“Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanması ehtimalı artıb”. Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Ankara sazişin Türkiyədə imzalanmasında maraqlıdır: “Ermənistan rəsmiləri Türkiyədə keçirilən müxtəlif konfranslarda iştirak edir, ikili görüşlərdə türkiyəli həmkarlarıyla əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Ermənistanın baş naziri Nikol Paşinyan da son açıqlamalarının birində iki ölkə arasında hərtərəfli əməkdaşlığa başlamaq üçün münbit şəraitin yetişdiyini bildirib.
Gündəmdə Türkiyə-Ermənistan sərhədinin açılması mövzusu da var. Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir. Bir neçə gün əvvəl Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısında Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ermənistanı Türkiyə–Gürcüstan–Azərbaycan formatına daxil olmağa dəvət edib. Alen Simonyan bu təklifdən məmnun qaldığını gizlətməyib. Bu gedişatı nəzərə alaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin Ankara və ya İstanbulda imzalanması hamı üçün faydalı olar”.
Nailə Qasımova,
Medianews.az