Medianews.az
Narkomaniya bəlasından qurtulmağın yolu -
1,893 baxış

Narkomaniya bəlasından qurtulmağın yolu - Psixoloq, sosioloq və təhsil ekspertinin AÇIQLAMALARI

Azərbaycanda bir il ərzində ilk dəfə narkomaniyaya mübtəla olanların sayı 1171 nəfər artıb. Bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.

Statistika 2024-cü ildəki vəziyyəti əks etdirir. Məlumata görə, həmin il 4967 nəfər narkomaniya diaqnozu ilə rəsmi qeydiyyata düşüb.

2023-cü ildə ilk dəfə narkoman kimi qeydiyyata düşənlərin sayı 3796 nəfər idi.

Ümumilikdə 2024-cü ildə Azərbaycanda 40 min 490 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub.

2023-cü ildə bu rəqəm 36 min 659 nəfər təşkil edib.

Narkomaniya ilə yanaşı 2024-cü ildə tibb müəssisələrində 2492 nəfər toksikomaniya, 7738 nəfər isə narkotiklərin epizodik qəbuluna görə qeydiyyata düşüb. Alkoqolizm və alkoqol psixozu ilə xəstəxanaya müraciət edənlərin sayı 2024-cü ildə 9578 nəfər təşkil edib.

Narkomaniyaya ilk dəfə mübtəla olanların sayındakı bu artımın əsas səbəbləri nədir? Gənclər arasında narkotik maddələrə meylin çoxalmasında sosial media və əyləncə mühitinin rolu nə qədərdir? Toksikomaniya və alkoqolizmin yayılması cəmiyyətin psixi sağlamlığına necə təsir edir?

Medianews.az-ın suallarını cavablandıran Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, son illərdə Azərbaycanda narkomaniya, toksikomaniya və alkoqolizm göstəricilərində artımın müşahidə olunması ciddi siqnaldır və bu, təkcə tibb müəssisələrinin işinə deyil, bütövlükdə cəmiyyətin sağlamlığına yönəlmiş milli problem kimi qiymətləndirilməlidir.

Psixoloqun fikrincə, ilk dəfə narkotik istifadəsinə cəlb olunanların sayındakı artımı bir neçə amillə izah etmək olar: “Bunlardan biri, bəlkə də birincisi qloballaşma və informasiya əlçatanlığıdır. Belə ki, sosial media və internet üzərindən həm narkotiklər, həm də onların “təqdimat forması” gənclərə daha asan çatır. Bu da zaman keçdikcə psixoloji cəhətdən zəif, təsir altına düşən insanları ağuşuna alır.

Başqa bir məqam əyləncə və asudə vaxtın keçirildiyi mühitdir. Heç kimə sirr deyil ki, bəzi gənclərin gecə klubları, qeyri-rəsmi toplaşma yerlərində təzyiq və təsir altında bu vasitələrlə tanış olması riski artır. Başqa bir məqam psixoloji səbəblərdir. Belə ki, stress, depressiya, boşluq hissi, ailədaxili münasibətlərdə gərginlik və gənclərin özünüifadə imkanlarının məhdudluğu onları riskli davranışlara sürükləyə bilir. Biz buraya həmçinin mədəni və sosial faktorları daxil edə bilərik. Etiraf edək ki, bəzi gənclərin narkotiki və ya alkoqolu “azadlıq”, “müasirlik” və ya “özünütəsdiq” forması kimi qəbul etməsi yanlış, amma təsirli motivasiya mexanizminə çevrilir”.

E.Rüstəmov qeyd edib ki, sosial media bu prosesdə bir tərəfdən maarifləndirici platforma rolunu oynayır, digər tərəfdən isə risklərin artmasına səbəb olur: “Çünki gənclərə narkotik istifadəsinin romantikləşdirilmiş, bəzən “zərərsiz” kimi təqdim olunan görüntüləri təqdim edilir. Eləcə də onlayn tanışlıqlar, təsirli vizuallar və musiqi kliplərindəki subliminal mesajlar narkotikə marağı artırır. Bəzən də sosial şəbəkələrdə “qəhrəmanlaşdırılmış” neqativ davranış modelləri normal həyat tərzi kimi qələmə verilir. Bütün bunlar isə şübhəsiz ki, zərərli vərdişə meyli tətikləyir.

Başqa bir asılılıq formaları olan toksikomaniya və alkoqolizm tendensiyasının genişlənməsi cəmiyyətin psixi sağlamlığına bir neçə istiqamətdə mənfi təsir göstərir. Əsas zərbə şübhəsiz ki, ailə institutuna dəyir. Çünki asılılıq ailədaxili münaqişələri, boşanmaları və valideyn-uşaq münasibətlərinin zəifləməsini artırır. Həmçinin ictimai təhlükəsizliyi təhdid edir. Heç kimə sirr deyil ki, narkotik və alkoqol asılılığı bəzən cinayətlərin artmasına zəmin yaradır. Bütün bunlar isə psixi sağlamlıq üçün ciddi təhlükələr yaradır. Ona görə də depressiya, intihar, şəxsiyyət pozuntuları və aqressiv davranışların yüksəlməsi müşahidə olunur.

