Prezident İlham Əliyevin 11 iyul fərmanından sonra rəsmi qəzetlərin fəaliyyətində hansı dəyişikliklər baş verib?
Medianews.az xatırladır ki, 11 iyul fərmanı ilə Prezidentin İşlər İdarəsinin tabeliyində olan nəşrlərin siyahısı yenilənib, “Respublika” qəzeti və “Xalq qəzeti”nin birləşdirilməsinə, həmin qəzetin və “Bakinski raboçi” qəzetinin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsinə qərar verilib.
İyulun 18-dən “Bakinski raboçi” həftəlik qəzetə çevrilib, şənbə günləri işıq üzü görür. 1906-cı ildə yaradılan bu rusdilli qəzetin əvvəlki dövriliyi həftə 5 dəfə idi, bazar və bazar ertəsindən başqa hər gün çıxırdı.
Əsası 1990-cı ildə qoyulmuş “Respublika” qəzeti avqustun 17-dən fəaliyyətini dayandırıb. Həmin günədək qəzet həftədə 6 dəfə, bazar ertəsindən başqa hər gün nəşr olunurdu.
“Respublika”nın bir çox əməkdaşı “Xalq qəzeti”ndə işlə təmin olunub. 1919-cu ildən çıxan qəzet həftədə 6 dəfə, bazar ertəsindən başqa hər gün nəşr edilir.
Ölkənin həftədə 6 dəfə, bazar ertəsindən başqa hər gün çıxan daha bir rəsmi qəzeti var: “Azərbaycan”. Əsası 1918-ci ildə qoyulan bu qəzet Milli Məclisin orqanıdır.
Toğrul Əli,
Medianews.az