Oktyabrın 5-i Xəzər TV-nin rəsmi saytında LockBit 5.0 ransomware hücumunun izləri aşkar olunub. Saytda "System compromised" mesajı və klassik NOTE.txt ransom-note faylı yerləşdirilib.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında bildirib ki, bu hadisə yalnız texniki insident kimi qiymətləndirilə bilməz: “Məsələ əslində informasiya təhlükəsizliyi ilə milli informasiya suverenliyinin kəsişdiyi nöqtəyə işarə edir”.

E.Abbasovun sözlərinə görə, ransomware hücumları təkcə server və infrastruktur sistemlərini deyil, dövlətin informasiya etibarını və ictimai etimadı da hədəf alır: “Bu hücumlar media qurumlarının kompromit olunması, ictimai məlumat axınını manipulyasiya etmək və regionda “kiber nüfuz müharibəsi” aparmaq məqsədilə istifadə edilə bilər.
Belə hücumlar nəticəsində yaranan itkilər təkcə texniki xarakter daşımır. Burada həm də reputasiya, məlumat etibarı və strateji sabitlik kimi elementlər zərbə altına düşür.

Bu hadisə bir daha göstərir ki, milli informasiya infrastrukturu sistematik şəkildə qorunmalı, media resursları kritik aktivlər siyahısına daxil edilməlidir. Kiberhücumlar artıq hərbi-siyasi təsir vasitəsinə çevrilib və iqtisadi, reputasiya təzyiqi üçün istifadə olunur.
Ransomware ilə mübarizə yalnız texniki məsələ deyil, bu, milli təhlükəsizlik məsələsidir. Real cavab yalnız hazır insident planları, mütəmadi test olunmuş ehtiyat nüsxələr və dövlət-özəl sektor arasında koordinasiya ilə mümkündür. Əgər bu gün Xəzər TV hədəfdirsə, sabah digər media resursları və strateji informasiya sistemləri hədəf ola bilər”.

Son illər bir neçə oxşar hücum dalğasının müşahidə olunduğunu söyləyən E.Abbasov qeyd edib ki, görünür, ransomware fəaliyyətləri regionda yenidən aktivləşir: “Bu, həm hazırlıqlı insident cavabı planlarının, həm də dövlət-özəl sektor koordinasiyasının vacibliyini bir daha xatırladır”.
Qeyd edək ki, oktyabrın 5-i Xəzər TV-nin fəaliyyətə başladığı gündür. Telekanal ilk dəfə yayıma 2007-ci il oktyabrın 5-də çıxıb.
Toğrul Əli,
Medianews.az