Bütün bunlar eyni zamanda iqtisadi itkilərə gətirib çıxarır. İnsanlar bu problem səbəbilə iş qabiliyyətini, sosial resurslarını və böyük maliyyə vəsaitlərini itirirlər. Yəni narkomaniya və alkoqolizm təkcə fərdi deyil, milli təhlükəsizlik və sosial rifah məsələsidir. Burada əsas yanaşma yalnız cəza və nəzarət mexanizmləri ilə məhdudlaşmamalıdır. Maarifləndirmə, psixoloji dəstək proqramları, məktəblərdə və universitetlərdə preventiv təhsilin həyata keçirilməsi, valideynlərin rolunun, gənclərə sağlam alternativlərin, idman, incəsənət, könüllülük fəaliyyətlərinin təşviqi mütləqdir”.

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib ki, son illərin rəsmi statistikasında qeydiyyatda olan narkomanların sayının ildən-ilə 10-15 faiz artması narkomaniya bəlasının getdikcə kütləviləşməsi deməkdir: “Üstəlik, onu da unutmayaq ki, real rəqəm rəsmi statistikada olandan qat-qat yüksəkdir. Narkotik istifadəçilərinin çoxu heç də rəsmi qeydiyyata düşmür. Ya özləri, ya da ailələri bunda maraqlı olmurlar. Rəsmi rəqəm 40 mindir, amma bəzi ekspertlər real sayın 300-400 min civarında olduğunu söyləyirlər. Təsəvvür edin ki, necə ağır, faciəvi bir vəziyyətdir.

Narkotikə qurşanmada müxtəlif faktorların təsiri var. Birinci səbəb iqtisadi-sosial vəziyyətdir. Yəni işsizlik, yoxsulluq, gənclərin evsizlik səbəbindən ailə qura bilməməsi, asudə vaxtı təşkil etmək, pul qazanmaq, normal yaşamaq imkanlarından məhrum qalması... Bütün bu yorucu, ağır problemlər onları depressiv, əsəbi vəziyyətə salır. Nəticədə bəziləri vəziyyəti narkotik maddələrlə ötüşdürməyə çalışır, sanki çıxış yolunu belə görür. Bu, alkoqolizmə də aiddir. Bir çoxları həmin problemləri alkoqol vasitəsilə unutmaq istəyir.

İkinci səbəb mənəvi deqradasiyadır. Burada artıq sosial məqamlar yoxdur. Maddi, sosial imkanları normal, hətta yüksək vəziyyətdə olanlar mənəvi deqradasiyaya uğraya bilərlər. Belələrinin faktiki heç bir sosial problemi yoxdur. Sadəcə daha çox həzz almaq, daha rəngarəng əyləncələrdə iştirak etmək, onların düşüncəsinə görə, daha müasir görünmək üçün bahalı narkotik vasitələrə üstünlük verirlər. Son vaxtlar kimyəvi narkotiklərdən istifadə çoxalır. Kimyəvi narkotiklər isə narkotik vasitə sayılan bitkilərdən yüz dəfələrlə daha qorxulu, təhlükəli, daha dəhşətlidir. Onlara qurşananların bəlkə heç 1 faizinin də geri dönüşü yoxdur. Bu maddələr insanı dəhşətli dərəcədə zombiləşdirir, vəhşiləşdirir, insanlıqdan çıxarır. Təəssüflər olsun ki, kimyəvi narkotiklərin qara bazardakı qiymətləri də son dərəcə ucuzlaşıb, daha əlçatan olub”.

