bu avantüra ilə təkcə ukraynalıların yox, vaxtilə bir imperiyada olduğu bütün xalqların dəstəyini itirib. İndi nə Qafqazda, nə Mərkəzi Asiyada bu ölkəyə dost gözü ilə baxırlar, hamı öz təhlükəsizliyinin qayğısına qalmağa çalışır.
Rusiya tarixdə heç vaxt belə uduzmamışdı, Rusiya xalqı isə monqol istilasından sonra öz dövlətlərini heç vaxt belə itirməmişdilər.
Elçin Rüstəmli