E.Bayramlının fikrincə, bu iki ciddi səbəb – mənəvi deqradasiya və sosial problemlər gənclərimizdə narkomaniyaya meyli çoxaldır: “Daxili İşlər Nazirliyi son illər narkomaniyaya qarşı böyük kampaniyalar aparıb. Narkotik maddələrin satışı ilə məşğul olan yüzlərlə şəxs tutulub, tonlarla narkotik maddə ələ keçirilərək məhv edilib. Amma yenə də narkotikdən istifadə azalmır. Çox maraqlıdır, əvvəllər deyirdik narkotiklər xarici ölkələrdən gətirilir. İndi quru sərhədlər bağlıdır, təyyarə ilə də bunu gətirmək mümkün deyil. Belə çıxır ki, çox iri həcmdə narkotik vasitələr ölkənin daxilində hazırlanıb dövriyyəyə buraxılır. Yaxşı olar ki, müvafiq orqanlar bu sahədə mübarizəni daha da gücləndirsinlər, genişləndirsinlər. İri miqyasda kampaniyalar həyata keçirilməlidir. Narkomaniya insanı məhvə aparan, gələcəyi tar-mar edən qorxunc bir düşməndir. Hətta bir nömrəli düşməndir. Gənclərimizin sağlamlığını, psixologiyasını, gələcəyini, şüurunu sıradan çıxarır. Bununla mübarizə təkcə Daxili İşlər Nazirliyinin işi olmamalıdır. Bütün aidiyyəti dövlət orqanları, qeyri-hökumət təşkilatları, vətəndaş institutları, kütləvi informasiya vasitələri - hamı bu məsələdə səfərbər olmalıdır. Son vaxtlar görürük, bəziləri o qədər harınlaşıb ki, açıq-aşkar narkotik satışı ilə məşğul olur. Uşaqları tora salırlar, bəzən yeniyetmələrə qəsdən əvvəlcə pulsuz təklif edirlər ki, onlarda aludəçilik yaradıb, sonra pulla sata bilsinlər. Əlçatanlıq yüksək, qiymətlər aşağı. Yetərincə təbliğat da gedir. Müxtəlif onlayn platformalarda – “TikTok”da, “İnstaqram”da, “Teleqram”da və başqa sosial şəbəkələrdə hərdən narkotikin açıq reklamına rast gəlmək mümkündür”.

E.Bayramlı hesab edir ki, problem iki istiqamətdə həll olunmalıdır: “Həm gənclərin məşğuliyyəti, asudə vaxtlarının təşkili sistemə salınmalıdır. Sovet dövründə necə idi: yeniyetmələr, gənclər üçün saysız-hesabsız idman, yaradıcılıq kursları, məktəblər, ixtiraçılıq klubları, şahmat, futbol məktəbləri və başqa sistemlər, dərnəklər var idi. İndi onların çoxu məhv olub gedib. Qalanları isə ödənişlidir. Əksər insanların uşaqlarını ora yönəltməyə imkanı çatmır. Nəticədə uşaqlar nəzarətsiz, boş qalırlar. Bununla da müxtəlif mənfi təsirlərə düşürlər. Dövlət yeniyetmələri, gəncləri asudə vaxtlarını sağlam keçirə bilmələri üçün çoxlu sayda ödənişsiz idman, yaradıcılıq, əl işləri mərkəzləri, klubları, dərnəkləri ilə təmin etməli, müxtəlif yarışlar keçirməlidir.

Digər tərəfdən müasirlik adı altında zərərli əyləncələrin təbliğatının qarşısı alınmalıdır. Gənclərə davamlı şəkildə “kef elə”, “əylən”, “yaşa”, “zövq al” kimi subliminal mesajlar ötürülür, belə bir düşüncə təbliğatla şüur altına yeridilir. Bunların qarşısı alınmalıdır, nəzarət güclənməlidir. Narkotik dövriyyəsinə ictimai nəzarət olmalıdır. Məsələn, anonim məlumat vermə sistemi qurulmalıdır. Məlumat alınan kimi təcili tədbir görülməlidir. Dövlət və cəmiyyət olaraq əl-ələ verib bu problemi həll etməsək bizim sağlam gələcəkdən, cəmiyyətdən danışmağa haqqımız çatmaz”.

Medianews.az məktəblərdə və ali təhsil müəssisələrində narkomaniya ilə bağlı profilaktik işlərin hansı səviyyədə aparıldığı ilə də maraqlanıb. Uşaqlar və yeniyetmələr arasında narkotik istifadəsinin qarşısını almaq üçün hansı tədris və tərbiyə metodları effektiv ola bilər?

Saytın bununla bağlı sorğusunu təhsil eksperti Kamran Əsədov cavablandırıb.

K.Əsədov da öncə vurğulayıb ki, Azərbaycanda narkomaniya ilə bağlı statistik göstəricilərin artması cəmiyyət üçün ciddi həyəcan siqnalıdır. Onun fikrincə, bu artımın qarşısının alınmasında təhsil müəssisələrinin profilaktik funksiyası xüsusi əhəmiyyət kəsb edir: “2024-cü ildə narkomaniya diaqnozu ilə rəsmi qeydiyyata alınanların sayı 4967 nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 1171 nəfər çoxdur. Ümumilikdə isə ölkədə 40 min 490 nəfərin tibb müəssisələrində rəsmən qeydiyyatda olması sosial təhlükənin miqyasını göstərir. “Təhsil haqqında” qanunun 13-cü maddəsində “təhsilalanların sağlamlığına ziyan vura biləcək halların qarşısının alınması” dövlətin vəzifəsi kimi qeyd olunur. Bundan əlavə, “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsində açıq şəkildə bildirilir ki, uşaqların zərərli vərdişlərdən qorunması dövlət və cəmiyyətin birgə məsuliyyətidir. Bu hüquqi baza profilaktik tədbirlərin məktəblərdə və ali təhsil müəssisələrində sistemli şəkildə aparılmasının zəruriliyini sübut edir.

Məktəblərdə hazırda müxtəlif profilaktik tədbirlər təşkil edilir. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə son illərdə “Sağlam təhsil – sağlam millət” layihəsi çərçivəsində bir sıra məktəblərdə sağlam həyat tərzi proqramları tətbiq olunub, şagirdlər üçün xüsusi dərs saatları və maarifləndirici tədbirlər keçirilib. Bu, müsbət addım kimi qiymətləndirilməlidir, çünki dövlətin bu sahədə məsuliyyətini nümayiş etdirir. Lakin praktiki nəticələr göstərir ki, tədbirlər çox vaxt kampaniya xarakteri daşıyır, davamlılıq təmin olunmur və şagirdlərin gündəlik davranış vərdişlərinə təsiri məhdud qalır”.

K.Əsədovun fikrincə, müsbət tərəf ondan ibarətdir ki, məktəblərdə psixoloji xidmətlərin şəbəkəsi genişlənməkdədir və bu, erkən mərhələdə riskli davranışların qarşısını almağa imkan verir: “Nazirliyin yeni kadr siyasəti nəticəsində məktəb psixoloqlarının sayı artıb, bu isə potensial risk qruplarını müəyyənləşdirmək üçün mühüm addımdır. Lakin mənfi tərəfi odur ki, psixoloqların iş yükü həddindən artıqdır və onların fəaliyyəti çox vaxt formal hesabatlarla məhdudlaşır. Bununla yanaşı, ali təhsil müəssisələrində tələbə gənclər təşkilatlarının narkomaniya ilə bağlı maarifləndirici seminarları əhəmiyyətli olsa da, tədris prosesinə inteqrasiya olunmadığı üçün tələbələrin davranış mədəniyyətinə dərin təsir göstərmir”.

Dünya təcrübəsinə istinad edən K.Əsədov bildirib ki, narkomaniyanın qarşısının alınmasında əsas effektli yanaşma sosial-emosional bacarıqların öyrədilməsi və dərsdənkənar fəaliyyətlərin gücləndirilməsidir: “Finlandiya, Norveç və İsveçdə bu məqsədlə məktəblərdə “həyat bacarıqları” proqramları tətbiq olunur. Burada şagirdlər yalnız narkotiklərin zərərləri haqqında məlumat almır, həm də “yox deməyi bacarmaq”, qrup təzyiqinə qarşı durmaq, streslə mübarizə və sağlam alternativlər seçmək kimi sosial bacarıqlar öyrənirlər. ABŞ-da həmyaşıd təlimçilər modeli tətbiq edilir, yəni gənclərin öz yaşıdlarına təsir gücündən istifadə olunur. Bu təcrübələr göstərir ki, profilaktikanın uğuru yalnız maarifləndirici söhbətlərdən deyil, həyat tərzinin dəyişdirilməsinə yönəlmiş praktik fəaliyyətlərdən asılıdır”.

K.Əsədov qeyd edib ki, Azərbaycanda da bu yanaşmaların tətbiqi mümkündür: “Məsələn, məktəblərdə idman, incəsənət və könüllülük fəaliyyətlərinin genişləndirilməsi gənclərin asudə vaxtlarını səmərəli təşkil edərək narkotiklərə marağın azalmasına səbəb ola bilər. Təhsil proqramlarına həyat bacarıqları mövzularının daxil edilməsi isə şagirdlərin davranışlarını köklü şəkildə dəyişə bilər. Əgər bu tədbirlər sistemli şəkildə həyata keçirilərsə, növbəti illərdə statistikanın azalması real olar. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin indiyədək atdığı addımlar müsbət qiymətləndirilməlidir. Nazirliyin sağlam həyat tərzinin təbliği, psixoloji xidmətlərin artırılması və məktəblərdə maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətindəki fəaliyyəti dövlətin məsuliyyətli mövqeyini göstərir. Lakin dəyişməli olan əsas məsələ tədbirlərin davamlılığı, müasir pedaqoji metodların tətbiqi və beynəlxalq təcrübənin adaptasiyasıdır. Bu dəyişikliklər həyata keçirildiyi halda, təhsil müəssisələri narkomaniya ilə mübarizədə təkcə maarifləndirmə mərkəzi deyil, həm də real sosial təsir gücünə malik olacaq. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər gələcəkdə daha sistemli xarakter alarsa, gənc nəslin sağlam böyüməsinə mühüm töhfə veriləcək”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.

Bizə qoşulun